Türk Ordusu Qarabağa girir? – Qarabağdakı PKK yaraqlılarına qarşı antiterror əməliyyatı

“PKK terrorçuları Dağlıq Qarabağda yerləşdirilirsə, Türkiyənin tam ixtiyarı çatır ki, Azərbaycan Ordusu ilə birgə sözügedən istiqamətdə müəyyən hücum əməliyyatları həyata keçirsin”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda Livan ermənilərini yerləşdirməsinin ardınca PKK terrorçularının da nəzarətdən kənar qalmış bu ərazilərə göndərildiyi barədə informasiyalara münasibət bildirərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun fikrincə, İrəvanın PKK terrorçularına qucaq açması tamamilə gözləniləndir:

“PKK terrorçularının işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirildiyi barədə infomasiyalar həqiqəti əks etdirir. İllər uzun PKK ilə erməni terrorçu ASALA təşkilatı arasında ittifaq olub. Onlar uzun illərdən bəri əməkdaşlıq edib. Livandakı bazalarda birgə təlimlər keçiblər. Digər tərəfdən, hazırda Suriya və İraqda PKK-nın vəziyyəti ağırlaşıb.

Türkiyə Ordusu PKK qüvvələrinə sarsıdıcı zərbələr endirib. Belə vəziyyətdə mümkündür ki, PKK terrorçularının bir hissəsi öz düşüncələrinə görə daha təhlükəsiz yerə köçürülməsini istəyə bilər. Onların düşüncəsinə görə indiki vəziyyətdə təhlükəsiz yer məhz Azərbaycanın işğal altındakı rayonları ola bilər. Bununla həm Ermənistana dəstək vermiş olur, həm də bir növ özlərini Türkiyə Ordusunun hücumlarından qorumuş olurlar. Bu prosesin başlanması mümkündür”.

Həmsöhbətimizə görə, Azərbaycan məsələni yenidən beynəlxalq təşkilatlar qarşısında qaldıra bilər. Amma bununla belə E. Şahinoğlu bu diplomatik addımın ciddi reaksiya doğuracağını zənn etmir:

“Necə ki, Livandan ermənilərin işğal olunmuş torpaqlarımıza köçürüldüyü barədə məsələ qaldırsaq da, beynəlxalq qurumlar tərəfindən heç bir ciddi reaksiyanın şahidi olmadıq”.

Ekspertin fikrincə, belə olan halda Azərbaycan Türkiyə ilə hərbi ittifaqı daha da genişləndirməlidir: “Belədə işğal olunmuş torpaqları terrorçulardan təmizləmək üçün qardaş ölkə ilə birgə hərbi əməliyyatlara da başlaya bilərik. PKK terrorçuları Dağlıq Qarabağda yerləşdirilirsə, Türkiyənin tam ixtiyarı çatır ki, Azərbaycan Ordusu ilə birgə sözügedən istiqamətdə müəyyən hücum əməliyyatları həyata keçirsin. Bunun başqa alternativini görmürəm.

PKK terrorçuları Dağlıq Qarabağda yerləşməklə həm burada ermənilərə təlimlər keçəcək, həm də erməniləri qorumağa, Azərbaycana qarşı təxribatlar həyata keçirməyə çalışacaqlar. Belə olan halda, Türkiyə-Azərbaycan hərbi birliyinin birgə hərbi əməliyyatlara başlamalarının qarşısını heç nə ala bilməz”.

Mənbə
sfera.az
Hamısını Göstər

Related Articles

Back to top button