Şəmsəddin Əliyev – Mənim həyat hekayətlərim (I hissə)

Əziz oxucular! Azərbaycan dövrü mətbuatında hüquqşünas-publisist Şəmsəddin Əliyevin hüquq sahələrinə aid 100-dən çox akademik məqalələri, esseləri, ekspert kim rəy və təklifləri, 44 günlük vətən müharibəsi dövründə Azərbaycan ordusunun qüdrət və qəhrəmanlığını, qorxmaz döyüşçülərimizin şücaət və fədakarlığını, vətənə sədaqət uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin qanlı tarixini vəsf edən yazıları ilə tanışsınız. Şəmsəddin Əliyevin bu dəfə, bioqrafik publisistikaya aid ”Mənim həyat hekayələrim” kitabı sizə hissə-hissə təqdim olunacaq.Buyurun, oxuyun!

AYB-nin üzvü Ş.Əliyev birinci vətən müharibəsinin iştirakçısı-komandiri, DİN-nin istefada olan yüksək rütbəli zabiti, veteranı və şəhid atasıdır.O, hüquq sahəsinə aid iki kitabın və altı 60-70 səhifəlik kitabçaların, habelə üç publisistik kitabların və 850 səhifədən ibarət”H.Əliyev və Azərbaycan Respublikasının Hüquq-Mühafizə orqanları” kitabının müəllifidir. Ş.Əliyevə yaradıcılıq uğurları ilə…                                                                                                                                                                   

MƏNİM  HƏYAT HEKAYƏLƏRİM       

bioqrafik publisistika

Ön söz

Məni bir kitab kimi oxumaq istəyən əziz oxucular!

Bu kiçik əsərdə həyatımla bağlı gerçək hekayələrdən danışıram. Qeyd edə bilmədiyim xatirələr də var. Bəzi əhvalatlar sanki su üzərində yazıldığından ömrü qısa olmuş, məcrasından çıxan çay kimi üzü aşağı, lakin hara axdığını unutmuşam. Unutduqlarım itirdiklərimdir, təəssüflənirəm…

Ömür tariximin dərinliklərinə doğru çaşa və yaxud, aza biləcəyim bir yola çıxıram. İqtidar qovğaları, qarşılıqsız hörmət və şəxsi ambisiyaların cövlan etdiyi bir dövrə, yaşadığım günlərə boylananda həyatımla bağlı üzücü olayları bir daha yaşamalı oluram… Valideyn itkisi, heç kimə, hətta Əzrayıla da arzulamadığım övlad dağı, daha nələr və nələr…

Məni və kimliyimi sizə təqdim edəcəyim sətirlərlərdə görə bilərsiniz.

Yaddaşıma daha çox “daş üzərində həkk olunan” xatirələrimi qeyd etmişəm. Ömür tariximin oxunmayan tər və kövrək sətirlərini könlümün arzusu ilə yazmağı borc sanıb, bəlli həyatımın gerçək hekayətlərini ədəbi dillə ifadə etməyə çalışmışam.

Hadisələrin xronoloji ardıcıllığına sadiq qala bilməməyim də mümkündür.

Həyatı axar suya bənzətdiyimdən, dünyanın da su kimi axdığının qənaətində olmuşam. Suyun rəngi olmaz deyirlər. Su içində olduğu qabın rəngini alar. Dünya da hər birimizin gördüyü və təsəvvür etdiyimiz, xoşladığımız rəng hansıdırsa-yaşıl, qırmızı və yaxud qara- o rəngdədir.

İnşəallah çətinliklə ərsəyə gətirdiyim bu kitab, könlünüzdə su kimi axıb yuvasını tapacaq. İllər yel kimi ötdüyündən, vaxtın da cilovunu dartıb saxlaya bilmədim. Bu 70 il ərzində həyatımı gerçək hekayələrlə gəzib-dolaşmağım bir göz qırpımında baş verdi, amma dünyanın dəyərini ölçmək mənə nəsib olmadı, qismətim deyilmiş. Bir nəsnə tapa bilməyəndə “heyhat”-deyib dayandım.

Bu illər ərzində zəngin həyat yaşayanlara həsrət çəkənləri qınamışam. Onların başı üstündə Demokl qılıncının at tükündən necə asıldığını görmədilər…

İlahi rəvayətlərdən oxumuşam ki, “ həsrət”çəkənlərə “aşiqlər” deyərlərmiş, rahat həyat axtaranları “şagirdlər”adlandırarlarmış. Aşiqlər eşqi öyrənməyə mail, şagirdlər isə öyrənməyə cani-qəlbdən aşiq olanlarmış. Xoş olsun oxumaq və öyrənmək istəyənlərin halına!

Doğulduğum doğma kəndimdən ayrıldığım bir neçə onilliklərin bihudə getmədiyinə görə rahatam.Yazmaq eşqi ilə çalışdım və eşq ilə çalışmağı öyrənməyə başladım. Öyrəndimmi?-deyə bilmərəm. Öyrənmək istədim, amma öyrədənlərdən ola bilmədiyimi də özümə dərd etdim.

Bəzən xatirələrimin donduğu anlarda mən də yerimdə addımlamışam.

İnsanın insanla dostluğuna həmişə dəyər vermişəm. Amma, “Ya Rəbbim, məni dostlarımdan qoru, düşmənlərimdən özüm qorunaram!”-müdrik kəlama rast gəldikdə, heyvanla dostluq edənlərə “afərin”-dedim. İnsanın heyvanla dostluğu “incə” bir dostluqmuş. “Vəfalı at”, “Vəfalı it” vəfalı dostlar kimi dillər əzbəri oldu.

70 il ərzində bu qoca dünyanın itin it qəlbinə bağlandığını da gördüm. Heyvanın dünyadan vəfalı çıxdığına əmin oldum… Evdə it saxlayanların, itlə qolboyun olub gəzənlərin, cins itlərin sayı və qiyməti də artır…

İnsan yoxsullaşdıqca, sosial çətinliklər onu sıxdıqca dəyərdən düşür, acizləşir və ucuzlaşır. Niyə belə oldu? Niyə insanlar əməllərinə görə cəhənnəm odununa çevrilirlər?…

Əgər Allah camalını cənnət əhlinə göstərməmiş olsaydı və yaxud cənnəti arzulayanlar bilsəydilər ki, qiyamət günündə Allah camalını onlara göstərməyəcək, cəhənnəm əhlinin atəşdən qaçdığı kimi onlar da cənnətdən qaçardılar… Bunu dərk edə bilirikmi?

Bu dünya oğul doğanı dərdə salan, nkimə nə veribsə, aldadıb əlindən alan dünyadı. Mən, ata və anadan yetim qaldıqdan sonra qartımış dünya məni də sahibsiz sandı.Vəfasız dünya vəfalı İtə qalan dünyamış!…

Aldanmayaq. Hara və hansı yana getsək əməllərimizdən başqa özümüzlə heç nə apara bilməyəcəyik! İnsanı əməlləri yaşadır və yaşadacaq.

Misir Fironu ilə bağlı oxuduğum bir rəvayətdə deyilir: “Firon yaxalanırmış. Qapı döyülür. Firon: Kimdir?

-Mənəm, İblis.

-Gəl. Yenə narahat görünürsən ay İblis. Nə olub?

İblis:

-Sən doğrudanmı İlah olmaq arzusundasan?

-Mən imperator olmaq istədim, ətrafım isə məni Allah sandı. Beləcə mən də yolumu azanlardan oldum… Fironun sonrakı taleyi hamıya bəllidir.

Dünya şöhrətli yazıçı Viktor Hüqo zamanında deyirdi ki,  öldükdən sonra yaşamaq istəyirsinizsə oxumağa layiq şeylər yazın, ya da yazılmağa layiq yaşayın.

Çalışıb bir olsaq, düz olsaq, düzü yazsaq, ədalətli hökmlərə imza atsaq Rəbbimiz bunu bizim üçün ibadətə bərabər tutar. İnanın belədir…

XXX

İnsan həyatı başlanğıcdan sakit, illər ötdükcə iti axan çaya bənzər. Yaradan hər birimizi oxunması mümkün olmayan bir kitab kimi yaradıb. Bu şüurlu varlığı-(səmavi kitablarda əxz olunduğu kimi) yer üzünün xəlifəsini dərindən öyrənib dərk etmək bacarığından məhrum olsaq da, onun daxili aləminə və əməllərinə ətrafa münasibəti, haqqında deyilənləri, dostları və tanışları ilə bələd ola bilərik. İnsan bəlkə də sərgiyə qoyulmuş rəsm əsərinə-tabloya bənzər. Sərgiyə gələnlər şüur və düşüncələrinə uyğun həmin “rəsm əsərinə” baxar  və yenə ağlın hüdudları daxilində onu öyrənməyə çalışarlar.

İnsan həm də, bir kitabdır. Özünü oxuya bilirsə, kainatın onda bir payı olduğunu sezə biləcək. Çünki aləm də bir kitabdır…

Allahın qüdrəti ilə yaratdığı bir cövhəri, danışan və düşünən, eşidən və görən bir varlığı kimi bəzən mənim də coşub-daşan “dəli çay” tək yorğun-yorğun dəryaya qatılıb sakitləşən vaxtlarım olub …

Taleyim(həyatım) adi talelərdən  olmamış, ucqar rayonun dağətəyi kəndlərinin birində, “Qız” bürcündə,“bacası və işığı olmayan qapalı bir həbsxanadan” haray qoparıb “beş günlük” dünyaya göz açmışam.Gecələrim uzun, günlərim qısa oldu…

 Ata-anamız və ulu babalarımız da, o doqquz aylıq “həbsxanadan azad” olanda “Azadlıq, artıq azadıq”-deyə haray qoparıblar.

Hər birimizi müəmmaya çevirən və düşündürən də doqquz ay ana bətnində, qaranlıq və havasız bir yerdə ərsəyə gəlməyimizdir. Hələ ki, elm bu sirri aşkara çıxarmaqda acizdir. Tibb alimləri müxtəlif mülahizələr səsləndirsələr də, qaranlıq bir yerdə insanın yer üzünü zinətləndirən bir biçimdə ərsəyə gəlməsi Allahın qüdrət və hikmət nişanələrindən, möcüzələrindəndir. Ağıl sahibləri üçün bunu dərk etmək o qədər də çətin deyil!

İnsan ədəbi və əxlaqı ilə insan sayılır, abır həyası və mədəniyyəti ilə nüfuz sahibi olur. Həya imanın bir şöbəsi və yaxud, bir pərdəsidir-deyərdim. Kişi imanının “Məcnunu” (dəlisi), qadın isə imanının “Leylisi” olmağı bacarmalıdır. Əks təqdirdə imanımız kamil olmaz. Hər iman sahibi də “Məcnun” və “Leyli” ola bilməz. İndi dünyamızda bunlardan betəri var. “Yusif”i də yamsılayan var, “Züleyxa” qəmi hələ də bəşəri incidir…  İnsanın ucalığı Allahdan başqa İlah olmadığına şahidlik etməsi ilə ölçülür. Gerçək sevgi Allaha olmalıdır!

Yaşadıqca, hər gün və hər bir xırda hekayətlərimizi sağ tərəfimizdə duran mələklər yazır, gedib-gələn nəfəsimiz də hesaba alınır. Köksümüzün sol  tərəfində şam ağacının qozasına bənzər həyat əhəmiyyətli bir orqan var-ürək! Gecələr bədənimizin bütün əzaları(üzvləri)-əl, ayaq, hətta beynimiz də dincəldiyi halda o səhərə qədər, heç kimdən heç nə ummadan, heç kimə möhtac olmadan döyünür-işləyir. Sahibindən yalnız bir şey dilər: “Mənə əzab vermə. Mənim gərginlikdə olmağım ziyanınadır”.

Bizi yoxdan var və Varlığından xəbərdar edənin, eşqi ilə könlümüzü biqərar edib yardımına ehtiyac duyduğumuz, qapısına üz tutduğumuz, dərgahına əl açdığımız və hidayətinə sığındığımız Allahın lütfünə möhtac oluruq. Danışdırmasa danışa, düşündürməsə düşünə bilmərik, sevdiklərini sevdirməsə  aciz görkəmdə qalarıq. Bundan sonra Allahın müqəddəs və ən gözəl adlarını dərin mənalı kəlamlarla  bizə çatdıran Qurani Kərim, bəşəriyyət üçün bir səyyah xəritəsinə çevrilir- desək, günah sayılmaz.

 İnsan var qaranlıqda yandırılan lampanı göydəki günəşə bənzədir. Amma haqqın günəşindən bilə-bilə uzaq durur. Bu mənada səmavi kitab-Quran ən gözəl  sözlərin külliyyatı, kitabların ən mənalısı və vəhylə qidalanan  bütöv bəşəriyyətin həyat kitabıdır…

Bu düşüncələrlə qələmi əlimdə bir az da inamla tutdum və uca Allahın uca ismi ilə həyat hekayətlərimi yazmağa başladım.Oxuyun, baxın alınıbmı?..

Dərk edirik ki, Qurani Kərim, cənnət və cəhənnəm, Yaradanın ilk canlı əsəri sayılan Hz.Adəmin yaradılışı, mükafat və cəza, xeyir və şər, nifrət və məhəbbət də barmaqlarımızın arasında tutduğumuz və ona daha çox inandığımız bu qələmlə əmr edilib, yazılıb. Yetər ki, ədaləti yazsın və hər yerdə ədalətlə hökm edilsin…

İlahi rəvayətlərdən məlum olur ki, Lövhü (quran səhifələrini) qızıl yaqutdan, qələmi (qızıl yaqutda İlahi kəlamları həkk edən) isə yaşıl zəbərcikdən (“ə” səsini bildirən qısa xətt) yaratdı. Qələm vəcdə (lovğalanaraq?) gələrək: lövh necə də gözəldir! O qızıl yaqutdan isə, mən ondan daha gözələm-dedi. (az qala “üstünəm” desin, çünki lövhü qələm kəlamlarla bəzəmişdi, ona dəyər vermişdi, müqəddəsləşdirmişdi…). Qələm bunu çox ədəblə desə də, sözündə bir təkəbbürlük də hiss olunurdu. Bu an Rəbbimiz heybəti ilə qələmə nəzər saldı. Qələm qorxdu və dərhal səcdəyə qapıldı. Ucundan nur axıb əlif(1-“A”Allah sözünün ilk hərfi) oldu (yazdı), Allah sözünün ilk hərfi “Əlif”! Bununla da Əlifə doğruluq, ucalıq, yalnızlıq, təklik, haqq, ehtiyacsızlıq, hər şeyə qadirlik, hər şeyi bilmək və hər şeyi eşitmək yüksəkliyi verildi. Həmin andan Əlif(A hərfi) heç bir hərflə öncədən birləşməz. Sonra Allaha itaət edib, ona səcdə etdi.

Aləmlərin Rəbbi qələmə “yaz”-dedi. Qələm: “Nə yazım?”- soruşdu.

“La İlahə İlləllah, Muhəmmədun Rəsulullah” yaz- dedi.

“Muhəmməd” adını eşidəndə qələm başını səcdəyə qoydu və uzun illər bu vəziyyətdə qaldı. Sonra İlahi əmrlə başını səcdədən ayırıb-“Əssəlamu əleykə Ya Rəbb!” Rəbbimiz: “Və əleykəssəlam, ey Qələm-deyə cavab verdi. Bununla da uca Allah Qələmə yalnız ədalətlə, bir də ədalətlə yazmağı əmr etdi.

“Həqiqəti yazan Qələmin mürəkkəbi qiyamət günündə şəhidlərin qanına bərabər tutular”- kəlamı da bu mənadan qaynaqlanmışdır.( Peyğəmbərimizə salam və səlat olsun!)

(davamı)

Hamısını Göstər

Related Articles

Back to top button
Close