Tarixə dönüş: 50 milyonun bayramına çevrilən gün

31 dekabr dünya azərbaycanlılarının həmrəylik və birlik günü olaraq qeyd olunur. 

Bu gün 1989-cu ilin noyabrdan başlanan “Sərhəd hərəkatı”ndan qaynaqlanır.

 Tarixi xronologiya

1989-cu ilin noyabrında keçirilən Azərbaycan Xalq Cəbhəsinin Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq “Sərhəd hərəkatı” adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tay və bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi. O tarixdən etibarən dünya azərbaycanlıları bu günü həmrəylik və birlik günü olaraq qeyd edir. 

Prosesin yayılması 

Naxçıvan Muxtar Respublikasından başlanan hərəkat qısa zamanda Azərbaycanın digər sərhəd rayonlarına da keçən “Sərhəd hərəkatı” bir andan ümumxalq hərəkatına çevrildi. Proseslərə imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr hərəkatın qarşısını almaq məqsədi ilə prosesə qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar. 

Bu məqsədlə sərhəd zonasında fövqəladə vəziyyət rejimi yaradıldı. “Sərhəd hərəkatı” ilə bağlı kommunist rəhbərlərin göstərişinə əsasən Azərbaycan Xalq Cəbhəsi üzvlərinə qarşı repressiyalar daha da gücləndi, onlardan bir neçəsi həbs olundu, işdən çıxarıldı, bir çox yerlərdə sökülmüş sərhəd çəpərləri bərpa olundu, lakin qonşu ölkələrin, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların bu prosesi parçalanmış xalqın təbii birləşmə meyli kimi müdafiə etməsi, ölkədə və dünyada gedən demokratik proseslər mövqeyindən qiymətləndirməsi xalqımıza qarşı yönəldilmiş təbliğatın qarşısını qismən aldı. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 

31 dekabr necə 50 milyonun bayramına çevrildi?

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi.

Qərarda nələr var idi? 

*31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü elan olunsun və hər il bayram edilsin; 

*Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin; 

*31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilsin; 

*Naxçıvan Muxtar Respublikasının şəhər və rayon məclislərinə tapşırılsın ki, bayram günləri demokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər hazırlayıb həyata keçirsinlər; 

*Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinə, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan vilayət şöbəsinə, Xalq Təhsili Nazirliyinə tapşırılsın ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Gününə həsr olunmuş elmi konfrans keçirsinlər; 

*Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın. 

1992-ci ildə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə isə bu qərar bütün ölkə üzrə rəsmiləşdirilib.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button