Vəzifəli şəxslər yaxınlarının biznes maraqlarına görə qərar qəbul edə bilməyəcəklər

Azərbaycanda vəzifəli şəxslərin yaxın qohumlarının və digər yaxınlarının biznes maraqları ilə bağlı qərarların qəbulunda iştirakına məhdudiyyət qoyulması təklif olunur.
Polise.az xəbər verir ki. “Maraqlar toqquşması haqqında” Qanun layihəsinə əsasən, vəzifəli şəxsin özü, yaxın qohumu, qohumu və ya digər yaxınları üçün şəxsi maraq yaradan məsələlər üzrə hüquqi və inzibati aktların hazırlanmasına və qəbul edilməsinə yol verilməyəcək.
Eyni zamanda, vəzifəli şəxslərin şəxsi maraqlarına toxunan məsələlərlə bağlı müqavilələr bağlaması, nəzarət və yoxlama funksiyalarını həyata keçirməsi də qadağan edilir.
Kollegial qurumun üzvü olan vəzifəli şəxs baxılan məsələnin onun şəxsi maraqlarına toxunduğu hallarda bu barədə qurumu əvvəlcədən məlumatlandırmalıdır. Müvafiq əsaslar olduqda həmin məsələnin müzakirəsində və qərar qəbulunda iştirakdan kənarlaşmalıdır.
Layihədə bu normaların əsas məqsədi xidməti qərarların şəxsi və ailə maraqlarının təsiri altında qəbul edilməsinin qarşısını almaqdır.
Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib
Polise.az



