Sülhməramlıların naməlum “məram”ları: İrəvan meri niyə Laçın dəhlizindən geri qaytarılmadı?

Qarabağda məsuliyyətli vəzifəni öz üzərinə götürən Rusiya sülhməramlıları növbəti dəfə bu ali missiyanın öhdəsindən gələ bilmədiyini sübuta yetirib.

Belə ki, Ermənistan KİV-nin əvvəlcədən anons etdiyi təxribat, bu gün öz təsdiqini tapıb.

İrəvan meri Ayk Marutyan Azərbaycan torpağına – Qarabağa, Xankəndi şəhərinə “səfər” edib. Həmişə olduğu kimi özbaşınalıqlarına göz yumulduğunu görən, beynəlxalq hüquq və prinsipləri ayaqlar altına alan Ermənistan tərəfinə bu cür təxribatı yaraşdırmaq, əlbəttə ki, qeyri-adi olmazdı.

Ancaq başqa bir dövlətin ərazisində sülhməramlı missiyanı icra edən, tərəflər arasında sülhün formalaşması və qorunmasına töhfə verəcəyi gözlənilən bir strukturun adına bu cür təxribata “göz yummaq”, şərait yaratmaq yaraşmır.

Ancaq Rusiya sülhməramlıları hansısa cılız bir merin özündən daha cılız biriləri ilə görüşünə göz yummaqla bizim də gözümüzü açır, onlara olan etimadı sarsıdır.

Bu isə bizim üçün nə qədər qəbuledilməzdirsə, Rusiya kimi nəhəng bir dövlətin imicinə və nüfuzuna bir o qədər ağır zərbədir.

Sual yaranır, daha əvvəl Azərbaycan torpağında ermənilərin sağlığına “tost deyən” sülhməramlıdan, bu gün Aykı Laçın dəhlizindən geri qaytarmasını gözləmək sadəlövhlükdürmü?

Yoxsa məram sadəcə bir tərəfin maraqlarını qorumaqdan ibarətdir? Hər halda tələb etmək və nail olmaq bizim haqqımızdır: sülhməramlı adına layiq olmayan “məramsızlar” üzə çıxarılmalı, Azərbaycan torpağına Ermənistan rəsmisinin yalnız Bakının İCAZƏSİ ilə daxil ola biləcəyini onların beyninə elə böyük hərflərlə həkk edilməlidir. Anlamayacaqları halda isə elə Ayk Marutyanın avtomobilinə oturdub gəldikləri yerə yollamaq lazımdır.

Hamısını Göstər

Related Articles

Back to top button