UNESCO-nun mənzil-qərargahında Ana Dili Günü qeyd olunub
Parisdə UNESCO və Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında Ana Dili Günü qeyd olunub.
Polise.az xəbər verir ki, tədbirdə Azərbaycan da daxil olmaqla 22 ölkənin Daimi nümayəndəliyi iştirak edib.
UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini çıxış edərək, ana dili, yerli dillərin qorunmasının vacibliyi, ana dilinə əsaslanan təhsildən danışıb, dünyada danışılan 6700-dən çox dilin ən azı 40 faizinin uzunmüddətli perspektivdə yox olmaq təhlükəsi ilə üzləşdiyini bildirib.
Tədbirdə UNESCO yanında Daimi nümayəndəliklərin Ana Dili Günü münasibətilə hazırladıqları videolar yayımlanıb. Hər bir ölkə ana dillərində “Mən öz ana dilimdə danışıram, mən öz ana dilimi sevirəm” şüarı altında çıxış edib.
Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil olunmuş tədbir çərçivəsində ölkələr musiqi, poeziya, rəqs vasitəsilə mədəniyyətlərini təqdim ediblər. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən xalqımızın qədim xalq rəqsi “Uzundərə”ni nümayiş olunub.
Bu gün dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışır.