Şeirlərində əbədi yaşayacaq Bəxtiyar Vahabzadə…
Ustad şairin 95 yaşı tamam oldu…
…Demədim “Anadan olmasının…”! Dedim ki, ustadın 95 yaşı tamam oldu… Çünki Bəxtiyar Vahabzadə şeirlərində həmişəyaşardır, canlıdır, sağdır, bizimlədir!
Azərbaycan deyəndə, bilirəm ki, Bəxtiyar Vahabzadə burdadır-Azərbaycanın hər bir guşəsindədir, Qarabağ problemindədir… Azərbaycan və Türkiyə bayraqları birgə dalğalanırsa, biz Təbrizdən soraqlar alırıqsa, Xətainin məzarını ziyarət ediriksə, Türkiyə generalları Bakıya gəlibsə, Azərbaycanı ikiyə kəsib bölən Arazı vurub keçiriksə, deməli, Bəxtiyar Vahabzadə bizimlədir, bizi dinləyir, eşidir, yenə də yolgöstərəndir, arzularımızı şeirləşdirməkdədir…
***
…Ustad şairin yaradıcılığından danışmağa yəqinki ehtiyac yoxdur. Çünki şairin külliyyatını hamı sevə-sevə oxuyur, nəticə çıxarır… Amma “Təzadlar” qəzetinin ustadla bağlı kifayət qədər xatirələri, bağlantıları vardır. “Təzadlar”ın elə bir sayını xatırlamıram ki, Bəxtiyar müəllim zəng edib fikrini bildirməsin. Xüsusən də bir ara ona çamur atanlar peyda olmuşdu və biz çamur atanlara layiq olduqları cavabı vermişdik… Yadımdadır ki, Bəxtiyar müəllim bu çamurçuların əlindən bezib getmişdi Şəkiyə. Həmin vaxt adını çəkmək istəmədiyim akademiklərdən biri yenə də şairin “bostanına” iri bir daş atmışdı. “Təzadlar”ın dəyərli yazarı Nizami Nicat ürəkdən tikan çıxaran bir yazı yazmışdı. Ağlımıza gəlməzdi ki, Bəxtiyar müəllim səhər tezdən satışda olan və Şəkiyə günortaya çatdırılacaq qəzeti oxusun… Redaksiyanın iş telefonuna zəng gəldi… Bəxtiyar müəllim idi. Onun bizə sonsuz minnətdarlıqla söylədiklərini burada yazmaq təvazökarlıqdan uzaq olardı. Amma onu deyim ki, kimsə Prezident Administrasiyasından ona zəng vurub bu yazı barədə xəbər vermişdi… Bəxtiyar müəllim bizi kollektiv olaraq Şəkiyə dəvət etdi… Elə oldu ki, qəzetin əməkdaşı Sultan Laçınla birgə gedəsi olduq. Ustad bizi Şəki Xan Sarayına apardı, Şəkinin gəzməli yerlərini göstərdi, sonra evə qonaq apardı… Həyat yoldaşı Dilarə xanımın nəvaşini və bizə diqqətini isə heç vaxt unutmaram… Allah hər ikisinə rəhmət eləsin!
…Bu yazıda təqdim etdiyim və 2008-ci ildə şairin Bakıdakı evində çəkilmiş şəklinin isə özəl mənası və tarixi var. Bir gün əvvəl redaksiyaya 3 nəfər yüksək rütbəli türk zabitləri gəlmişdilər… Onlar redaksiyanın fəaliyyəti ilə tanış olduqdan sonra bildilər ki, Bəxtiyar Vahabzadə “Təzadlar”ın İdarə Heyətinin üzvüdür. Bu zaman zabitlərdən biri təəccüblə soruşdu ki, Siz onunla danışıb görüşə bilirsiniz? Dedik, nəinki görüşüb danışırıq, həm də Bəxtiyar müəllim tez-tez redaksiyaya gəlir, bəzi sərt yazılarımıza görə bizi danlayır da… Bunu deyəndə onları gülmək tutdu. Dedilər ki, yaxşı, biz onun səsini necə eşidə bilərik? Zarafatla dedim ki, hətta özünüzü yaxşı aparsanız, üzünü də görə bilərsiniz…
Tarixi yadda saxlayın: 2008-ci il! Qonaqlar əməkdaşlarımız Elçin Məmmədli, Elbar Şirinov, Yasəmən Məmmədli və digərləri ilə söhbət edərkən mən Bəxtiyar müəllimin ev telefonunu yığdım, salamlaşdıq… Dedim, Bəxtiyar müəllim, redaksiyaya 3 türk generalı gəlib, sizin səsinizi eşitmək istəyirlər! Bu zaman şairi bir hönkürtü götürdü ki, gəl görəsən… Ağlaya-ağlaya, “Ay oğul, onların Azərbaycana gələn ayaqlarına qurban olum, hardadır onlar?”. Dedim, burda, yanımda… Sonra dəstəyi türk zabitlərinə verdim… Onlar gözlərinə inanmırdı ki, Bəxtiyar Vahabzadə ilə danışırlar… Və salamlaşan kimi üçünü də isti bir kövrəklik ağuşuna aldı, göz yaşlarını saxlaya bilmədilər… Və Bəxtiyar müəllim xahiş etdi ki, sabah saat 18:00-da onları evinə müşaiyət edək. Razılaşdıq. Bəxtiyar müəllim qonaqları evinin qapısı ağzında görəndə yenidən sevincindən ağlamağa başladı (Bu səhnəni əks etdirən video “Təzadlar”ın saytında vardır). Və orada olan iki saatlıq görüşdə əməkdaşımız Elçin Məmmədlinin ustadın 1990-cı ildə rus generalının üzünə tüpürməsi səhnəsini danışanda yenidən şairi kövrək göz yaşları ağuşuna aldı… Bəxtiyar Vahabzadəni ağladan isə Türkiyə ilə Azərbaycan qardaşlığının uzun illərdən sonra bərqərar olan barizliyi, 70 illlik Sovetlər dönəmində bir Ananın bir-birindən ayrı düşmüş iki övladının nəhayət, bir-birinə qovuşma sevinci… idi!
…Bəxtiyar müəllimin mübarizliyi barədə hamının bildiyi çox mətləblər var. Amma az adam bilir ki, 70 və 80 illik yubileyinin keçirilməsi barədə ona PA-dan təklif gələndə o, “Qarabağı işğalda olan, 1 milyondan çox vətəndaşı qaçqın-didərgin, əziyyətlər içində yaşayan xalqın Xalq şairi özünə nə haqla yubiley keçirə bilər?!” demiş və bundan imtina etmişdi (Eyni addımı Xalq artisti, dəyərli Flora Kərimova etmişdir).
Amma həm də az adam bilir ki, 2017-ci ilin iyunun 1-də Prezident Administrasiyasının humanitar şöbəsinin müdiri vəzifəsindən azad edilmiş (1993-cü ildən müdiri olmuşdu) Fatma Abdullazadə niyə həmişə Bəxtiyar müəllimin əleyhinə olmuşdur? Səbəbini şairdən soruşmuşam. Amma təəssüf ki, yaza bilmirəm…
Fatma Abdullazadə demişkən, bir vacib məqamı deməyə də bilmərəm: bir müddət əvvəl Xalq şairi, ustadımız Məmməd Arazın xanımı Gülxanım Fətəliqızının “Ömürdən yarpaqlar” adlı kitabı işıq üzü görüb. Kitabda bir çox tanınmış şəxslərlə, Azərbaycanın taleyinə bağlı bir sıra mühüm hadisələrlə bağlı maraqlı faktlara, xatirələrə rast gəldim. Diqqətimi çəkən həm də Xalq şairi Məmməd Arazın Azərbaycan mətbuatını diqqətlə izləməsi idi. Bu sırada “Təzadlar” qəzeti ilə bağlı olduqca maraqlı faktlara rast gəldim. Məsələn, Gülxanım Fətəliqızı 1997-ci ilin 11 oktyabr tarixli xatirəsində yazır: “Gedib “Təzadlar” qəzetini aldım. Xudu Məmmədov haqqında çoxları öz ürək sözlərini yazmışdı. Hamısını Məmmədə oxudum:
– Bəxtiyar hamımızdan səmimi yazıb – dilləndi Məmməd… Sonra qəzetdə olan atmacaları oxudum. Birində belə yazılmışdı: “Azərbaycandan gedənləri əli çomaqlı çoban heykəli yola salır. Gələnləri isə qoç qarşılayır. Görəsən, azərbaycanlılar haqqında xaricilər nə düşünürlər?”.
– Məsələ düzgün qoyulub. Qoyun, çoban və s. bunları yığışdırmaq lazımdır, – əlavə etdi Məmməd… Büküb kənara qoyduğu qəzetin kənarında iki misra yazmışdı:
“Nə gəldi qəlbinə, gətir dilinə,
Dilindən qəlbinə səd çəkmə, ey mən”.
Daha bir xatirə: “13 dekabr – Xudu Məmmədov haqqında “Dünya, səndən kimlər getdi” adlı verilişə baxa-baxa danışdı:
– Xudu haqqında “Təzadlar” qəzetində mənim də kiçik bir yazım var. Əvəz olunmaz adam idi Xudu. Çox sakit, lakin sakitliyin altında fırtına. Mən nəşriyyatda müavin işləyəndə onun “Qoşa qanad” kitabını çap etdim. Özü təvazökarlıq edib deyirdi ki, bir şey deyil. Əksinə, kitabda çox gözəl fikirlər var. Heç bir sətrinə də toxunmadım, əslində toxunmaq olmazdı, buna mənəvi ixtiyarım da yox idi. Rəhmətlik Zeynal müəllimi Xudu ilə müqayisə etmək olar. Fərq isə bu idi ki, Zeynal müəllim bir az çılğın idi, Xudu isə sakit. Hər ikisi maraqlı adam idi.
Xudunun iş yoldaşlarından biri belə bir xatirə danışdı:
– Biz dərslikləri, proqramları müzakirə edirdik, bu haqda Xudu müəllimin fikrini öyrənmək üçün ona sual verdik. Xudu müəllim gülə-gülə belə cavab verdi:
– Kəndimizdə mənə bir naxırçı sual verdi ki, Xudu müəllim, mənə otardığım heyvanların sayına görə pul verirlər, bəs nə üçün müəllimlərə dərs dedikləri uşaqların sayına görə pul vermirlər? Bax bu məsələni proqrammaya salarsınız”.
Daha bir xatirə: “1998-ci il, 25 yanvar:
– Neçə gündür gündəlikdən soyumuşam. Əlimə 23 yanvar “Təzadlar” qəzeti düşdü. Yazırdılar: “…Şairlik yolunda geriyə dönmək yoxdur. Bu yol vətən, millət və insanlıq dərdlərini içinə yığıb Allah eşqinə dör-dör döyüşmək yoludur. Bu yolun Sabiri, Cavidi, Cavadı, Müşfiqi, Hadisi, Əli Kərimi, Şəhriyarı, Xəlili, Bəxtiyarı, Məmməd Arazı olmaq gərək. Bu bəşəri yol sürünə-sürünə gedilməz. Çünki bu yol məddahların gedəcəyi yol deyil. Və… Bu yol uzaqdır, Mənzili çoxdur, Keçidi yoxdur…Dərin sular var… (Yunis İmrə)”
Həmin abzası və bir bənd şeiri Məmmədə oxudum: – Çox yaxşı fikirlərdir, – dedi.
“Fatma Abdullazadə Məmməd Araza da zəng vurmuşdu ki, “Təzadlar”ın əleyhinə bəyanata imza at və…”
***
Xatirələrin Fatma Abdullazadə ilə bağlı hissəsi. Gülxanım Fətəliqızı yazır: “…1999-cu ilin 15-16 sentyabr tarixi. Bəxtiyar müəllim zəng vurdu, əvvəl Məmmədlə danışdı. Onların nə danışdığını bilmədim. Bir xeyli keçəndən sonra Prezident Aparatından zəng vurdular və bir məmurun (oxu: Fatma Abdullazadə.Red.) danışmaq istədiyini bildirdilər.
– Buyursunlar, gözləyirəm…
Dəstəyin o başından:
– Bir məsələ ilə əlaqədar olaraq sizə zəng etdim. “Təzadlar” qəzeti ki, var, olub bir faşist qəzeti. Əvvəl Xudu müəllimin şəkli ilə çap olunurdu. Onun redaktoru yaman cığallıq edir. Bir qrup yazıçı Heydər Əliyevin yanına gəlmişdilər. Onlar prezidentə dedilər ki, bu necə olur, belə bir qəzetin redaksiya heyətində Bəxtiyar, Məmməd Araz kimi şairlərin adı var.
Mən Bəxtiyar müəllimlə də danışmışam. Bəxtiyar müəllim bildirdi ki, o qəzet çap olunanda biz Xudunun ətrafına yığışmışdıq…
Sonra əlavə edir:
– Mənim sözlərimi Məmməd müəllimə çatdırın, qoy fikirləşsin, sonra siz mənə çatdırarsınız.
Dedim:
– Vallah, lazım olanda sizi bizimlə calaşdırmırlar. Ona görə də özünüz zəng edərsiniz.
Onun sözlərini olduğu kimi Məmmədə çatdırdım (Söhbət Bəxtiyar Vahabzadənin, Məmməd Arazın və Nurəddin Rzanın “Təzadlar” qəzetinin Redaksiya Heyətindən çıxarılaraq bəyanat vermələri tələbindən gedir. Red.).
Bəxtiyar müəllim təzədən zəng edib telefonla danışdı:
– Ay bacım, mən bayaq Məmmədlə də danışdım. Sən evdə deyildin, sizinlə zəng vurub danışdılarmı? Onlara dedim ki, demokratiyadır, danışırlar, yazırlar… Qəzetdə nə yazılıb ki, elə bir şey deyilmir. Asif Mərzili prezidentə açıq məktub yazıb. Yazıb ki, Qarabağ əldən gedir. Bizim varımız da, əhalimiz də, qoşunumuz da ermənilərdən çoxdur. Prezidentimiz niyə Köçəryanın yanında pərt oturmalıdır? Niyə? Dedim ki, burada pis nə var ki? Deyir ki, yox, qəzet Murtuzu da söyür (Ələsgərovu nəzərdə tutur.Red.). Mənə həmişə hücumlar olanda yalnız “Təzadlar” qəzeti məni müdafiə edib… İndi tələb edirlər ki, biz qəzetin redaksiya heyətindən bəyanat verib çıxaq…
Dedim:
– Sizin işiniz pis olacaq, Bəxtiyar müəllim. Redaksiya heyətindən çıxsanız xalq sizi söyəcək, çıxmasanız hökümət…
– Elədir, qəzetdə mənim və Məmmədin adını çəkiblər. Yazırlar ki, biz bu xalq şairlərindən problemlərin həllində çox şey gözləyirdik, ancaq onlar susurlar… mənə deyirlər ki, sən bir Asif Mərzili ilə danış, gör nə edirsən… Hələ bizimlə pişim-pişim danışıblar, Nurəddinin üstünə isə hücum çəkiblər.
– Yaxşı, Bəxtiyar müəllim, Məmmədlə danışaram…”.
***
Bəs niyə Prezident Administrasiyası ustadları narahat edirdi, nə yazmışdıq Prezidentə müraciətimizdə? Deməli, 1999-cu ilin sentyabrında Prezident Heydər Əliyevlə Ermənistan Prezidenti Robert Köçəriyanın Qarabağ danışıqları mövzusunda görüşü olmuşdu. Köçəryan görüşdən sonra bəyanat vermişdi ki, Ermənistan bir qarış da olsun torpaq qaytarmaq fikrində deyil və s. Mən də Qarabağda doğulmuş və doğma kəndini, torpağını itirmiş bir Azərbaycan vətəndaşı-jurnalist olaraq baş verənlərə çox pis olmuşdum. Axı necə ola bilər ki, sayı sayımızdan 3 dəfə, pulu pulumuzdan min dəfə az… olan ermənilər əzəli torpağımızı əlimizdən almaq istəyirlər? Və biz tarixən bu iki cüt-bir tək ermənilərin torpaq işğalının əziyyətini çəkirik, itirə-itirə gedirik… Bütün bunları qəbul edə bilmədiyim üçün Prezident Heydər Əliyevə müraciət yazmışdım… Məsələ belə idi… “Təzadlar”ın başı həmişə qalmaqallı olmuşdu. Qəzet yaranandan “Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!” şüarı ilə nəşr olunurduq. Bu isə bəzi dairələrdə qıcıq yaradırdı. Üstəlik, Fatma Abdullazadə də Bəxtiyar Vahabzadə ilə söhbətində açıq şəkildə deyir ki, o qəzetin baş redaktoru cığallıq edir… Cığallıq bu idi ki, biz Qarabağ məsələsində heç bir güzəştin olmadığını açıq şəkildə, senzurasız yazırdıq. Eləcə də bəzi məmurları tənqid edirdik. Amma bu tənqidlərdə siyasi çalar olmazdı… Bununla belə, tənqidlərimiz PA-da bəzi məmurların xoşuna gəlmirdi. Məsələn, oxucular üçün də maraqlıdır, qeyd etdiyiniz məsələyə aydınlıq gətirim.
***
…Bəxtiyar müəllimin “Masa” adlı bir şeirini dərc etmişdik. Dəqiq yadımdadır, Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatının 3-cü günü görkəmli dövlət xadimi Heydər Əliyev şairin evində onun oğlu Elçin Əfəndiyevə başsağlığı verir. Bəxtiyar müəllim danışırdı ki, “…Başsağlığı verəndən sonra yavaş-yavaş evi tərk etməyə başladıq… Hamı çıxdı, Heydər Əliyev məni səslədi ki, “Bəxtiyar, gözlə…”. Mən də dayandım, hamı çıxdı. Soruşdu ki, vəziyyətin necədir, təzə nə yazırsan, neyləyirsən və s. Dalağım sancdı ki, yəqin nəsə problem var, yüz faiz Fatma Abdullazadə nəsə xəbər verib… Mən də adəti üzrə gileylənmədim, dedim hər şey yaxşıdır… Heydər Əliyev bir də soruşdu ki, ümumiyyətlə, vəziyyət necədir? Yenə də oxşar cavab verdim… Amma hiss edirdim ki, nəsə sözü var. Axırda özü diləndi ki, Bəxtiyar, o qəzetində “Masa” şeiri nədir yazmısan? (Qarabağ danışıqlarının qızğın dövründə yazılmış şeirdə məna bu idi ki, düşmənə döyüş meydanında söz deyə bilməyən, masa arxasında nə deyə bilər???.A.M.). Dedim ki, hə, jurnalistlər götürüb veriblər… H.Əliyev dedi: “Bəxtiyar, axı kim bilməsə də sən bilirsən ki, bu problem hansı səviyyədə və hansı dövlətlərin maraqlarındadır… Heç olmasa, sən xalqa belə qızışdırıcı şeylər yazma, onsuz da ermənilərə bir qarış da olsun torpaq veriləsi deyil, amma…”.
Səhəri gün Bəxtiyar müəllim məni evlərinə dəvət etdi. Bu barədə xeyli söhbət etdik.
Vacib məqam: Türkiyə qoşunlarının Azərbaycanda təlim keçməsi, neçə gün əvvəl isə Türkiyə müdafiə nazirinin və çoxsaylı qoşun komandirlərinin Bakıya gəlməsini, Prezident İlham Əliyevlə görüşməsini xatırlayanda yadıma düşdü ki, Bəxtiyar müəllim hələ o vaxt deyirdi: “…Heydər Əliyevlə söhbət edəndə ikimizin də gəldiyi nəticə bu idi ki, Rusiyanın Ermənistana siyasi-hərbi dəstəyi fonunda Azərbaycanın yeganə çıxış yolu Türkiyə ilə hərbi ittifaqa girməsidir. Bu çətin və mürəkkəb, həm də təhlükəli olsa da, yenə də başqa çıxış yolumuz yoxdur…”.
***
Sonda: Görkəmli dövlət xadimi Heydər Əliyevə və ustadımız Bəxtiyar Vahabzadəyə Allahdan rəhmət, Prezident İlham Əliyevə isə can sağlığı diləyi ilə mənim də gəldiyim nəticə budur ki: İlham Əliyev Ermənistanın iyulun 12-də Tovuz təxribatının ardınca çox böyük ustalıqla Türkiyə-Azərbaycan hərbi təlimlərini reallaşdırdı, Türkiyənin hərbi doktrina rəhbərlərini Bakıda qəbul etdi və Türkiyənin müdafiə naziri, Türkiyə XİN naziri birmənalı olaraq bəyan etdilər ki, Ermənistan (Deməli, həm də ona ağıl verənlər) ağlını başına yığsın, Türkiyə bütün var gücü ilə, silahları ilə Azərbaycanın yanındadır!!!
Mən bu yazının sonuna üç dənə nidanı təsadüfən qoymadım. Mənasını bilənlər bilər…