Sülhə ümid olsa da, Rusiya faktoru diqqətdən qaçırılmamalıdır
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
– Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 1-dək Azərbaycanla sülh müqaviləsinin imzalana biləcəyi mesajını verdi. Bu, mayın sonunadək müqaviləni imzalaması üçün ABŞ-ın Ermənistana təzyiq etdiyi iddiasına uyğun gəlir. Sizcə, bu mümkündürmü: nəhayət, Paşinyan revanşistlər və Rusiyanın müqavimətini qırıb bunu edəcəkmi?
– Son açıqlamaları belə “təəssürat” yaradır ki, Paşinyan “sülh tərəfdarı”dır. Amma biz həm də hakimiyyətdə olduğu müddətdə, xüsusən də 2020-ci ilin 10 noyabrından sonra xeyli ziddiyyətli bəyanatlarını görmüşük. Əlbəttə, Ermənistana müəyyən təzyiqlər var. ABŞ hazırda sülhün əldə olunmasında çox maraqlıdır. Qənaətimə görə, bu, iki səbəbdən qaynaqlanır. Birincisi, ABŞ Ukrayna ilə yanaşı, Cənubi Qafqazda da geosiyasi rəqabət içindədir. Amerika Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır və bölgədə öz nüfuzunu artırmaq məqsədi güdür. Bu da anlaşılandır.
İkincisi, gələn il ABŞ-da prezident seçkisi keçiriləcək. Hazırkı administrasiya hakimiyyətdə olduğu müddətdə müəyyən qədər nüfuzunu itirib. Xüsusilə ABŞ-ın iqtisadi məsələlərlə bağlı müəyyən problemləri var. Həmçinin 81 yaşlı Prezident Co Baydenin qəribə davranışları da buna təsir edir. Bu da hazırkı administrasiyanın qarşıdakı seçkilərdə səslərinə təsir edə biləcək amillərdəndir. Buna görə də Bayden və komandası seçkilərə müəyyən baqajla getmək istəyir. İndi Ukraynada müəyyən uğurlara imza atılarsa və Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə nail olunarsa, bunlar Bayden administrasiyasına müəyyən dividentlər gətirə bilər.
ABŞ-ın bölgəmizdə maraqları var və tezliklə sülhün əldə edilməsinə çalışır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin günlərlə Vaşinqtonda danışıqlar aparması da bundan xəbər verir. Müəyyən ümidlər var, amma məncə, yekun qərara gəlmək üçün hələ tezdir. Çünki bölgədə bir Rusiya faktoru var. Nəzərə almalıyıq ki, Rusiyanın Ermənistanda hərbi bazaları və üç qoşun növü mövcuddur. Ermənistan sərhədlərinə nəzarət də Rusiyanın əlindədir. Bütün bunlar Rusiyaya Ermənistana ciddi təsir imkanları yaradır. Ermənistanın hərbi-siyasi elitasının önəmli bir kəsimi də Rusiya ilə əlaqəlidir. Bundan başqa, Ermənistanda revanşist qüvvələr var və onlar beynəlxalq erməni diasporu tərəfindən dəstəklənir, onlar da sülhün əleyhinədirlər. Ən əsası, erməni faşizmi və terrorizminin mərkəzi olan erməni kilsəsi də Paşinyan hakimiyyəti ilə zidd mövqedədir.
Bir sözlə, Rusiya prosesə əngəl olmaq üçün Ermənistanda hansısa addımlar ata bilər. Bunların müxtəlif formalarda olması mümkündür. Bunun tarixən də şahidi olmuşuq. Hər halda sülhə ümidlər var, amma Rusiya amilini də nəzərə almalıyıq. Rusiya prezidentinin sözçüsü Peskovun son açıqlaması da bu qəbildəndir. O, açıq şəkildə Rusiyanın bu prosesə qarşı olduğunu dedi. Əlbəttə, ABŞ bütün bunları hesablayır. Hazırda Rusiyanın Ukraynada ciddi sıxıntıları var, üstəgəl, Kreml Sarayına dron hücumu oldu. Bütün bunlar Rusiyanın başını Ukraynada ciddi şəkildə qatır. Məncə, ABŞ bu baxımdan hərəkətə keçmək üçün uğurlu bir zaman seçib.
– Bəs bu hərəkətlənmənin nəticəsi necə ola bilər?
– Dediyim kimi: yekun nəticəyə gəlmək hələ tezdir. Çünki uzunmüddətli münaqişədən sonra iki toplumu sürətlə barışdırmaq çətin olacaq. Amma ABŞ həqiqətən də Ermənistana ciddi təzyiq edəcəksə, ortaya siyasi iradə qoyacaqsa, eyni zamanda, Paşinyan hakimiyyətinə öz iqtidarını qoruması üçün müəyyən təminatlar verəcəksə, məncə, sülh müqaviləsini imzalamaq mümkün olacaq. Bunlar olmasa, proses ləngiyə bilər.
– Paşinyan son açıqlamasında maraqlı bir fikir də səsləndirdi, “Böyük Ermənistan xəyalı”nın sonuna gəldiklərini dedi. Bəs onun bu mesajını hansı kontekstdə şərh etmək olar?
– Paşinyan Ermənistan hakimiyyətinin birinci şəxsidir və kifayət qədər məlumatlı adamdır. Paşinyan hələ bunu 2020-ci ilin 10 noyabrında anladı və kapitulyasiya aktını imzaladı. Erməni düşüncəsində “güclü və qalib ordu” xülyası vardı və bu ordu 2020-ci ildə darmadağın edildi. Bununla həm də erməni faşizminin onurğa sütunu qırıldı. Bu, olduqca önəmli hadisəydi. Bundan sonra Paşinyan yeni reallığı daxilən qəbul etdi, amma bunu açıq söyləmək imkanları məhdud idi. Çünki Ermənistan cəmiyyətində faşist və revanşist duyğular güclüydü. Bu düşüncə indi də qalır, müəyyən formada xaricdən dəstəklənir. Amma Paşinyan reallıqları hesablayır. Dünyada baş verən geosiyasi prosesləri, Ukrayna müharibənin yekunlarını və qlobal güclərin regiondakı maraqlarını dəqiq görürsə, erməni məsələsinin, yaxud “Böyük Ermənistan” xülyasının artıq cazibədar olmadığını da bilməlidir. Məncə, bunları dəqiq görür.
Böyük əminliklə deyə bilərik ki, “Böyük Ermənistan” kimi xülyaların sonu çatıb. Sülh müqaviləsi imzalanacaqsa və Ermənistanda rasional düşünən insanlar yeni reallığı qəbul edəcəklərsə, o zaman bundan sonra Ermənistanın regiondakı mövcudluğuna imkan tanınacaq. Yox, yenə də utopik düşüncələrdə qalmaqda davam edəcəklərsə və bölgədə sülhə zərər vuracaqlarsa, Ermənistanın varlığı sual altına düşəcək. Paşinyan bunu bildiyi üçün bu fikirləri dilə gətirir. Bu baxımdan, Paşinyanın İrəvanda qoyulan “Nemesis” abidəsinə münasibəti maraqlıdır. Paşinyan göstərməyə çalışdı ki, erməni cəmiyyətindəki xəstə və faşist düşüncələr Ermənistanın özünün varlığını şübhə altında qoyur və ona təhlükə yaradır.
– Necə düşünürsünüz: sülh müqaviləsi hansı paytaxtda imzalanacaq, yaxud Vaşinqton-Brüssel-Moskva yarışında kim önə çıxa bilər?
– 44 günlük müharibədən sonra üç vasitəçi görürük. Birincisi Moskva formatıdır. Rusiyanın vasitəçiliyi ilə savaş dayandırıldı və Ermənistan kapitulyasiya aktında imza atdı. Amma Rusiya öz vasitəçiliyinin sonadək və beynəlxalq hüquq normalarına uyğun şəkildə yerinə yetirmədi. Sadəcə effektli olmayan vasitələrlə görüntü yaratmağa çalışdı, bununla göstərdi ki, Rusiyanın bölgədə qalıcı sülhə marağı yoxdur və önəmli olan onun maraqlarıdır. Məhz bu yanaşma Moskva formatını uğursuz edir. Tarixi təcrübə də göstərir ki, ən azı son yüz ildə Rusiyanın vasitəçiliyi bölgəyə sülh gətirməyib.
İkinci format Brüsseldir. Avropa Şurasının Prezidenti Şarl Mişelin bölgə ölkələrinə səfərindən sonra Avropa Birliyi fəallaşmağa başladı. Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşləri keçirildi. Amma Fransanın neqativ davranışları, Azərbaycana qarşı düşmən və Ermənistanı dəstəkləyən mövqeyi Avropa Birliyinin missiyasına da zərbə vurdu. Məhz bu səbəbdən ötən ilin dekabrın 7-nə nəzərdə tutulan görüş baş tutmadı. Makronun iştirak etdiyi Praqa görüşündə müəyyən nəticələr əldə edilsə də, Fransanın, şəxsən Makronun Azərbaycan əleyhinə verdiyi bəyanatlar bu prosesi əngəllədi və Brüssel formatının effektliliyini şübhə altına aldı.
Üçüncüsü Vaşinqton formatıdır. 2022-ci ilin mayından başlayaraq ABŞ-ın bölgədəki fəallığı artır. Dövlət katibinin müavini Karen Donfridin Bakı və İrəvana səfəri və liderlərlə görüşü ABŞ-ın sülhə töhfə vermək niyyətinin göstəricisi idi. Bu çərçivədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tiflisdə görüşünün şahidi olduq. ABŞ digərlərindən fərqli olaraq, daha çox ikitərəfli dialoqun önəmini vurğulayır və prosesdə beynəlxalq hüquq və reallıqları əsas tutmağa çalışır. Xarici işlər nazirlərinin Vaşinqton müzakirələri ilə bağlı sızan məlumatlar da bunu göstərir ki, ABŞ Azərbaycanın Qarabağ üzərindəki suverenliyini qəbul edir və prosesin bu istiqamətdə irəliləməsinə tərəfdardır.
ABŞ-dan fərqli olaraq, Rusiya Prezidenti Vladimir Putinin ötən ilin oktyabrında “Valday”da söylədiyi fikirlərə diqqət etsək, görərik ki, bu, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatdır. Bu, Rusiya və Azərbaycan arasında imzalanmış müttəfiqlik haqda anlaşmaya ziddir. Bu baxımdan, ABŞ-ın ötən ilin sentyabrından artan aktivliyi, üzbəüz təmasları, telefon diplomatiyası və dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə fevralın 18-də Münxendə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi onu deməyə əsas verir ki, bu üç formatdan ən effektlisi Vaşinqtondur. Bunun effektliliyini göstərən amillərdən biri xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanı danışıqlar masasına qaytarmasına görə ABŞ-a təşəkkür etməsidir.
ABŞ-ın sülhyaratma ilə bağlı təcrübəsi də var. Buna misal olaraq, 70-ci illərdə İsrail-Misir münasibətlərinin normallaşması və Kemp Devid sazişinin imzalanması ilə başa çatan diplomatik fəaliyyətləri göstərmək olar. Bundan başqa, 94-cü ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail və Fələstin liderləri arasında sazişin imzalanmasını qeyd edə bilərik. Məhz buna görə o vaxtkı İsrail baş naziri İshaq Rabin və Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat Nobel mükafatına layiq görülmüşdü. Ən önəmlisi, 90-cı illərin əvvəllərində keçmiş Yuqoslaviyada başlayan savaşa da ABŞ-ın vasitəçiliyi ilə son qoyulmuşdu. Bunun sayəsində tərəflər arasında Deytonda (Fransa) saziş imzalanmışdı. Bütün bunlar Amerikanın aktivinə yazılan olaylardır.
Bu təcrübəni götürdükdə, ABŞ-ın bu istiqamətdə imkanlarının daha çox olduğunu görə bilərik. Düşünürəm ki, proses ABŞ-ın vasitəçiliyi ilə final nöqtəsinə qədər gələ bilər. İmzalanma mərasiminin Avropada olması da mümkündür. Çünki Avropa Birliyi ABŞ-ın strateji tərəfdaşıdır. Qənaətimə görə, ABŞ öz uğurlarını həm də öz müttəfiqləri ilə bölüşdürməyə çalışacaq ki, onlar da divident qazansınlar. Hazırda Ukraynada davam edən savaşda NATO, Avropa Birliyi və ABŞ bir cəbhədə çıxış edir.