Şarl Mişel BMT-də təcili islahatlar aparmağa çağırıb
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışında bildirib ki, BMT qlobal proseslərə təsir gücünü itirib və bu təşkilatda təcili islahatlar həyata keçirilməlidir.
Polise.az xarici KİV-ə istinadla xəbər verir ki, Şarl Mişelin fikrincə, Birləşmiş Millətlər Təşkilatı sistemi “sklerotikdir və düşmən qüvvələr tərəfindən zəbt edilib”. O əlavə edib: “Biz məsuliyyəti öz üzərimizə götürməliyik və çoxtərəfli əməkdaşlığı möhkəm zəminə qaytarmaq istiqamətində səylər göstərməliyik. Bu məqsədlə bizə, ilk növbədə, etimadı bərpa etmək, ən aktual problemləri həll etmək və Birləşmiş Millətlər Təşkilatı sistemində islahatlar aparmaq lazımdır”.
Avropa İttifaqı Şurasının Prezidenti daha sonra deyib: “Yoxsulluqla mübarizə üçün qlobal səylər zəifləyir. Rusiyanın Ukraynada müharibəsi isə ərzaq təhlükəsizliyini sarsıdır və enerji böhranı yaradır. Nəhayət, koronavirus pandemiyasının bizə öyrətdiyi sayıqlıq hissini itiririk”. Onun sözlərinə görə, fövqəladə vəziyyətlər zamanı BMT Təhlükəsizlik Şurasında veto səlahiyyətlərinin məhdudlaşdırılması və onun qlobal təmsilçiliyinin genişləndirilməsi təşəbbüsləri dəstəklənməlidir.
Şarl Mişel bildirib ki, BMT Təhlükəsizlik Şurasının hazırkı strukturu bugünkü qlobal mənzərəni adekvat şəkildə təmsil etmir və təşkilatın legitimliyinə xələl gətirir. Əsas təsirli təkliflərdən biri veto hüququndan daha nəzarətli və çevik istifadə ilə çoxluğun qərar qəbulunu birləşdirən mexanizmin yaradılmasıdır. “Hazırda 60 ölkə BMT Təhlükəsizlik Şurasında heç vaxt üzv olmayıb. Dünyanın bir çox əraziləri – Afrika, Cənubi Amerika, Karib hövzəsi, Asiya bu qurumda çox az və ya heç təmsil olunmur. Biz BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatları dəstəkləyirik. Bu, regionların və ölkələrin səsini gücləndirəcək”, – deyə o əlavə edib.
Xatırladaq ki, Avropa İttifaqı BMT-də daimi müşahidəçi statusuna malikdir.
Polise.az