Şok: Qarabağda separatçılara ordu qurulur!
Anklavda Azərbaycan əleyhinə paralel qurumlar yaradılır; Ordumuz isə gec edər, amma güc edər!..
Rusiyanın Qarabağda erməni separatçıları ilə tandemdə ölkəmizə qarşı təhlükəli eksperimentləri davam edir. Növbəti belə özbaşınalıq ötən həftəsonu sülhməramlı adlanan kontingentin müvəqqəti yerləşdiyi ərazidə qeydə alındı. Cavab gecikmədi. Rəsmi Bakı Rusiyaya etiraz notası göndərdi. Ona cavab olacaqmı? Olacaqsa, hansı məzmunda, necə?
Söyləmək çətindir. Adətən rəsmi Moskva haqsız durumda olanda, söz tapmayanda susmağa üstünlük verir. Ancaq Kremldə zənn eləməsinlər ki, bununla hər şey bitdi və baş verənlər Azərbaycanda dərhal unudulacaq. Müdafiə və Xarici işlər nazirliklərimizin Qarabağdakı rus hərbi kontingenti ilə bağlı şimal qonşumuza, onun Müdafiə Nazirliyinə ünvanlandığı çoxsaylı etirazlar, verilən notalar sonucda yığılıb yekun qərar üçün işimizə mütləq yarayacaq. 2025-ci ildə Rusiya “sülhməramlıları”nın mandatını uzatmamaq üçün sanballı zəmin olacaq.
Odur ki, yaxşı olar, Rusiya tərəfi nə qədər gec deyil, özünü yığışdırsın. Heç olmasa, prezident Vladimir Putinin imzası olan sənədə – 22 fevral 2022-ci il Moskva bəyannaməsinə hörmət qoysun. Hansı sənədin ki, 1-ci bəndindəcə aydın yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
11-ci bənd isə belə deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.
Alırmı? Alırsa, dələduz-oliqarx Ruben Vardanyan hələ də Qarabağda nə gəzir? Üstəlik, Rusiya hərbçilərinin nəzarəti altında olan torpağımızda bizə meydan oxumaq cəsarəti göstərir, ərazi bütövlüyümüzü, suverenliyimizi təhdid edir, dövlət içində dövlət qurur, paralel hökumət və paralel ordu yaradır, “biz “artsax”ı insanların dinc və təhlükəsiz yaşayacağı müstəqil ölkəyə çevirməyincə burdan getməyəcəyəm” deyib Azərbaycan dövlətinə “əlcək” də atır. Kimə arxalanır, kimdən güc alır bu çaqqal? Əlbəttə ki, onu Qarabağa yollayan sahibindən – Moskvadan!
Bəs Putinin imzası duran Moskva bəyannaməsinin 18-ci bəndi? Axı orada aydınca yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə… eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”.
Biz hələ Putinin imzası olan digər mühüm sənədi – 10 noyabr (2020) üçtərəfli kapitulyasiya aktını demirik. Təəssüf ki, Rusiya rəhbərliyi bu sənədin də əsas müddəalarına riayət eləmir. Xüsusən də 4-cü bəndə.
Onu bir daha general A.Volkov başda olmaqla rus unutqanlara xatırladırıq: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir”.
Bəlkə sənədin rus dilindəki mətnində başqa şey yazılıb. Xeyr. Orada da eyni mətndir. Di gəl, üçüncü ildir bu tələb yerinə yetirilmir. Əksinə, Rusiya Qarabağda heyrətamiz həyasızlıqla faktiki surətdə separatçılardan ordu, polis birləşmələri yaratmaqla məşğuldur. Bu məqsədlə Laçın yolu əməlli-başlı qanunsuz silah təchizatı marşrutuna çevrilib.
Bu da təsadüfi deyil ki, Volkov azərbaycanlı jurnalistlərlə söhbət zamanı silahlı separatçıları utanmazcaslna “yerli qanuni strukturlar” adlandırmışdı. Sən kimsən, qonaq olduğun Azərbaycanın suveren ərazisində nəyin qanuni, nəyin qanunsuz olduğunu müəyyən edəsən?!
Necə deyərlər, əlbir olub bir “ayı” (ayı Rusiyanın simvolu sayılır) bir “çaqqal”la (Vardanyan) Qarabağda anti-Azərbaycan oyunları qurur. Bu oyunları Azərbaycan mütləq pozacaq! Kimsənin şəkk-şübhəsi olmasın. Ordumuz gec edər, amma güc edər!
Rusiya hərbi kontingenti Qarabağda müvəqqətidir. Uzağı 2025-dək! O səbəbə qoy kimsə Kremldə xəyal dünyasında yaşamasın. Güney Qafqazın açar dövləti Azərbaycan və onun müttəfiqi Türkiyə ilə münasibətləri indidən, boş yerə, bir ovuc separatçı-terrorçuya görə korlamasın. Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə gedən deyil və nida işarəsi! Əgər Rusiya Azərbaycanın ona dost olmasını istəyirsə, öncə özünü dost kimi aparmağı öyrənsin və ən əvvəl bu bəsit gerçəyi qəbul eləsin. Heç bir status bazarlığı olmadan! “Gəlin, statusu gələcək nəsillərə saxlayaq” kimi avantürist təkliflərlə vaxtımızı almadan!
Azərbaycan Prezidentinin dəfələrlə söylədiyi kimi (son olaraq İlham Əliyev bunu oktyabrın 31-də Soçidə Putinin üzünə deyib), Dağlıq Qarabağ konflikti artıq tarixdir. Yəni bundan sonra tarixçilərin məşğul olacağı mövzudur. Əsla siyasətçilərin, diplomatların və ələlxüsus da dövlət başçıları və rəsmilərin yox…