“ÜÇ MƏSƏLƏDƏ RAZILIQ OLSA, MÜHARİBƏ BİTƏCƏK”
Ukraynada müharibə tam sürətlə davam edir. Putin may ayına qədər Donbasın işğalını başa çatdırmağı hədəfləyir, artıq bununla bağlı Baş Qərargah rəisi və Ukraynadakı ordunun rəhbəri Valeri Gerasimova konkret tapşırıqlar verilib. Hazırda rusların amansız hücumu əsasən Donetskdəki Soledar və Baxmut istiqamətində müşahidə olunur. Bu istiqamətlərdə 18 minə qədər itki verən rus ordusunun az da olsa irəlilədiyi bildirilir. Ukrayna ordusu isə cəbhə xəttini saxladığını, qanlı döyüşlərin davam etdiyini və ərazilərin işğaldan azad ediləcəyini elan edir.
Dünyanın siyasi və iqtisadi xəritəsini dəyişəcək müharibədə Kiyevin qələbəsi üçün ABŞ, Britaniya və Kanada əlindən gələni edir. Putinə qarşı dünyanın 50-dan çox ölkəsinin birləşməsi müsbət hal kimi görünsə də, müharibənin uzanacağı perspektivi böyük narahatlıq yaradır.
“AzPolitika.info” bu mövzunu “Turan” İnformasiya Agentliyinin direktoru, analitik Mehman Əliyevlə müzakirə edib.
– Mehman müəllim, Rusiya-Ukrayna müharibəsinin bir ilinin tamamına yaxınlaşırıq. Müharibənin əvvəlində bir sıra proqnozlar irəli sürmüşdünüz. Son 50 ilin ən qanlı müharibəsi, onun gedişatı və siyasi tərəfləri haqqında indi nə deyə bilərsiniz?
– Mən hesab edirdim ki, müharibə daha tez bitə, tərəflərin maraqları daha tez təmin oluna bilər. Maraqlar da odur ki, ABŞ başda olmaqla Qərb Ukraynanı Rusiyadan ayırmaq və öz siyasi sferasına daxil etməyi hədəfləyir.
Rusiya isə bunun müqabilində ABŞ-dan öz suverenliyi üçün qarantiya alır, çünki Rusiyanın durumu ağırdır, bütün istiqamətlərdə tənəzzül var. Putin böhrandan çıxa bilmir. Odur ki, Rusiyanın getdikcə zəifləməsi və suverenliyinə təhlükə məsələsi yaranır. Bu baxımdan Moskva ABŞ-dan təhlükəsizlik qarantiyası istəyir.
Ukraynanınsa marağı ondan ibarətdir ki, Rusiyadan uzaqlaşsın. Daha doğrusu, Ukrayna dövlətçiləri və ya millətçiləri ölkələrini Rusiyadan ayırmaq və onu müstəqil dövlət kimi Qərbə doğru aparmaq istəyirlər.
Amma aydındır ki, müharibəyə qədər Ukraynada böyük bir qüvvə mövcud idi və ona daxil olanlar ölkələrinin gələcəyini Rusiyasız görmürdülər. Onlar faktiki Ukraynanın şərq vilayətlərində yaşayan insanların təmsilçiləri də sayıla bilərdi. İndi isə artıq bu reallıq mövcud deyil. Şərqi ukraynalılar, əslində, Rusiyadan ayrılmağa və özlərini əsl ukraynalılar kimi dərk etməyə hazır deyildilər.
Hazırda bununla paralel müharibə də davam edir. Mən yuxarıda qeyd etdiyim üç maraq təmin edilməyənə qədər də savaş davam edəcək. Bu da məcburi vəziyyətdir. Sözsüz ki, Rusiya indiyə qədər istədiyi qarantiyanı ala bilmir, odur ki, müharibənin davam etməsində maraqlıdır. Burada ikinci dərəcəli məsələlər də var və onlar inkişaf prosesindədir.
– Faktiki Putin Ukraynanı darmadağın edir, şəhərləri, infrastrukturu, iqtisadiyyatı məhv edir, mülki insanları hədəf alır və s. Siz bu müharibənin gedişatını və nəticələrini necə görürsünüz?
– Müharibə davam edəcək. Biz görürük ki, tərəflər müharibənin davam etməsindən çəkinmirlər. Ukraynalılar getdikcə daha çox hiddətlənirlər. Rusların əsas zərbəsi şərqi Ukraynaya dəyir. Savaş şərqi Ukraynada gedir. Müharibə cənubdan baxanda Dneprin sağ sahillərini əhatə edir. Amma şərqi Ukrayna həm də əsasən ruspərəst elektoratın olduğu ərazidir.
Putin Rusiyası o bölgələri vurur ki, orada yaşayanlar özlərini Rusiyaya daha yaxın hesab edirdilər. Ruslar o bölgələri daha çox dağıdırlar ki, onlar Rusiyaya daha yaxındır. Yəni, bu bölgələri özündən döndərir. Sən kiminsə evini dağıdırsansa, məhv edirsənsə, sənə qarşı qəzəb olacaq, nifrət yaranacaq. Bax, bu proses də var. Əslində, belə bir vəziyyətin olması Ukraynanın maraqları dairəsindədir.
Moskva hələ qarantiya ala bilmir, odur ki, müharibəni davam etdirəcək. Məncə, sonda bir qərar ortaya çıxacaq, sadəcə, ona hələ çatmayıblar. Hesab edirəm ki, bir qədər də gözləmək lazımdır.
– Ukraynadakı rus ordu komandanlığı tez-tez dəyişdirilir. Bir neçə gün əvvəl Putin komandanlığı Baş Qərargah rəisi Valeri Gerasimova tapşırdı. Bu, nəyin göstəricisidir?
– Bir sıra əlamətlər var. Bu, birinci onu göstərir ki, rus ordusunda idarəetmə problemləri var. Bir var ordu dinc dövrdə yaşayır, formalaşır, bir də var müharibədə. Dinc dövrdə yaranan və formalaşan ordular belə kataklizmlər olanda kifayət qədər problemlərlə üzləşir. Rus ordusu keçmiş SSRİ bazasında, II Dünya Müharibəsi əsasında formalaşıb. Uzun illər bu nəticə üzərində özünü qalib ordu sayıb. Amma reallıqda qalib ordu haqqında danışmaq çətin idi. Ukrayna müharibəsi bunu ortaya qoydu.
İkincisi, rus ordusunda ən yüksək postu Valeri Gerasimov tutur. İndi onun təyin olunması deməyə əsas yaradır ki, müharibə hansısa yekun xəttə gəlib çatır, yaxınlaşır. Əlbəttə, müharibə bir neçə ay çəkə bilər, amma məntiqlə sona doğru gedir. Bir daha ona qayıdıram ki, burada çox şey ABŞ və Rusiyanın razılaşmasından, bir araya gəlməsindən asılıdır. Gerasimovun Ukraynaya göndərilməsi onu göstərir ki, hansısa bir prosesə yaxınlaşma var.
– Bəs, Ukraynanın işğal olunan ərazilərinin taleyi necə olacaq?
– Ukrayna sözsüz ki, torpaqlarını azad edəcək. Bu, mütləq olacaq. Rusiya tərəfindən müharibə elə aparılır ki, sanki əsas Putindir, digərləri icraçılardır. Bu, ona görə belə edilib ki, post-Putin dövründə danışıqlar aparmaq imkanı olsun, tərəflər bir araya gələ bilsin.
– Belə böyük miqyaslı və 100 minlərlə insan itkisinin olduğu müharibələrdə adətən hakimiyyət dəyişiklikləri də baş verir. Bu müharibə Rusiyanı dəyişəcək, yoxsa Ukraynanı?
– Hesab edirəm ki, savaş Rusiyanı da, Ukraynanı da dəyişəcək. Hazırda hər iki ölkə dəyişir. Məsələn, müharibə ərəfəsində hər iki dövlətdə böhranlı vəziyyət yaranmışdı. ABŞ çalışırdı ki, Ukraynanı öz sferasına daxil etsin, lakin alınmadı. Elita və əhali buna hazır deyildi.
Ukrayna oliqarxlar və banditlər tərəfindən idarə olunurdu. Ona görə də korrupsiya haqqında bəyanatlar yayılırdı, amma heç nə dəyişmirdi. Belə vəziyyətdə Ukraynada geriləmə başlaya bilərdi ki, bu da Vaşinqtonun maraqlarına cavab vermirdi. Deməli, müharibə çıxış yolu kimi qalırdı.
Rusiyada da eyni durum idi. Hakimiyyət zəifləyirdi, etirazlar getdikcə artırdı. Hərbçilər artıq bəyanatlar yayırdı. İvaşov və digər generallar açıq danışırdı. Bütün bunlar Rusiyada əhalinin fəallaşması demək idi. Ağıllı adamlar düşünürdü ki, hətta hərbi çevriliş də ola bilər. Bu, 1991-ci ildə alınmamışdı, amma bu dəfə alına bilərdi. Deməli, Rusiya üçün də çıxış yolu müharibə idi.
Bu müharibədə kimi sındırırlar? Ordunu! Əlbəttə, “Vaqner” qrupundan, Kadırovdan danışılır, sanki ordu heç nəyə qadir deyil. Sözsüz ki, yaxın gələcəkdə rus ordusunda böyük dəyişikliklər olacaq. Anti-Putin dalğası da yoxa çıxacaq.
Üstəlik, Ukraynada oliqarxlar sıradan çıxdı. Elə Rusiyanın özü də həmin vəziyyətdədir. Əksər sərvətlər oliqarxların əlində idi, rus oliqarxların kapitalı ölkədən çıxırdı. Bu da kifayət qədər böyük məbləğlər idi – ildə 40 milyarddan 100 milyarda qədər pulun Rusiyadan çıxarılmasından danışılırdı. Odur ki, Rusiyada oliqarxların sıfırlanması təsadüfi deyil.
– Bu müharibənin nəticələri Putinin taleyinin müəyyən edilməsində hansı rol oynaya bilər?
– Putin əslində, ötən il fevralın 24-də müharibəyə başlayanda bilirdi ki, nəyə gedir. Ona görə də müharibəni başlayanda hər şeyi öz öhdəsinə götürdü. İndi biri deyir xəstədir, biri deyir problemi var və s. Bunlar öz yerində. Amma Putin anlayır ki, bunu etməlidir, əks təqdirdə vəziyyət daha pis olacaq. Odur ki, bunlar məcburi addımlardır, nəyə getdiyini də Putin hamıdan yaxşı bilirdi. Nəzərə alın ki, Rusiyanı xüsusi xidmət orqanları idarə edir. Onlar uşaq deyillər və bilirdilər ki, nələr baş verir, nəyə gedirlər. İndi başqa bir proses də gedir. Rusiya, ABŞ kimi dövlətlərdə hərbi sənaye kompleksi kifayət qədər mühüm rol oynayır. Yəni, sənayenin böyük hissəsi hərbi kompleksə bağlıdır. Vaxtilə istehsal olunan silahlar anbarlara yığılır, onların texniki parametrləri köhnəlir, bununla paralel dünya inkişaf edirdi. Yenilərini yaratmaq üçün köhnələri anbarlardan çıxarmaq lazımdır. Bunun da ən gözəl yolu elə müharibədir. Anbarları da yeni silahla doldurmaq üçün sənayeni tam sürətlə işə salmaq lazımdır. Bu proses zəncirvari formada gedir. Xammal gətirilməlidir, emal olunmalıdır, nəsə əlavələr lazım gəlir. Eləcə də elmi araşdırma institutları işləməlidir. Təsəvvür edin ki, buna başlamaq üçün bütün Rusiya sənayesi işə düşməlidir. Kiçik və orta sahibkarlıqla bağlı problemlər var və bunlar aydındır. Amma mən qeyd etdiyim Rusiya sənayesi üçün kifayət qədər böyük yardımdır. Eləcə də ABŞ və ya Fransa üçün.
Biz görürük ki, artıq NATO-da silahlanmaya daha çox maliyyə ayrılması məsələsi qalxır. Bu silahları kim istehsal edir? ABŞ və digər dövlətlər. Təyyarələr haradan gəlir? ABŞ-dan. Eləcə də “Patriot” sistemləri, HİMARS və digərləri. İndi deyəndə ki, ABŞ Ukraynaya 30 milyardlıq yardım etdi, hamı təəccüblənir. Amma bu, itki deyil. Çünki əvəzində 100 milyardlarla pulun gəlməsi üçün şərait yaradılır. Odur ki, müharibə qlobal prosesdir, onun daxilində siyasi, iqtisadi, mənəvi komponentlər var. Müharibə davam edir və edəcək də.
– Yəni, Putin ömürlük hakimiyyətini təmin edəcək?…
– Putin gedə də, getməyə də bilər. Mən hesab edirəm ki, Ukrayna ilə real danışıqlar başlayanda, bunu Putin aparmayacaq. Bu, heç mümkün də deyil. Yəqin ki, Putini kimsə əvəzləməlidir. Putin onda ya hakim partiyanın sədri olacaq, ya da digər bir yerdə. Nəzərə almaq lazımdır ki, bu, komanda oyunudur. Komandanın da böyük hissəsi xüsusi xidmət orqanlarının nümayəndələridir. Onlar da mövqelərini uzun müddət saxlamağı düşünürlər. Amm Putin olmaya, başqası ola bilər. Bunun fərqi yoxdur. Bir daha vurğulayım ki, Putin bu müharibədə şüurlu formada bütün məsuliyyəti öz üzərinə götürüb. Bu da ona görədir ki, gələcəkdə komanda üzvləri proseslərdə daha fəal iştirak edə bilsin.
– Düşünürsünüz ki, müharibənin sonuncu mərhələsini müşahidə edirik?
– Gerasimovun ortaya çıxması cəmləşdirmək prosesinin göstəricisi ola bilər. Mümkündür ki, savaşda Gerasimovun tam uğursuz olması ortaya çıxacaq, onu uzqlaşdırmaq məsələsi də reallaşacaq. Mən görürəm ki, orduda böyük təmizləmə aparılacaq və hakimiyyətə münasibətdə loyal olmayanlar oradan uzaqlaşdırılacaq. Bu baxımdan hesab edirəm ki, əslində bütün bunlar idarə olunan proseslərdir.