“Uşaqlarımızı Qarabağa göndərməyin!” – Ermənistan MN-in qarşısında aksiya
Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında əsgərlərin valideynləri toplaşıblar – onlardan bəzilərinin uşaqları Qarabağda xidmət göstərib ezamiyyətə buraxılıblar, bəzilərinin uşaqları isə yeni hərbi xidmətə çağırılıblar. Valideynlər uşaqlarının yenidən Qarabağa göndərilməsinə qarşı etiraz edirlər.
Sputnik Armenia-ya istinadən xəbər verilir ki, bina qarşısına toplaşanlar arasında hazırda Qarabağda xidmətdə olanların valideynləri də var – onlar isə uşaqlarının geri çağırılmasını tələb edirlər.
Dünən Qarabağa getməkdən imtina edərək, hərbi hissələrdən birindən qaçan əsgərlərin valideynləri də Müdafiə Nazirliyi qarşısına toplaşıblar. Fərari sayılan əsgərlərdən birinin anası kameralar qarşısında qışqıraraq, 44 günlük müharibənin dəhşətini görən əsgərlərə və valideynlərə hörmət göstərilməsini tələb edib.
“İstəmirəm ki, oğlum Qarabağda xidmət etsin. Qoy hara göndərirlərsə, göndərsinlər, amma bu, Ermənistanın sərhədləri daxilində olsun. Bizim uşaqları zorla maşınlara oturdub aparırlar. Bu, bizim üçün qəbuledilməzdir”, – deyə əsgərlərdən birinin atası bildirib.