Türkiyədə seçki tarixi və Ərdoğanın namizədliyi ilə bağlı qərar açıqlandı

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci il aprelin 16-da parlament seçkiləri ilə eyni vaxtda keçirilə biləcək prezident seçkilərində iştirak edə biləcək. Bu tarix planlaşdırılan müddətdən üç həftə əvvələ təsadüf edir”.
Polise.az xəbər verir ki, bunu Türkiyə prezidentinin baş müşaviri, Prezidentin yanında Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum deyib.
“Güman edirəm, seçkilər 16 aprel 2028-ci il tarixində keçiriləcək. Bu, prezident idarəetmə sisteminə keçidlə bağlı referendumun baş tutduğu tarixdir və simvolik əhəmiyyət daşıyır. Prezident Tayyib Ərdoğan sonuncu dəfə namizədliyini irəli sürəcək”, – o bildirib.
Uçum bundan əvvəl seçkilərin məhz bu tarixdə keçirilməsi mexanizmini izah edib. Onun hesablamalarına görə, növbəti seçkilər 2028-ci il mayın 7-də keçirilməli idi. Səsvermənin 16 apreldə keçirilməsi üçün Türkiyə parlamenti müvafiq qərar qəbul etməlidir. Nazirlər Kabineti 2028-ci il fevralın 9-dan 15-dək olan müddətdə belə bir qərar qəbul edərsə, seçki qanunvericiliyinin qüvvədə olan normaları səsvermənin 16 apreldə keçirilməsinə imkan verəcək. Bu qərarın qəbul edilməsi üçün ən azı 360 deputatın səsi tələb olunur.
Bununla yanaşı, Uçum daha əvvəl vurğulayıb ki, siyasi baxımdan təklif olunan tarixdə olacağı halda bu, növbədənkənar seçki olmayacaq: “Növbəti ümumi seçkilər üçün bizim təklif etdiyimiz 16 aprel 2028-ci il tarixi siyasi-sosial baxımdan növbədənkənar seçkilərin tarixi deyil. Bu, sadəcə vaxtında keçirilməsi nəzərdə tutulan seçkilərin üç həftə əvvələ keçirilməsidir”.
Tarixin seçilməsi Ərdoğanın mümkün namizədliyinin irəli sürülməsi baxımından da əhəmiyyət daşıyır. Uçumun ifadə etdiyi hüquqi mövqeyə əsasən, parlament hazırkı prezidentlik müddəti başa çatmamışdan əvvəl seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, qüvvədə olan Konstitusiya Ərdoğana Konstitusiyada nəzərdə tutulan istisnadan yararlanaraq yenidən öz namizədliyini irəli sürməyə imkan verəcək.
Polise.az



