Sumqayıtdakı zavodlar niyə yanır, təsadüf yoxsa təxribat? – Açıqlama
Bu gün səhər saatlarında Sumqayıtda yerləşən sexdə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın söndürülüb.
Bu, artıq son bir ay ərzində Sumqayıt şəhərindəki zavod və sexlərdə baş verən üçüncü yanğın hadisəsidir.
Belə olan təqdirdə, hər kəsi bir sual maraqlandırır, Sumqayıtdakı zavodlar niyə yanır və ya yandırılır?
Mövzu ilə bağlı konkret.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, yanğınlarla bağlı müxtəlif iddialar var:
“Ehtimallardan biri bu yanğınların təxribat olmasıdır. Həmçinin, xaricdən müdaxilə məsələsi də iddialardan biridir. Digər tərəfdən sözügedən yanğınların əsas səbəbləri həqiqətən ehtiyatsızlıq ola bilər. Lakin bu məsələnin təxribat olub-olmaması barədə aidiyyəti qurumlar araşdırıb ictimaiyyətə məlumat verməlidir. Bu onların vəzifə borcudur”.
Ekspert fikirlərinə belə davam edib:
“Media bu məsələni gündəmdə saxlamalıdır. Rəsmi açıqlamalarda yanğınların texnogen faktordan qaynaqlandığı söylənildi. Lakin istənilən halda hər üç hadisə ilə bağlı istintaq işlərini qısa müddətdə yekunlaşdırmaq çətin məsələdir. Əlaqədar qurumlar məsələni dərindən araşdırmalıdır. Vaxtı-vaxtında rəsmi açıqlamalar olmadığı zaman şayiələr geniş yayılır. Təxribat ehtimalları daha çox yayılır. Ona görə belə həssas mövzular mətbuatın gündəmində olmalıdır”.