Şuşada türk əsgəri kimi qorxudur?

Mötəbər mənbələrə görə Fransa rəhbərliyi 10 noyabrda üç dövlət arasında əldə olunmuş razılaşmanı pozmaq üçün ardıcıl cəhdlərə əl atır. Sazişi tanımamaq, Dağlıq Qarabağa status tələb etmək, daha sonra Azərbaycanın hərbi-siyasi uğurunu təftiş etmək və Cənubi Qafqazda formalaşan yeni geopolitikaya düzəlişlər etmək niyyətilə rəsmi Paris aktiv hərəkətə keçib.

Bunu millət vəkili Zahid Oruc deyib. O bildirib ki, bu davranış Minsk Qrupundan imtina etməyimiz üçün yetərli səbəbdir:

“Bu, əlbəttə bir tərəfdən yaxşıdır, çünki uzun on illər gizli saxlanılan məqsədlər tam açılıb və Minsk Qrupunu bitirmək üçün ölkəmizə yetərli əsaslar verilib.

O biri yandan, Qarabağ məsələsi Türkiyə və Rusiyanı daha da birləşdirir. Onlar qarşıdakı aylar ərzində birgə çalışacaqlar və qırıcı rəqabət, sərt toqquşma gözləyənlərin ümdiləri iflasa uğrayacaq. Burada Liviya və Suriya ssenarisi keçməz. Çünki sabitlik hər iki regional-beynəlxalq güc üçün birinci yerdə dayanır. Daha dəqiq desək, Moskva və Ankara Qafqazlarda qurduqaları möhkəm alyansdan Yaxın Şərq və Şimali Afrikada uzun sürən münaqişələrdə çözüm formulu tapmaq üçün yaxşı nümunə olaraq yararlanacaqlar.

Bu güclü regional birlik arxitekturası gələcəkdə Qafqazda Sülh və Əməkdaşlıq Paktı üçün fundament rolunu oynaya bilər. 1999-cu ildə böyük siyasi liderimiz Heydər Əliyev tərəfindən məhz ATƏT-in İstanbul sammitində strateji plan olaraq gündəmə gətirilən, daha sonra 2008-ci ildə Türkiyə Cümhuriyyətinin rəhbəri sayın Rəcəb Tayyib Ərdoğanın Moskvaya müştərək gerçəkləşdirmək üçün təklif etdiyi planın reallığa çevrilməsinin əsl zamanıdır. Əlbəttə, onu yeni çağırışlara uyğunlaşdırmaq diplomatların vəzifəsidir.

O biri yandan, müharibədən və onun nəticələrindən kənarda qalan dövlətlərin Avrasiyanın iki nəhənginin yaxınlaşmasını durdurmaq cəhdləri Azərbaycanın uğurlu çəkindirici addımları, hər iki qlobal gücün qətiyyəti və möhkəm iradəsi ilə bloklanacaq, uğursuzluğa düçar olacaqdır.

Eləcə də Britaniya və digər qlobal siyasət qurucularının ölkəmizin bütövlüyünə vediyi ardıcıl siyasi-mənəvi dəstək Qarabağ ətrafında formalaşan yeni hərbi-siyasi balansın pozulmazlığının zəmənətçiləri kimi çıxış edir. Ona görə də Şuşada türk əsgəri Ermənistandan başqa heç kəsin qorxulu röyasına çevrilməsin. Ermənilər dünyanı Türkiyə ekspansionizmi ilə hədələməklə kiməsə ağıl vermirlər. Çünki Angela Merkel, yaxud Boris Conson siyasət qurarkən İrəvanla məsləhətləşmir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi hərbi qələbəmiz regionda yeni ticarət, transmilli iqtisadi dəhlizlərin meydana çıxması, çoxmilyardlıq investisiyaların qoyulması ilə birgə müəssisələrin yaradılması və beləliklə, gələcək hərbi toqquşmaların birdəfəlik qarşısının alınması ilə nətəcələnəcək və 10 noyabr Sazişinin möhkəmlənməsi üçün böyük rol oynayacaqdır. Ən sonda hamı başa düşəcək ki, birinci Qarabağ müharibəsinin nəticələri uzun onillər Cənubi Qafqazı dünyaya tam açılmağa qoymurdusa, indi ikinci savaşın yekununda Azərbaycanın zəfəri bölgədə yeni geopolitika, yeni geoiqtisadiyyat və yeni imkanlar deməkdir.

Qarabağ Azərbaycan, Azərbaycan sülh, çiçəklənmə, polietnik harmoniya, regional, beynəlxalq transformasiya deməkdir”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button