Türkiyənin Suriyada keçirdiyi əməliyyatlar: Ankaranın hədəfləri

Türkiyə sərhəd zonalarında keçirdiyi və rəsmi şəkildə elan etdiyi hərbi əməliyyatlarının miqyasını genişləndirir və bununla sərhəddən əsən küləklərin gətirdiyi “toz-torpağı” havaya sovuraraq onu məhv etməyi hədəfləyir.

Türkiyə Respublikasının xarici siyasətində İraq, Suriya amilləri qırmızı xətlə keçir, çünki bu ölkələrdəki təlatümlər Türkiyəni də cənginə ala biləcək regional təhdidlər yaradır.

İraqın şimalında Türkiyə Silahlı Qüvvələri “Pence-Kilit” əməliyyatı aparır, paralel olaraq Suriyanın Tel-Rıfat və Münbiç şəhərlərində də PKK-ya qarşı döyüşür.

Bununla da Türkiyə PKK-nı bir neçə nöqtədən vurmaqla onu tamamilə zəiflətməyi hesablayır, hərçənd ki, PKK-nın Türkiyəyə qarşı təzyiq üçün əbədi və əzəli qalması üçün dəridən-qabıqdan çıxan güclər var.

Türkiyə ərazi nəzarətinə əsaslanaraq özünə lazım olan həddə təhlükəsizlik zolağı yaratmaq qətiyyətindən əl çəkməyəcək – hansı gücün hansı tələb və ya şərtlərlə çıxış etməsindən asılı olmayaraq.

Bir az da aydın olsun deyə qeyd edək ki, Türkiyənin əsas məqsədi PKK-nın öz sərhədləri yaxınlığına toplanmasının qarşısını almaq üçün cənub cinahında hərbi-ərazi nəzarəti yaratmaqdır.

Yeni əməliyyat Türkiyənin 2016-cı ildən bu yana Suriyada keçirdiyi beşinci əməliyyatdır.

Bu əməliyyatlar PKK probleminin siyasi yolla həllinə dair ümidlərin tükəndiyi meylini gücləndirir və uğur da qazanır, diplomatik mühitin üzərində isə qara bulud topası yaradır.

Yəni Türkiyə ilə Qərb arasında mövcud olan soyuq münasibətlər bir az da qəlizləşir və Ankara Qərbə nisbətdə Rusiya ilə birgə hərəkət etməyi “üstün tutur”.

Əslində, Tel-Rıfat Türkiyənin 2018-ci ildə keçirdiyi əməliyyatlardakı əsas hədəflərdən idi, amma o zaman Rusiya buna maneə yaratmışdı.

Cari qlobal tablo Rusiyanı Ukraynaya köklədiyindən Türkiyə özü üçün əlverişli mühitin yarandığını görür, Moskva isə ona dirəniş göstərmək siyasətindən hələlik əl çəkərək “xeyir-dua”sını verir.

Türkiyənin məqsədləri sırasında yer alan hədəflərdən biri də Ayn İsa və Tel-Temirə, oradan da “M4” magistral yoluna (Hələb-Lazkiya yolu) çıxış əldə edib orada nəzarət zolağı formalaşdırmaqdır.

Magistral Münbiç və Qamışlını da bir-birinə bağlayır. PKK bu yoldan logistik və ticarət əməliyyatları üçün yararlanır.

Ankara “M4”ün əhəmiyyətini öz lehinə çevirmək istəməklə bufer zonanın sərhədini genişləndirmək və onu təhlükəsiz vəziyyətə gətirmək yolunda addımlarını gücləndirəcək.  

Lakin Türkiyə bu bölgədə Rusiyanın siyasi müqaviməti ilə üzləşə bilər, elə Rusiya xarici işlər naziri Sergey Lavrovun Ankaraya gözlənilən səfərində də uzlaşma əldə edilməsi üçün danışıqlar aparılacaq.

Elə ABŞ hərbçiləri də Türkiyənin maraq dairəsində olan Suriya ərazilərində mövcuddurlar, buna görə də Ankara ilə Vaşinqton arasındakı mübahisələr dərinləşəcək.

NƏTİCƏ:

Türkiyənin regionda irəliləməsinə təkan verən kontekst nəzərə alınmaqla əməliyyatların davamını gözləmək lazımdır.

Bu, PKK probleminin hərbi həlli olsa da, ümumilikdə təhlükəsizliyə şərait yaradır. Ankara tələb etdiyi 32 kilometrlik bufer zonanı yaradana qədər hərbi əməliyyatları gündəmdə saxlayacaq.

Aqşin Kərimov

Hamısını Göstər

Related Articles

Back to top button