Turizm sənayesi nümayəndələri üçün insan alverinə qarşı mübarizə üzrə təlim keçirilib

Insan Alverinə Qarşi Mübarizə Üzrə Qht Koalisiyasi Turizm sənayesi nümayəndələri üçün insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə turizm sənayesində insan alveri risklərinin müəyyənləşdirilməsi və bu cür hallara düzgün reaksiya verilməsi mövzusunda təlim keçirilib.
Təlimdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Emin Əsədov, İnsan Alveri ilə Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova, koalisiyanın üzvü Mahirə Əmirhüseynova və Ağamirzə Bağırov çıxış ediblər.
Tədbirin əsas məqsədi hotel və turizm şirkətlərinin əməkdaşlarının insan alverinin mümkün əlamətlərini tanımaq, riskli vəziyyətləri vaxtında müəyyən etmək və belə hallarda təhlükəsiz davranmaq üzrə bilik və bacarıqlarını artırmaq olub.
Təlim çərçivəsində insan alverinin mahiyyəti, istismar formaları, eləcə də müvafiq hüquqi çərçivə barədə məlumat verilib. İnsan alveri qurbanlarının müəyyənləşdirilməsinə kömək edən göstəricilər, şəxsin davranışında və vəziyyətində diqqət yetirilməli məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Proqram zamanı hotel və turizm müəssisələrinin gündəlik fəaliyyətində rast gəlinə biləcək nümunələr əsasında risklərin aşkarlanması məsələləri nəzərdən keçirilib. Qonaqların qeydiyyatı, otaq xidməti, restoran, transfer və turizm xidmətlərinin təşkili zamanı müşahidə oluna biləcək şübhəli hallar, o cümlədən şəxsin sərbəst hərəkətinə maneələrin olması, sənədlərinin başqa şəxs tərəfindən saxlanılması və istismar ehtimalını göstərən əlamətlər izah edilib.
İştirakçılara şübhəli vəziyyətlə qarşılaşdıqları zaman müstəqil araşdırma aparmamaq, ehtimal olunan qurbanı təhlükəyə atmamaq, qarşıdurmadan çəkinmək və məlumatı müvafiq qaydada aidiyyəti qurumlara çatdırmaq prinsipləri barədə tövsiyələr verilib. Eyni zamanda uşaqlarla bağlı risk əlamətlərinin müəyyənləşdirilməsi və belə hallarda ehtiyatlı davranışın vacibliyi vurğulanıb.
İnteraktiv formada keçirilən təlimdə turizm sənayesinin sualları cavablandırılıb.
Qeyd edək ki, turizm sənayesi əməkdaşlarının insan alveri riskləri barədə məlumatlılığının artırılması bu halların vaxtında müəyyənləşdirilməsi və onların qarşısının alınması istiqamətində görülən maarifləndirmə İnsan alverinə qarşı mübarizə üzrə MFP 8.7.7 yarımbəndində nəzərdə tutulan tədbirlərinin tərkib hissəsidir.

 

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button