Ruslar geri çəkilir, türk ordusu əməliyyata başlayır
Ərdoğan bir neçə dəqiqə öncə açıqladı: Türkiyə ordusu Tel-Rıfat və Menbiç bölgələrini PKK terrorçularından təmizləmək üçün əməliyyata başlayır.
Bu barədə fikirlərini Axar.az-la bölüşən siyasi şərhçi Ruslan Bəşirli bildirib ki, Tel-Rıfat bölgəsi Türkiyənin nəzarətində olan “Fərat qalxanı” bölgəsi ilə Afrin bölgəsinin arasındadır.
“Türkiyə Afrin əməliyyatı zamanı bu bölgəni də terrorçulardan təmizləmək istəyirdi, lakin ruslar mane oldular. Hazırda Tel-Rıfatda PKK/YPG terrorçuları ilə birgə rus hərbçiləri də var. Çox böyük ehtimalla rus hərbçiləri Tel-Rıfatı tərk edəcəklər.
Əməliyyatın əsas hissəsi Menbiç uğrunda olacaq. Fərat çayının şərqində yerləşən Menbiçin strateji mövqeyi var. Suriyanın əsas su anbarları məhz bu bölgədə yerləşir. Türkiyə buranı azad etməklə su ehtiyatlarına da nəzarəti ələ alacaq. Hazırda Menbiçdə PKK terrorçuları ilə birgə onlara dəstək verən ABŞ hərbi birləşmələri də var. Eyni zamanda bu bölgədə ABŞ-ın bir neçə hərbi bazası mövcuddur. Türkiyənin əməliyyatı an məsələsidir və ABŞ-ın bölgədən çəkilməkdən başqa yolu yoxdur. Ehtimal edə bilərik ki, Türkiyə ilə ABŞ arasında amerikan əsgərlərinin geri çəkilməsi ilə bağlı bir razılaşma da olub”, – R.Bəşirli qeyd edib.