Ruslar Avropanın əbədi problemidir! – “Putinin Qərbi sıxmaqdan başqa çarəsi yoxdur”

Ruslar və avropalılar arasında münasibətlər həmişə mürəkkəb olub. Rusiya kimsəyə etibar etməyən ölkədir və bunun çox sadə izahı var. Rusiya ərazisinə 18-ci əsrdə İsveç, 19-cu əsrdə Fransa, 20-ci əsrdə isə iki dəfə Almaniya soxulmuşdu. Bunlar adi basqınlar deyildi, onların başlıca məqsədləri bu ölkə üzərində əbədi hökmranlıq bərqərar etmək idi. Elə ona görə də Rusiya qorxmuş “vəhşidir” və onun geosiyasət haqqında çox pis xatirələri var. Həmin xatirələr Rusiyanı daha təhlükəli hala gətirir.

Əgər müasir Rusiyanı anlamaq istəyiriksə, gərək dünyaya Prezident Vladimir Putinin gözüylə baxaq. Putin Sovet İttifaqının dağılmasını tarixi fəlakət hesab edir, həm də burada söhbət heç də kommunizmin süqutundan yox, SSRİ-nin parçalara ayrılmasından gedir. Sovet İttifaqının yerləşdiyi əraziləri əslində lap əvvəldən rus çarları formalaşdırmışdı. Bu torpaqlar Rusiya imperiyasını yadelli işğalçılardan qoruyan həyatı vacib məkanlardı.

Moskva ilə Berlin arasındakı ərazinin relyefinə diqqət yetirsək, onda rusların qorxusunun səbəbini başa düşərik. Buralar ölkənin mövcudluğunu təhlükəyə ata biləcək böyük düzənlikdir – düşmən orduları təbii maneə ilə qarşılaşmadan çox asanlıqla Rusiyaya doğru irəliləyə bilər. Bəli, haqqında danışdığımız coğrafi xüsusiyyət avropalıların ölkəyə necə girə biləcəyini izah edir.

Sovet İttifaqının çökməsi Avropa ilə Moskva arasındakı bufer zonanı ortadan qaldırdı. Belə ki, Belarus, Ukrayna, Moldova və digər ətraf ərazilər müstəqillik qazandılar, Rusiya sərhədləri kəskin şəkildə şərqə tərəf sürüşdü.

SSRİ-nin dağılmasını dayandırmaqdan ötrü nə isə etmək mümkün deyildi. Rusiya özünün baş tutmayan uğursuz iqtisadi sisteminin və nəhəng sənaye dövləti ABŞ-la müharibəyə hazırlıq yolunda bütün resurslarını sərf etməsinin “məhsulunu yığırdı”.

Lakin avropalılar və amerikalılar Sovet İttifaqı və onun təsir sferası sayılan regiona nəzarət etməsəydilər, Moskva belə bir itki ilə yaşaya bilərdi. Əgər bu ölkələrin hökumətləri Rusiyaya tərəf söykənsəydilər və heç olmazsa, neytral qalsaydılar, onda hətta bufer zona da yaratmaq olardı.

Ancaq mümkün olmayan baş verdi: sovetlərin peyklərinin əksəriyyəti Qərb blokuna yönəldilər və onlar NATO-ya və Avropa Birliyinə daxil oldular. İndi NATO-ya üzv olan Polşa, Slovakiya, Sloveniya, Çexiya, Macarıstan, Rumınya və Bolqarıstan əvvəllər “dəmir pərdə” adlanan sovet təsir sferasındaydılar.

Berlin divarının yıxılmasından sonrakı 20 il ərzində NATO ilə Moskva arasındakı sərhəd min kilometrə kimi yaxınlaşıb. Putin onun ölkəsini Qərb blokundan ayıran məkanın həyati əhəmiyyətini yaxşı dərk edir və ona görə də heç zaman Ukraynanın Avropa Birliyinə girməsinə imkan verməz.

Çox güman ki, Putinin planında Ukraynanın böyük hissəsinin zəbt edilməsi var. Rusiya KİV-lərində mütəmadi şəkildə “Ukraynanın qaytarılması” barəsində danışırlar. Hətta Vladimir Putin özü iyul ayında bu səpgidə məqalə də yazıb.

Qərbin zəifliyinin üzə çıxması Rusiyanı daha cürətkar hərbi təlimlər keçirməyə sövq edir. Məsələn, Qərbin zəifliyi deyəndə, Amerikanın Əfqanıstandan təşkilatsız formada çıxması da nəzərdə tutulur. Qərb ölkələri özləri üçün aydınlaşdırmalıdılar ki, ruslar yalnız güc dilindən anlayırlar, onlarla yumşaq tərzdə danışmaq mənasızdır.

Bunun sübutu da var. Aprel ayında Polşadan regiona ABŞ Hərbi Hava Qüvvələrinin nüvə başlıqlı mərmilər daşıya bilən qırıcı eskadrilyası gələndən sonra ruslar tezliklə qoşunlarını sərhəddən uzaqlaşdırdılar.

Bu gün Ukrayna ilə yanaşı Rusiya üçün daha iki vacib region da var. Burada söhbət əhalisinin əksəriyyəti ruslardan ibarət olan Moldavanın Dnestryanı bölgəsindən və Belarusdan gedir. Moskva Dnestryanıda artıq çoxdandır ki, potensial ilhaq siyasəti yürüdür, oradakı ruslar isə bu işə yalnız kömək göstərirlər. Dnestryanıda bu məsələ ilə əlaqədar referendum da keçirilib və əksəriyyət Rusiya Federasiyasına birləşmək istədiklərini ifadə ediblər.

O ki qaldı Belarusa, Putin diktator Lukaşenkonun tərəfindədir və bunu hiss etmək çətin deyil. Belarus kasıb ölkədir və Putinlə razılaşdırmadan Avropa Birliyi ilə bu cür qarşıdurmaya getməyə cürət etməz.

Rusiya hesab edir ki, Qərb bufer zonanın neytrallığı ilə bağlı yazılmamış müqaviləni pozur. Rusiya iqtisadiyyatının son illərdəki kəskin düşüşü münasibətləri pisləşdirən amillərdəndir. Yaranmış belə bir vəziyyətdə Putinə hakimiyyətdə qalmaq üçün alternativ yollar lazımdır. Putinin Qərbi sıxmaqdan başqa çarəsi yoxdur, necə ki, keçmişdə çarlar da bu cür ediblər. Bundan başqa, Putin anlayır ki, dayanmaq olmaz, çünki onun üçün hakimiyyətdən sakitcə getmək qətiyyən mümkün deyil.

Deməli, ən mühüm məsələ belə bir şəraitdə Avropa və ABŞ-ın nə etməsidir. Avropa Birliyi və ABŞ arasındakı münasibət Rusiyanın önünün kəsilməsində vacib rol oynamalıdır. Biz bilirik ki, Avropa Birliyinin ticarət məsələlərindən başqa ümumi xarici siyasəti yoxdur.

Avropa yekdillik nümayş etdirməyincə, onun Rusiyaya qarşı istənilən cavabı rusların xeyrinə olacaq, çünki ABŞ və NATO Moskvanın əbədi problemlərinə qarşı konkret tədbirlər görə bilməz.

NATO Avropa Birliyi ilə razılaşdırılmadan heç bir tədbirə əl atmayacaq. Digər problem ondadır ki, Avropa Birliyi iqtisadiyyata neqativ təsir göstərə biləcək istənilən məsələyə mənfi yanaşır.

Avropanın “Ryanair” təyyarəsi ilə bağlı Belarusda baş verən hadisədən və ya Krımdakı vəziyyətdən qəzəbləndiyi görünsə də, Rusiya ilə hərbi və iqtisadi sferada birbaşa qarşıdurmaya getməyib. Unutmayaq ki, Almaniya daxil olmaqla, regionun bir çox ölkəsi Rusiya qazından asılıdır.

Avropa Birliyindəki fikir ayrılığı, əlaqəsizlik və maraqların üst-üstə düşməməsi NATO-nun bu məkanda istədiyi fəaliyyəti göstərməsinə mane olur. Əgər belə bir vəziyyət irəlidə də qalacaqsa, onda ABŞ yalnız təkbaşına hərəkət edə bilər. Bu isə xeyli vaxt tələb edir və həm də ki, amerikalıların inadkarlığını azaldır.

Belə olan təqdirdə Qərbin artan zəifliyi fonunda ruslar özlərini daha inamlı hiss edəcəklər.

(“Observador”-Portuqaliya)

Tərcümə “AzPolitika”nındır

Hamısını Göstər

Related Articles

Back to top button