Səudiyyə Ərəbistanında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən bildiriblər ki, tədbirdə Səudiyyə Ərəbistanında akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, o cümlədən Türkiyə, Gürcüstan, Qazaxıstan, Öbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanın bu ölkədəki səfirləri, yerli ictimaiyyət nümayəndələri, səudiyyəli iş adamları və Krallıqda yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan səfir Şahin Abdullayev qonaqları salamlayaraq bu il ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğunu bildirib. O, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin Azərbaycan tarixində ən yüksək yer tutan böyük şəxsiyyətlərdən biri olduğunu və müasir Azərbaycan dövlətinin formalaşmasında, ölkəmizin inkişafında misilsiz xidmətlər göstərdiyini vurğulayıb.
Ş.Abdullayev Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ilk dəfə Azərbaycanın rəhbəri təyin olunduğu vaxtdan respublikamızın tərəqqi və inkişaf dövrünün başladığını, 1969-1982-ci illərdə Azərbaycanın sürətlə inkişaf edərək Sovet İttifaqında qabaqcıl respublikalardan birinə çevrildiyini qeyd edib.
Səfir 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıtmasının ölkəmizin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Ümummilli Liderin əsasını qoyduğu milli maraqlara əsaslanan xarici siyasət kursunun uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın beynəlxalq münasibətlərinin sürətlə inkişaf etdiyini, ölkəmizin dünyada müstəqil dövlət kimi nüfuzunun artmağa başladığını bildirib. Ş.Abdullayev Azərbaycanın xarici siyasət strategiyasında ərəb-İslam dünyası ilə əməkdaşlığın prioritet istiqmətlərdən biri kimi Ulu Öndər tərəfindən formaladırıldığını bildirib.
Azərbaycanın bugünkü uğurlarının əsasında Ulu Öndərin müstəsna xidmətlərinin və mütərəqqi ideyalarının dayandığını vurğulayan Ş.Abdullayev 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yarandığını, uzaqgörən neft strategiyası ilə sürətlənən iqtisadi inkişafın və neft sənayesinin yenidən qurulmasının ölkəmizin gələcək inkişafının əsasını qoyduğunu, həyata keçirilən böyük layihələrin digər sahələrin də inkişafına təkan verdiyini və bütün bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanın hazırda regionda lider dövlətə çevrildiyini bildirib.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan strategiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən səfir Müzəffər Ali Baş Komandanın qətiyyəti və Azərbaycan Ordusunun qüdrəti sayəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin 44 günlük Vətən müharibəsi zamanı azad edildiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qonaqların diqqətinə çatdırıb. Ş.Abdullayev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməsindən və Avropanın etibarlı tərəfdaşına çevrilməsindən danışıb.
Daha sonra Ulu Öndərə həsr olunmuş videomateriallar, o cümlədən onun 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfərini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbir şam ziyafəti ilə davam edib.