UKRAYNA QƏRB TANKLARI ALIR

Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Prezident Volodimir Zelenski Qərbdən ağır zirehli texnika istəsə də Qərb liderləri müxtəlif bəhanələrlə onun bu arzusunu yerinə yetirməkdən boyun qaçırırdılar. Lakin bu yaxınlarda Fransa, Almaniya və ABŞ-ın Ukraynaya ağır texnika göndərəcəklərini elan etməsindən sonra ekspertlər deyirlər ki, bir müddətdən sonra döyüş meydanında “Abrams”, ”Leopard” və “Leclerc” tanklarını görəcəyik.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “Politico” qəzeti “Nəhayət, Ukrayna Qərb tankları aldı” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub. Həmin məqalənin tərcüməsini təqdim edirik:

“Aparıcı Qərb dövlətləri, nəhayət, Ukraynaya zirehli texnika göndərmək qərarına gəliblər. Kiyev çoxdandır ki, bu addımın atılmasını xahiş edirdi. İndi onlar ümid edirlər ki, bu, Ukrayna Silahlı Qüvvələrinə Vladimir Putinin qoşunları ilə döyüşdə ciddi impuls verəcək. Hər şey Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya “AMX-10 RC” yüngül təkərli tankın verilməsini elan etməsilə başladı.

Beynəlxalq Strateji Araşdırmlar İnstitutunun (International Institute for Strategic Studies) Avropa üzrə böyük məsləhətçisi Fransua Xeysburq vəziyyəti belə şərh edib: ”Fransanın verdiyi qərarla Ukraynaya ilk Qərb tankı göndərilir. Ukraynanın indiyədək Qərb tankı almamasının heç bir rasional səbəbi olmayıb”.

Ukrayna Prezidenti Volodimir Zelenski Fransaya minnətdarlığını bildirərək digər ölkələri də Ukraynaya tank və zirehli texnika verməyə çağırıb. Makronun qərarından bir neçə saat sonra Almaniya və ABŞ da bu istiqamətdə hərəkətə keçiblər.

Berlində Almaniya və ABŞ-ın verdiyi müştərək bəyanatda deyilir ki, Almaniya “Marder”, ABŞ isə “Bradley” Piyadaların Döyüş Maşını verəcək.

Əslində, Kiyev Fransadan ən müasir “Leclerc”, Almaniyadan “Leopard” və ya Amerikadan “M1Abrams” tankları almaq istəyir. Çünki onlar sovet tankları ilə müqayisədə daha mobil, daha uzağı vurmaq və daha dəqiq atəş açmaq qabiliyyətinə malikdirlər. Amma hər halda, Qərb ölkələrinin atdıqları bu addım göstərir ki, Ukraynaya tank göndərilməsi artıq hansısa “tabu” deyil.

Bunlarla yanaşı Berlin Ukraynaya “Patriot” zenit batareyaları verilməsi məsələsində ABŞ-a qoşulacağını bildirib. Nəticədə Kiyevin ixtiyarına verilmiş ABŞ istehsallı “Patriot” Zenit Raket Kompleksinin sayı iki ədəd olacaq. Hərçənd ki, Böyük Britaniya öz üzərinə anoloji öhdəliklər götürməsə də, bu ölkənin Xarici İşlər naziri Ceyms Kleverli alman həmkarı Annalena Berbokla görüşündən sonra deyib: ”Biz Ukraynaya uzaq məsafədəki Rusiya hədəflərini vura biləcək hərbi texnika yollayırıq. Bununla bərabər sonrakı mərhələdə onlara müdafiə sahəsində nə lazım olması barədə danışırıq. Biz bunları təmin etmək üçün beynəlxalq tərəfdaşlarımızla işləməkdə davam edirik. Tankların verilməsi bu proqramın tərkib hissəsi ola bilər. Onlar hardan gələ bilər, hansı müttəfiqlər konkret hansı tip tank verəcəklər – bunların üzərində əlbəttə ki, bir-birimizlə koordinasiyalı şəkildə işləyirik”.

Düzdür, son həftələr Ukraynadakı cəbhə xətti ciddi şəkildə dəyişməyib, Avropa paytaxtlarında indi diqqət döyüş meydanında bundan sonra nələrin baş verəcəyinə yönəlib. Fransa Müdafiə nazirinin müşaviri Sebastyan Lekorno hesab edir ki, ruslar yazda hücum edəcəklər.

Fransa ordusu “AMX-10RC” təkərli tanklarını Afrikadakı “Barxan” əməliyyatı zamanı kəşfiyyat maşını kimi istifadə edib. Bu maşının manevr qabiliyyəti və sürəti Ukraynaya kiçik əməliyyatların gedişində düşmənə güclü və sürətli zərbələr vurmağa imkan verəcək. Amma “AMX-10RC”-nin ciddi bir çatışmazlığı var: onun zirehi Rusiyanın ağır artilleriyası qarşısında çox zəifdir.

“National Defence Review” jurnalının direktoru, istefada olan general Jerom Pellistrand bu maşınlar haqqında deyib: ”Əməliyyat zamanı AMX-10RC maşınlarından əsas döyüş tankları kolonundakı kəşfiyyat avanqardında istifadə etmək olar. Bu maşınlar hələ 70-ci və 80-ci illərdə sovet quru qoşunlarının hərəkətini izləmək üçün hazırlanmışdı. Paradoks ondadır ki, bu gün həmin texnikanı elə həmin məqsəd üçün istifadə etmək mümkündür, çünki ruslar göstərdilər ki, onların sovet dönəmindən qalan doktrinası ciddi dəyişikliyə uğramayıb”.

Öz növbəsində Fransua Xeysburq bildirib: ”Bu cür hərbi texnikanın göndərilməsi son zamanlar Ukraynaya verilən ən mürəkkəb Hava Hücümundan Müdafiə sistemlərinin çatdırılmasından sonra Qərbin daha bir hərbi texnika yollamaq “tabu”sunu ortadan qaldırır. “AMX-10RC” hücum üçün nəzərdə tutulub. Bu zirehli kəşfiyyat maşını Ukraynaya işğal olunmuş ərazilərini azad etməyə kömək göstərəcək və bu, bizim onlara töhfəmizdir”.

Fransanın Ukraynaya nə qədər “AMX-10RC” göndərəcəyi elan olunmayıb. Pellistrand hesablayıb ki, fransızların arsenalında Ukraynaya təxirə salınmadan göndərilə biləcək 30 ədəd “AMX-10RC” maşını var. Həm də ki, hazırda Fransada bu zirehli texnika həmin tipdən olan yeni nəsil maşınlarla əvəzlənir.

“AMX-10 RC” maşınlarının döyüş meydanında necə effektli təsir göstərə biləcəyi ilə bağlı ekspertlər arasında şübhələr var. İstefada olan fransalı polkovnik və müdafiə məsələləri üzrə məsləhətçi Mişel Qoya deyib: ”Bu maşın ukraynalılara hansısa kömək göstərə bilər, ancaq kəmiyyət nöqteyi-nəzərindən baxsaq, əlbəttə ki, bu, azdır. Axı, hazırda Ukrayna Silahlı Qüvvələrində yüzlərlə tank və Piydaların Döyüş Maşını var. Yəqin ki, ukraynalılar onları maksimum səviyyədə istifadə etməyə çalışırlar, amma “AMX-10RC”-in atış məsafəsinın uzunluğu Rusiya tanklarınınkından geri qalır”.

Bundan sonra nə olacaq?

Ukraynaya “yüngül tanklar”ın göndərilməsi irəliləyiş sayılmalıdır. Bu yaxınlardakı çıxışında Makron bəyan etmişdi ki, Fransa Ukraynaya qələbə çalana kimi kömək edəcək. Fransanın göndərəcəyi zirehli texnika yalnız başlanğıc ola bilər. Ukraynalılar indiyədək Fransadan “Leclerc” tankları yollamağı xahiş edirlər, bu tanklar “AMX-10RC” ilə müqayisədə ağırdır, güclüdür və daha yaxşı zireh qatına malikdir.

Bu mövzuyla bağlı Fransanın yüksək vəzifəli hökumət məmuru deyib ki, bu məsələ öyrənilir və hər şey arsenalda “azad tankların” olmasından və ukraynalıların bu texnikanı lazımi qaydada istifadə edə biləcəyindən asılıdır.

Fransua Xeysburq bu barədə bildirib: ”Ukraynalıların hələlik Almaniya istehsalı olan və Avropanın bir çox ölkəsində istifadə edilən “Leopard 1” və ya “Leopard 2” tanklarında təlim keçməsi daha məqsədəuyğundur. “Leclerc” tanklarına xidmət göstərmək daha çətindir. Ukraynalılar daha çox “Leopard” tankları almaq istəyirlər”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button