Ukrayna müharibəni uduzur? – “Rusiya taktiki zəfərlər qazanır, amma…”

Rusiya artıq Donbasdakı Severodonetsk şəhərini tutmaq üzrədir, müharibədə hər gün 100-200 ukraynalı əsgər həlak olur. Ukrayna cənubdakı Xerson vilayətində Rusiya mövqelərinə qarşı əks-hücumda cüzi irəliləyiş əldə ediblər. Rusiya əsgərlərinin yenidən Xarkova doğru irəlilədiyi xəbərləri gəlir.

Bu xəbərlər Ukraynanın müharibəni uduzması deməkdirmi?

ABŞ-ın keçmiş ordu polkovniki və artilleriya zabiti Skot Boston deyir ki, Ukrayna itirilmiş ərazisini qaytara, Rusiyanı öz ərazisindən çıxara bilməyəcəksə, onda bəli, bu ədalətli yanaşmadır, onlar uduzurlar. Digər ekspertlər məsələnin “uduzmaq” sözünə necə yanaşmaqdan aşlı olduğunu deyirlər.

Kiyevdəki Ordu, Təlim və Tərksilah Araşdırmaları Mərkəzinin direktor müavini Mixaylo Samusun fikri belədir: “Reallıqda xəritəyə, Donbasa baxanda, orada böyük dəyişiklik tapmayacaqsız. Baxmayaraq ki, xeyli sayda Rusiya qüvvələri cəmlənib. Ukrayna qüvvələri çox effektiv müdafiə qurublar. Əksinə, Rusiya uduzub, bir neçə günə Kiyevi tutmaq kimi ilkin hədəflərinə çatmadı. Geniş mənada Ukraynanın şansı var, amma bu şans Qərbdən gələcək silahlara bağlıdır. Silahlar olarsa, Rusiyanın ələ keçirdiyi ərazilərin bəzi hissəsini işğaldan azad edə, fevralın 24-dən əvvəlki vəziyyətə qayıda bilərik. Bu baş versə, Putinin böyük problemlərlə üzləşəcəyi deməkdir”.

Xatırladaq ki, Rusiya qüvvələri Kiyevi, Xarkovu tuta bilməsələr də, cənubdakı Mariupol liman şəhərini ələ keçiriblər. Severodonetksin də bir neçə həftə çəkən ağır küçə, evbəev döyüşlər nəticəsində Rusiyanın nəzarətinə keçdiyi bildirilir. Severodonetskdəki “Azot” kimyəvi zavodunda dinc sakinlər və döyüşçülər qalıb və Mariupoldakı “Azovstal” ssenarisinin təkrarlanacağı güman edilir.

Hazırda Ukrayna qüvvələri Rusiyanın cənub-qərbdən şimal-şərqə – Baxmutdan Lisiçanska gedən magistral yolu tutmasını əngəlləməyə çalışırlar. Ukrayna bu magistralı “həyat yolu” adlandırır.

Rusiya qüvvələrinin şimalda Xarkov istiqamətində, Ukraynanın isə cənubda, 2014-cü ildə ilhaq olunmuş Krımdan şimaldakı Xersonda irəlilədiyi xəbər verilir.

Hazırda Birləşmiş Ştatlar və Britaniya Ukraynaya müxtəlif növ yaylım atəşi sistemləri yollayıb. Ancaq HIMARS daxil olmaqla, bu sistemlər hələ yerinə çatmayıb.

ABŞ-da nüfuzlu “Rand Corporation” təhlil mərkəzinin təhlilçisi olan Boston: “Rusiya ləng irəliləyir, artilleriya və raket atəşinin səviyyəsi də davamlı deyil. Rusiya taktiki zəfərlər qazanır, amma strateji qələbəyə yol görmürəm. Məncə, biz qarşılıqlı yorma, əldən salmaya yönəlmişik”.

Hamısını Göstər

Related Articles

Back to top button