TRAMPIN ATACAĞI ÜÇ BÖYÜK ADDIM… – Ona öz planını rahat həyata keçirməyə imkan verəcəklər?

Ağ Evdən Prezident Cozef Baydenin “Covid-19” müayinəsinin pozitiv çıxması barədə məlumat veriblər. Həmçinin bildirilib ki, Bayden bu virus infeksiyasına qarşı peyvənd olunduğundan simptomlar özünü yüngül göstərir…

Sözügedən məlumat Cozef Baydenin prezident seçkisindən geri çəkiləcəyi anlamına gəlirmi?

Əlbəttə, ola bilər, hər halda Demokratlar Partiyasının “siyasi bürosu” yəqin ki, inadkarlıqdan əl çəkərək reallıqla razılaşmaq məcburiyyətində qalıb. Demokratlar Partiyasının prezidentliyə namizədi 19-22 avqustda Çikaqoda keçiriləcək qurultayda təsdiq olunacaq. Həmin vaxta kimi demokratlar Baydeni əvəz edəcək namizəd axtara bilərlər.

Demokratların kimi irəli sürməsinin hansı nəticələrə yol açacağını zaman göstərəcək. Yəqin ki, bundan sonra ABŞ-dəki meynstrim televiziya kanalları Trampa qarşı həyata keçirilən sui-qəsd cəhdinin üstündən sükutla keçəcəklər və demokratların yeni namizədinin təbliği üzərində fokslaşmağa başlayacaqlar.

Amma bu dəfə ABŞ-nin aparıcı TV kanalları üçün hədsiz çətin olacaq, çünki sosial şəbəkələr içərisində xüsusi yer tutan “X” (yəni tvitter) platforması Trampın dəstəkçisi Elon Maskın ixtiyarındadır. Sosial şəbəkələr isə televiziya kanallarından daha operativ fəaliyyət göstərirlər. İrəlidə xeyli vaxt var və biz qızğın seçki yarışı ilə qarşılaşacağıq.

Ümumiyyətlə, ABŞ bu gün bəşər tarixinin mürəkkəb və çətin dönəminin ağırlığını çıynində aparmaq kimi böyük məsuliyyətlə üz-üzədir. Amerika dünyanın siyasi, iqtisadi, hərbi, texnoloji lokomatividir. Ona görə də ABŞ-də yaşananlar qlobal xarakterlidir və bütün dünyaya təsirsiz ötüşmür.

ABŞ-dəki Demokratlar Partiyası üzdə görünən gücdür, onun arxasında on illiklər boyu dünya iqtisadi-maliyyə sistemini idarə edən və həmçinin də siyasi proseslərə dərindən müdaxilə edən qlobal maliyyə-bank sistemi dayanıb. 

Demokratlar sadəcə menecer rolunu oynayıblar və onlara təqdim edilən sxem əsasında fəaliyyət göstəriblər. Deməli, demokratların gələcəklə bağlı planları heç nəyin dəyişdirilməməsi və hər şeyin məhz bu cür davam etdirilməsindən ibarətdir. Amma bu yol böyük problemlərlə qarşılaşsa da, hansı səbəblərdənsə onun yenilənməsi istənilmir, yalnız kosmetik əlavələrlə kifayətlənirlər. Bu plan ABŞ-ni böyük sənaye dövləti olmaqdan çıxarır.

Son otuz ilə yaxındır ki, ABŞ respublikaçılarının fəaliyyəti də sözügedən həmin kosmetik dəyişiklilklərin həyata keçirilməsindən ibarət olub. Ancaq indi respublikaçılar Trampın rəhbərliyi altında dəyişikliyə, yeniliyə getmək niyyətindədirlər. Onların bunu bacarmasının özü artıq tamamilə başqa bir mövzudur. 

Demokratlar və onların himayədarları Trampın yenidənqurma proqramının onların uzun illər ərzində qurduqları nəhəng sistemi çökdürə biləcəyindən qorxurlar. Tramp sistemli adam deyil, ona görə də onun çıxışlarında, bəyantlarında ardıcıllıq yoxdur. O, üsyankardır, populist təsir bağışlayır və bu isə yaxşı deyil, çünki xaotikliyə apara bilər. Öncələr Respublikaçılar Partiyasında ona qarşı müəyyən etirazlar vardı. Bunun səbəbi Trampın Respublikaçılar Partiyasının daxili sistemindən çıxmamasıyla bağlıydı, lakin indi vəziyyət bir qədər fərqlidir. Trampın sistemsizliyinə baxmayaraq, onun məqsədi bəllidir.

Bəs Tramp ABŞ daxilində hansı addımları ata bilər?

Birincisi, sözsüz ki, ABŞ sənayesinin yüksəlməsi üçün onun proteksionist siyasət yürütməsi qaçılmazdır. Amerikalıların texnoloji cəhətdən öz üstünlüklərini qoruyub saxlamaq və onu daha da inkişaf etdirməsi üçün ölkənin müəyyən qədər özünə qapanmasına ehtiyac var.

Yüksək texnologiyalarda ABŞ Avropa və Çindən üstün vəziyyətdədir. Mikroelektronika sahəsində isə Amerika və onun ən yaxın dostu Tayvan birmənalı liderlərdir. Əsl həqiqətdə Tayvanın “TSMC” şirkəti ABŞ-nin sayəsində öncül olub. Bu sahənin nəhəngləri sayılan “İntel”, ”Qualcomm”, ”Nivida” və “AMD” kimi şirkətlər məhz ABŞ-də yerləşirlər. Amma qlobalistlər üçün texnoloji bilgilərin nəzarətsiz yayılması böyük əhəmiyyət daşımır.

Hələ 2018-ci ildə Tramp Çinə texnoloji bilgilər verilməsinin qarşısını almaq üçün bir çox ciddi qərarlar vermişdi. Onu demək lazımdır ki, ABŞ təkcə mikroelektronika sektoruna ciddi nəzarət etməklə dünyanın qalan hissəsi üzərində hökmranlığını ən yüksək həddə gətirə bilər. Məsələn, bu gün Rusiya raketlərinin hamısı Tayvan və ABŞ-də istehsal edilən mikrosxemlər sayəsində uçurlar. 

İkincisi, ABŞ-nin ən güclü tərəflərindən biri təbii enerji resurslarına malik olmasıdır. Orada neft və təbii qaz kifayət qədərdir. Ərazisi və əhalisinin sayı Amerikaya bundan sonrakı dönəmlərdə də fövqəldövlət olmağa imkan verir. Digər yandan, ABŞ-nin dünyadakı ən yaxın müttəfiqləri olan ölkələrin təbii resurslarını və elmi texnoloji potensialını yaddan çıxarmayaq. Belə ki, ərazisinə görə dünyanın ikinci ən böyük ölkəsi olan Kanadanın və həmçinin də Avstraliyanın böyük təbii resursları var. Yaponiya, Cənubi Koreya və Tayvan isə texnoloji nəhənglərdir.

Üçüncüsü, ABŞ öz daxili bazarını sənaye və geniş istehlak malları ilə təmin etməyə qadirdir, bunun üçün pul və vaxt lazımdır ki, bu da çətin problem deyil. Son zamanlar super güc üçün lazım gələn faktorlar tədricən yuyulur. Məsələn, İkinci Dünya müharibəsindən sonra dünyadakı sənaye istehsalında ABŞ-nin payı 50 faizi ötürdü, lakin indi bu göstərici 17-18 faizi keçmir.

Ancaq yuxarıda sadalananların həyata keçirilməsi heç də asan deyil. Belə ki, iqtisadiyyatın inkişafı üçün böyük pullar tələb olunur. Amerikadakı yüksək texnologiya şirkətlərinin gəlirləri təkcə ABŞ bazarından ödənə bilməz. ABŞ Baydenin prezidentliyi dönəmində xarici ölkələrə xeyli dövlət istiqraz vərəqələri satıb və nəticədə bol miqdarda dollar alıb, lakin son vaxtlar satışlar azalıb. Pulu yalnız çap yolu ilə təmin etmək həll yolu deyil, inflyasiyanın nəzərdə tutulan həddi aşması iqtisadi planlamanı büsbütün pozar.

Düzdür, son otuz ildir ki, qlobalist korpusun qurğuladığı model sayəsində dünyada dollar sisteminin saxlanması naminə ABŞ öz sənaye və iqtisadi potensialını tədricən itirib, lakin bu proses birdən-birə baş vermədiyi üçün onu radikal tədbirlərlə tez bir zamanda dəyişmək hədsiz çətin olacaq.

Trampın doktrinasından bəlli olur ki, o, əsas etibarı ilə fikrini ölkənin daxili problemlərinin həllinə yönəldəcək. Lakin unutmayaq ki, ABŞ-yə dünya hegemonluğu qismət olub və onun bu missiyanı üzərindən atması ölkə daxilində böyük problemlər yaradar.

Deməli, Tramp elə siyasət aparmalıdır ki, bundan ilk növbədə ABŞ ziyan görməsin, əks təqdirdə onun hakimiyyəti fiaskoya uğraya bilər.

Təbii ki, öz planını rahat həyata keçirməyə ona imkan verməyəcəklər.

Vaqif NƏSİBOV

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button