Sensasiya! Avropa Parlamenti “söyüş müxalifəti” ilə birləşdi – Bakıya qarşı yeni həmlə!
AP ilə Avropa İttifaqının komitə və Xüsusi Komissiyanın birgə iclasında Azərbaycana nifrət püskürən Məhəmməd Mirzəli, sabiq diplomat Arif Məmmədov iştirak ediblər, dinləmə iştirakçıları Aİ-ni Azərbaycana 2 milyard dollar ayırmamağa çağırıblar
Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin və Avropa İttifaqında demokratik proseslərə xarici müdaxilə üzrə Xüsusi Komissiyanın birgə iclasında “Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Aİ-nin siyasətinə müdaxiləsi” mövzusunda müzakirələr olub. “Yeni Müsavat” “Turan”a istinadən xəbər verir ki, “dinləmələrdə” xaricdən Azərbaycana və hakimiyyətə nifrət püskürən Məhəmməd Mirzəli və sabiq diplomat Arif Məmmədov iştirak ediblər.
Bu, AP və Aİ adına rüsvayçılıqdır. Onların dəvət edilməsi bu müzakirələrin obyektivliyinə bəri başdan şübhə etməyə əsas verib. Müzakirələr Avropa Parlamentinin fransalı deputatı Bernard Kettanın sədrliyi ilə keçirilib. Müzakirələrdə avropalı parlamentarilər – Rafael Qluksman, Natali Luazo, İzabel Santos, Haydi Hautala, Marketa Qreqorova, Amnesty İnternational-ın Avropa və Mərkəzi Asiya üzrə keçmiş direktoru, hazırda “Avropada sabitlik təşəbbüsü”nün rəhbəri, britaniyalı Con Daluzen də iştirak ediblər.
Tədbirdə Avropa İttifaqı – Azərbaycan münasibətlərinə, Azərbaycanın “Şərq Tərəfdaşlığı”na üzvlüyünün məntiqəuyğunluğuna, insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması və korrupsiyaya qarşı mübarizə üçün rəsmi Bakıya mümkün təzyiq vasitələrinə toxunulub. Dinləmə iştirakçıları Aİ-ni vəsaitdən istifadənin şəffaflığına zəmanət verilmədiyinə görə Azərbaycana 2 milyard dollar ölçüsündə maliyyə yardımı ayırmamağa çağırıblar. Onlar həmçinin Azərbaycan və Aİ arasındaki yeni sazişdə insan hüquqlarına xələl gətirilməklə, energetika məsələlərinin ön plana çıxarılacağı ilə bağlı narahatlıqlarını ifadə ediblər. Sazişin ilkin mətninin nəşr edilməsi zərurəti vurğulanıb.
Göründüyü kimi, Avropa Parlamenti Azərbaycanla bağlı müzakirələri birtərəfli keçirib və reputasiyası şübhəli olan “siyasi fəalları” dəvət edərək ölkəmizə qarşı yeni həmlə təşkil edib. Moderatorluğu ənənəvi olaraq Azərbaycana qarşı qərəzli münasibətləri ilə seçilən fransalı deputatın etməsi də çox şey deyir. Beləliklə, Azərbaycana münasibətdə qərəzli mövqeyi ilə seçilən Avropa Parlamenti bu dəfə “söyüş müxalifəti” ilə birləşərək ölkəmizə qarşı ittihamlar irəli sürüb, Avropa İttifaqının 2 milyard avro yardımını da əngəlləmək üçün hərəkətə keçiblər. Bu isə əlbəttə ki, erməni lobbisinin maraqlarına xidmət edir. “Qarabağ” futbol klubunun xaricdə məğlubiyyətinə sevinən və bunu yaramaz sözlərlə ifadə edib yayan Mirzəli kimilər sığındıqları Fransadan Azərbaycana qarşı istifadə edirlər. Bəs Avropa Parlamenti niyə öz reputasiyasını bu dərəcədə ləkələməyə razı olur? Bu kimi müzakirələrin Azərbaycan-Aİ əlaqələrinə hansı təsirləri ola bilər? Niyə Qərb təşkilatları bizə qarşı qərəzli münasibəti dayandırmır və ardıcıl olaraq əleyhimizə iş aparırlar?
“Avropa İttifaqı yekcins deyil. Bu qurumda Avropa Parlamenti var və dəfələrlə ölkəmizin əleyinə kampaniya aparılıb. Burada lobbi qrupları erməni maraqlarına xidmət edirlər. Ona görə bu qurumun xislətini çoxdan tanıyırıq,” – bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, hakim partiyanın deputatı Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi. Onun sözlərinə görə, Avropa Komissiyası ilə münasibətlər isə həmişə yaxşı olub, rəhbərliyi Bakıya gəlib, enerji təhlükəsizliyi mövzusunda mühüm danışıqlar aparılıb: “Yəni Avropa Parlamenti nə qədər qərəzli olsa da, Avropa İttifaqında digər qurumlarla münasibətlər normaldır. Amma bu dəfə bir qədər də irəli gediblər, söyüşü, təhqiri əsas meyara çevirmiş şəxsləri, Mirzəli kimi milli dönükləri, Arif kimi xarici kəşfiyyata satılmış şəxsləri öz toplantılarına dəvət edirlər, bu cür adamları əleyhimizə danışdırırlar. Fikrimcə, onları bilərəkdən çağırıblar”.
Elman Nəsirov
Deputat hesab edir ki, AP bir halda obyektiv ola bilərdi: “O halda ki Azərbaycan səfirliyindən, diaspor təşkilatlarından da dəvət edərdilər. Biz də görərdik ki, Məhəmməd Mirzəli, Arif Məmmədov kimi ”keçəl həmzə”lərlə yanaşı Azərbaycanın milli maraqlarını üstün tutan səlahiyyətli nümayəndələri də çağırıblar, o zaman bu addımı alqışlayardıq. Ancaq elə adamlar dəvət ediblər ki, onlar təpədən dırnağa qədər satılıb. Baxmayaraq ki, həmin şəxslərin pasportunda azərbaycanlı yazılıb, mahiyyətcə çoxdan bu xalqdan olduqlarını unudublar”. E.Nəsirovun sözlərinə görə, AP bununla öz reputasiyasını daha da zədələmiş oldu: “Görün, kimləri dəvət edirlər?! Azərbaycanda bu adamlar haqda deyirlər ki, təbiət də səhv edir, belələri dünyaya gəlir. Avropa Parlamenti öz imicinə ləkə vurmuş oldu”.
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə AP-nın bu addımını təəccüblü saymır: “Müharibədən sonra da ədalətdən uzaq qətnamə qəbul etdilər və erməni canilərinə az qala haqq qazandırmağa çalışdılar. Ona görə qeyri-adekvat mövqe sərgilənməsi təəccüb doğurmur. Bu, Azərbaycana qarşı növbəti de-marşdır. Bir daha təsdiqləndi ki, bu cür bloggerlər Azərbaycan əleyhinə iş aparanların əlində alətdir, söyüş ritorikasını də həmin dairələr himayə edirlər. Eyni zamanda ikili standartlarla yanaşmanın təzahürüdür. Məqsəd Azərbaycana qarşı olan qüvvələrin fəaliyyətini davam etdirməsidir. Çünki regionda Türkiyə və Azərbaycanın güclənməsindən narahatlıq keçirənlər bu cür qərəzli addımlar atırlar”. AMİP sədrinin fikrincə, Avropa Parlamenti özünə hörmət qoymalıdır, heç olmasa sanballı şəxsləri dinləmələrə dəvət etməlidir: “Həmçinin bizim diplomatik korpusun da günahı var. Bizim diplomatlar ciddi iş görməlidirlər, onları ifşa etməlidirlər, Avropa institutlarına sübut etməlidirlər ki, bu cür adamlardan istifadə etmək olmaz. Çünki belələrinə sığınacaq verilməsi, maliyyələşdirilməsi cinayətdən başqa bir şey deyil”.
Fuad Əliyev
ALDP sədri Fuad Əliyev bildirdi ki, söyüş müxalifətini başda oturdanlar onları maliyyələşdirən dairələrdir. Partiya sədrinin sözlərinə görə, Avropa Parlamenti özünü gözdən salan ciddi səhvə yol verib: “Söyüşlə, təhqirlə ”mübarizə” üsulu seçmiş adamlara tribuna verilməsi biabırçılıqdır. Qərb insan haqları, plüralizm, sivil cəmiyyətdən danışır, amma zombiləşmiş, marginal şəxslərə meydan açır. Əgər Avropa Parlamenti qərəzli olmasaydı, tədbirə daha sağlam tənqid səsləndirənləri çağırardı, Azərbaycan tərəfindən də rəsmi mövqe üçün nümayəndə dəvət olunardı. Əslində bundan əvvəl də bu qurum əski parçasına oxşayan qətnamələr qəbul edib, amma görünür, təsir mexanizmi olmadığını anlayıb “söyüş maşını”nı işə salmağa başlayıblar”.
F.Əliyev Azərbaycana zəhər püskürən, nalayiq ifadələrlə çıxışlar edən həmin şəxslərin yerinin AP tribunası olmadığını bildirdi: “Onlar təhqirlərə görə cavab verməlidirlər. Görün Qərb nə günə düşüb ki, Mirzəli kimi küçə adamlarına meydan verir. Bu cür xain adamlar isə dövlətə ayrılan 2 milyardı verməməyə çağırır. Hətta bu cür çağırışları Ermənistanda belə kimsə səsləndirməyib. Avropa Parlamenti sağlam müxalifətə yox, ”söyüş müxalifət”inə şərait yaratmaqla öz səviyyəsini aşağı endirmiş oldu. Bu cür “dinləmə”lərlə özünü ucuz tutan qurumdan artıq heç bir obyektivlik gözləməyə dəyməz. Çünki onlar erməni lobbisinin girovuna çevriliblər və Qarabağın azad edilməsini həzm edə bilmirlər”.
Ələkbər Əliyev
İsveçrədə yaşayan azlogos.eu portalının baş redaktoru Ələkbər Əliyev isə hesab edir ki, Avropa gör nə günlərə qalıb, mirzəlilərdən ibarət bandalarla, “Amnesty International” kimi qurumları bir araya gətirərək “Azərbaycana 2 milyard verilməsin!” şüarı altında iclaslar keçirir: “Vaxt var idi Avropa Azərbaycandan heç olmasa fərli-başlı adamları kollaborasiyaya cəlb edə bilirdi. Bu gün isə kurs necə də aşağı düşüb, bir fikir verin. Mirzəli kimi infuzoriyaların (quyruqlu tərlik) ümidinə qalıb. Amma yalandan hiddətlənmiş kimi görünmək də istəmirəm, vallah sevindiricidir. Budur bizim illərdir görmək istədiyimiz, arzuladığımız mənzərə. Azərbaycandan ancaq bunlarla işləməlidir Avropa institutları. Nə yaxşı ki, bu dünya gözü ilə belə bir səviyyəsizliyi görə bildik”.