Ümummilli Lider Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz edib


Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Universitetdən Polise.az-a verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla anıblar.

Sonra konfrans iştirakçıları Gəncə Dövlət Universitetinin V tədris korpusuna gedərək, Ulu Öndərə həsr edilən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Beynəlxalq elmi konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi yad olunub.

Daha sonra Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Konfransda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, deputat Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, İzmir Dokuz Eylül Universitetinin prorektoru Fatma Duyğu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru Məhəmməd Babanlı, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak edib.

Konfransda çıxış edən Yusif Yusibov qonaqları salamlayıb, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb. Rektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı hər zaman Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edəcək. Yusif Yusibov bildirib ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi.

Diqqətə çatdırılıb ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Ümummilli Lider xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olundu, irimiqyaslı iqtisadi layihələrin icrasına başlanıldı, Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olundu.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsi İkinci Qarabağ müharibəsində özünü göstərdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində ordumuz düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.

Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop Ulu Öndər Heydər Əliyevin Türkiyə və Azərbaycan əlaqələrinin inkişafında xüsusi rolundan danışıb. Hər iki dövlət arasındakı əlaqələrin çoxəsrlik tarixə malik olduğunu vurğulayıb. Hazırda bu dostluq münasibətlərinin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda elmin inkişaf mərhələləri və uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Ulu Öndər hər zaman elmin, təhsilin inkişafına xüsusi diqqət yetirib və gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını prioritet sayıb.

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, İzmir Dokuz Eylül Universitetinin prorektoru Fatma Duyğu və Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Vaqif Novruzov müxtəlif məruzələrlə çıxış ediblər.

Beynəlxalq konfransda mövzu ilə bağlı təqdim edilən 616 məqalə 6 cilddə nəşr olunub. Konfrans 15 bölmədə işini davam etdirib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button