“VƏZİYYƏT MÜRƏKKƏBDİR, QARABAĞDA TƏXRİBATLAR GÖZLƏNİLİR!” – “Ermənistan sülhü deyil, köhnə siyasəti davam etdirməyi seçir”

Tofiq Zülfüqarov: “Məqsəd rus sülhməramlılarının olduğu zonada ermənilər üçün “qoruq” yaratmaqdır. Ruslar istəyirlər ki, Fransa proseslərə cəlb edilsin, Fransa da buna gedir…”

“Zəif Rusiyanın imkanı yoxdur ki, Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı hərbi addımlar atsın…Prezidentin çıxışında həm də İrana, Fransaya və Rusiyaya xəbərdarlıq var idi”

Rusiya Qarabağ və Azərbaycan-Ermənistan münasibətləri mövzusunda müharibədən əvvəlki ampluasına qayıdır. Kreml imkanları daxilində Xankəndindəki sepratçıları siyasi və hərbi baxımdan gücləndirməyə çalışır. Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamaları və Rusiyanın davranışları bu fəaliyyətin koordinasiyalı şəkildə həyata keçirildiyini göstərir. Bu səbəbdən də Bakı – Moskva xəttində gərginlik müşahidə edilir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Ermənistana və onun arxasında duran xarici qüvvələrə açıq xəbərdarlıq etməsi Bakının öz maraqları üçün sona qədər gedəcəyini göstərir.

Bu mövzunu sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarovla müzakirə edib.

– Tofiq müəllim, Soçi görüşündən sonra bölgəmizdə vəziyyətin kəskinləşdiyi aydın hiss olunur. Rus sülhməramlıları Xankəndinə silah daşıyır, Azərbaycan Ordusunun mövqelərinə atış açılır, qarşılıqlı sərt bəyanatlar verilir və sair. Bu fonda vəziyyəti necə qiymətləndirirsiniz?

– Praqa və Soçi görüşlərindən sonra aydın oldu ki, Moskva və Paris bu mövzuda eyni strategiyanı həyata keçirməyə başlayıb. Şəxsən məndə belə bir fikir formalaşıb ki, bölgəmizdə gedən proseslərdə Moskva və Paris qarşılarına eyni məqsədləri qoyaraq, tədricən həmin bu məqsədlərinə nail olmağa çalışırlar. Əsas məqsəd isə vəziyyəti kəskinləşdirib elə nöqtəyə gətirməkdir ki, münaqişə davam etsin və beləcə, indi zəif vəziyyətdə olan Ermənistana dəstək verərək öz maraqlarına uyğun durum yaratmaqla son 30 ildə mövcud olan vəziyyəti davam etdirsinlər.

Əsasən iki istiqamətdə addımlar atılırBirincisi, şərti olan sərhədə hansısa missiyaların yerləşdirilməsidir. Baxın, indiyə qədər bu sərhəddə rus ordusu var idi. Sonradan Avropa İttifaqı (Aİ) müşahidəçilərinin sürətlə oraya yerləşdirilməsi prosesi baş verdi. Onları Gürcüstandan gətirməklə aktivləşdirdilər. Qeyd olunur ki, müşahidəçilər cəmi iki ay ərzində monitorinq aparacaqlar. Amma bu, inandırıcı deyil və yaxın vaxtda bu missiyanın əvəzedici heyətinin formalaşdırılması gözləniləndir. İndi sanki Aİ müşahidəçiləri ilə rus sərhədçiləri eyni vaxtda sərhəddə fəaliyyət göstərirlər.

İkinci məqsəd rus sülhməramlılarının olduğu zonada ermənilər üçün “qoruq” yaratmaqdır ki, bu “qoruğun” içində ermənilərin sərbəst fəaliyyəti təmin edilsin. Görürük ki, bunun üçün müəyyən addımlar da atılır.

Eyni zamanda, Fransa çalışır ki, orada hansısa humanitar missiya yerləşdirsin və bölgəni hansısa formada Azərbaycanın suverenliyi altından qismən də olsa çıxarsın. Görürük ki, Rusiya tərəfindən də bu istiqamətdə addımlatr atılır. Vardanyanın fəallaşması, Xankəndində mitinqlərin təşkili və s. göstərir ki, orada bir qurum formalaşdırmaq istəyirlər və məqəsəd də odur ki, gələcəkdə Azərbaycan hökuməti həmin qurumun nümayəndələri ilə danışıqlar aparsın, o cümlədən də “status” mövzusunda. Aydındır ki, belə bir müzakirə aparmaq mümkün deyil, çünki ermənilər istənilən vaxt deyəcək ki, “bunu istəmirik, onu istəyirik”. Yəni, çalışacaqlar ki, müddətsiz, sonsuz və nəticəsiz danışıqlar prosesi başlasın. Necə ki, Minsk Qrupu 30 il ərzində bu cür işləyib. Yəni, “status”a aid mövzunu bu formatda ortaya çıxarmaq və Ermənistanla şərti sərhəddə delimitasiya və demorkasiya prosesini aparmaq. Qısası, bu formatı bizə güclə sırayırlar və istəyirlər ki, bunu qəbul edək.

Əsas məqsədlərdən biri də regionda Türkiyənin rolunu zəiflətməkdir. Müharibə dövründə və müharibədən sonra Türkiyə burada de fakto həmsədrlərdən biri kimi Rusiya ilə bərabər proseslərdə iştirak edirdi. İndi istəyirlər ki, Türkiyəni kənarlaşdırsınlar və yeni format yaratsınlar ki, burada da Rusiya ilə Fransa və ola bilsin ki, Fransanın arxasında Aİ öz yerini tapsın. Belə planlar görünür. Buna da nail olmaq üçün onlar müəyyən təxribatlara gedəcəklər.

Məsələn, Ermənistan bir neçə həftə əvvəl sərhəddə silsilə təxribatlar törədib və sonra Azərbaycanı günahlandırıb ki, guya ona təcavüz edib. Bunun da nəticəsi olaraq Aİ-nin müşahidə missiyasını Ermənistana gətiriblər. İndi isə növbə Qarabağ bölgəsindədir. Orada da silsilə təxribatlar və atışmalar yaradacaqlar ki, bura ruslardan başqa hansısa digər beynəlxalq missiyanı əlavə etsinlər. Onların istəyi təxminən budur.

– Deməli, Prezident Əliyevin Şuşada verdiyi bəyanat bu plana qarşı mesaj sayılmalıdır…

– Qeyd edim ki, Şuşada keçirilən müşavirədə əsasən hərbçilər iştirak edirdilər. Bu tərkib onu göstərir ki, Azərbaycanın və onun Prezidentinin siyasi iradəsi var və o, öz maraqları üçün istənilən addımları ata bilər. Prezidentin çıxışında həm də kənardan bu məsələlərə müdaxilə etmək istəyənlərə – İrana, Fransaya və Rusiyaya xəbərdarlıq var idi. Biz başa düşməliyik ki, son iki il ərzində bunlar fəallaşıblar. Necə ki, iki il əvvəl bölgəni bu münaqişə vasitəsilə idarə edirdilər, indi də bu siyasətin davamını aparmaq istəyirlər. Məqsədləri budur. Amma bu siyasətin qurbanı təkcə Azərbaycan deyil, həm də ermənilərdir. Buna görə Prezident Əliyev həm də erməni xalqına müraciət etdi. Birbaşa çatdırdı ki, siz alətsiniz, sizi qurban verəcəklər. Son nəticədə Xankəndində təxribatların qurbanları siz olacaqsınız. Hesab edirəm ki, məhz Şuşada bu xəbərdarlığı etmək vacib və siyasi baxımdan yerində olan addım idi. Əminəm ki, bu xəbərdarlığı həm Ermənistanda, həm də Azərbaycanda eşidiblər. Bizdə indi ictimaiyyət arasında bu mövzularda formalaşan bir fikir var. Bu da odur ki, lazım gəlsə, Azərbaycan əlində olan imkanlardan istifadə edəcək, o cümlədən güc alətindən. Azərbaycan xalqı öz ordusunun və dövlətinin arxasındadır, onu dəstəkləyir. Bu baxımdan Şuşada verilən bəyanat və mesajlar yerində idi.

– Ortada rus sülhməramlılarla da bağlı problemlər var. Bu mövzuda düşüncələriniz nədir?

– Burada vəziyyət bəllidir. İndi Rusiya o durumda deyil ki, Azərbaycan “buradan çıxın gedin” desə, dirəniş göstərə bilsin. Uzağı təxribat törədə bilərlər. Amma çıxmağa qalanda, çıxacaqlar. Çünki imkanları yoxdur ki, Azərbaycana və Azərbaycan – Türkiyə müttəfiqliyinə qarşı hərbi addımlar atsın. Məhz buna görə də, ruslar istəyirlər ki, Fransa proseslərə cəlb edilsin. Fransa da buna gedir. Fransa Senatının qətnamə layihəsinə baxsanız görərsiniz ki, həmin sənəddə Fransanın bu məsələyə aid siyasətinin addımları göstərilir. Məsələn, bir bəndə görə, Xankəndində humanitar missiya açmaq istəyirlər. Bu, nəyə işarədir? Yəni, “imkan verin biz orada missiya açaq və bu prosesləri idarə edək, danışıqlarda ermənilərə dəstək verək”. Belə humanitar missiya başqa bir məsələyə də işarədir. Orada hansısa təxribat törətmək, sabah “ay-haray, orada ermənilərə qarşı genosid baş verir” təbliğatını qurmaq və BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı xüsusi qətnamə qəbul edilməsinə cəhd göstərmək. Yəni, Qarabağa humanitar inventarizasiya lazımdır.

Əslində, belə layihələr Fransada müharibə vaxtı və ondan sonrakı dövrdə də olub. Amma onun qarşısını BMT-də Rusiya və Böyük Britaniya alıb. İndi isə görürük ki, sanki Rusiya onlara dəstək verəcək. Ruslar bizə deyə bilərlər ki, əgər bizi qovursunuzsa, o zaman burada BMT-nin missiyasının tərkibində olacağıq: “ Bizim mandatımız Rusiyadan deyil, BMT-dən gəlir və sizin də bunun üçün icazəniz lazım deyil”. Mən ehtimal edirəm ki, belə oyunlarla qarşılaşa bilərik.

– Ermənistanın Baş naziri iddia edir ki, 10 noyabr sazişinə görə 5 ilin tamamında rus sülhməramlıların müddəti guya avtomatik olaraq 5 il də uzadılmalıdır. Üstəlik o, Bakını danışıqları pozmaqda ittiham edib və deyib ki, guya biz Qarabağda qalan bir ovuc ermənini “soyqırıma” məruz qoymağa hazırlaşırıq. Bununla da Paşinyan Azərbaycanı bir növ müharibəyə təhrik edirmiş kimi görünür. Sizcə, onun məqsədi nədir?

– Bu, dediyim planın tərkib hissəsidir və bunun konkret əlamətləri var. Praqaya getməzdən əvvəl Nikol Paşinyan hökuməti Ermənistanın növbəti il üçün dövlət büdcəsini qəbul edib. Həmin sənədə görə, müdafiə xərcləri 47 faiz artırılıb. Digər bənddə isə qondarma qurumun maliyyələşməsinə 360 milyon dollar ayrılır. Yəni, onlar Azərbaycan ərazisində və ayrılmaz hissəmiz olan Qarabağda 360 milyon dollar xərcləmək niyyətindədirlər ki, qondarma qurumu saxlasınlar. Bu, işğalın davamı deyil, nədir? Əslində, Ermənistan sülhü deyil, köhnə siyasəti yeni şəraitdə davam etməyi seçir. Birmənalı belədir.

– Azərbaycan-Fransa münasibətləri onsuz da gərgindir. Deməli, yaxın perspektivdə Rusiya-Azərbaycan münasibətlərinin də kəskinləşəcəyini gözləyirsiniz…

– Biz görürük ki, Ukrayna müharibəsinin nəticəsində zəifləyən Rusiya indi Türkiyəyə etibar etmir və çalışır ki, regionda qalmaq üçün Fransanı prosesə cəlb etsin. Əlbəttə, bunun hansı şəkildə baş verəcəyini demək çətindir. Amma ssenarilərdən biri BMT çətiri altında qətnamə qəbul edərək buna nail olmaqdır.

– Deməli, Moskva-Bakı münasibətləri gərginləşəcək…

– Hər halda, indi Rusiya üçün seçim vaxtıdır. Biz görürük ki, Ukrayna müharibəsində Türkiyənin rolu artır. Söhbət gedir ki, Prezident Ərdoğanın təşəbbüsü ilə hansısa danışıqlar baş verir. Hər halda, belə məlumatlar var. Yəni, Rusiya üçün Türkiyə vacib ölkədir. Bu mənada Azərbaycana belə bir təzyiq baş verərsə, Türkiyənin də buna reaksiyası olacaq. Vəziyyət heç də birmənalı deyil. Mən dediyim ssenari təxminən onların istədiyidir, amma ortada Azərbaycan-Türkiyə müttəfiqliyi də var.

Digər yandan Ermənistanın İrana bel bağlaması ABŞ-da qəbul edilmir. Dövlət Departamentinin son bəyanatı bunu açıq şəkildə ortaya qoyur. İran az qala Ermənistanın əsas ümid yeridir. Dövlət Departamentinin İrana qarşı Azərbaycanı müdafiə etməsi göstərir ki, İrəvan Tehrana çox da bel bağlamamalıdır. Yəni, vəziyyət daha mürəkkəbdir.

– Siz Azərbaycan-Ermənistan sərhədində və rus sülhməramlıların nəzarət etdiyi ərazilərdən Azərbaycana qarşı yeni təxribatların olmasını, eləcə də hərbi qarşıdurmanın baş verəcəyini gözləyirsinizmi?

– Daha çox Qarabağda gözləyirəm. Bu, atəşkəsin pozulması, guya Azərbaycan əsgərlərinin ermənilərə hücum etməsinə dair hay-küy salınması formasında ola bilər. Ermənilər elə teatr quracaqlar ki, dünyanı buna inandırsınlar. İndiyə kimi sərhəddə özləri təxribat yaradaraq dünyanı inandırıblar ki, guya biz sərhədi pozmuşuq. Halbuki, bizim kazarmada yatan uşaqları artilleriya atəşi açaraq şəhid ediblər. İndi də dünyanı inandırmağa çalışırlar ki, guya Azərbaycan onlara hücum edib. Onlar üçün yalan yaymaq adətdir və bunu ustalıqla edə bilirlər.

– Belə çirkin planların qarşısında Azərbaycan təxribatlara necə reaksiya verməlidir?

– Prezidentin Şuşadakı çıxışına diqqət etdikdə görürük ki, düşmənin planları haqqında Azərbaycanda məlumat var. Biz ictimaiyyət olaraq bu barədə geniş və çox danışmalıyıq. Təbii ki, belə şəraitdə bəhs edilən planı həyata keçirmək düşmənlər üçün çətin olacaq.

– Bəs, Azərbaycan Ordusu mümkün təxribatlara necə cavab verməlidir?

– Qanunlara uyğun olaraq. Qarşımızdakı terrorçudursa, onu vurmalıyıq. Başqa cür ola bilməz. Hesab edirəm ki, bizim bu sahədə olan mütəxəssislərimiz lazımi işləri görürlər. Hər şeydən xəbərimiz var. Sülhməramlılar tərəfindən silah-sursat daşınması barədə xəbər boş yerə sızdırılmayıb. Oradan tank əleyhinə hansısa vasitələr keçiriblər. Bu da onların gələcək təxribat ssenarisini bir növ açıqlamış olur. Bununla məşğul olan mütəxəssislər, dövlət qurumları var və onlar öz işlərini görürlər. Biz isə ictimaiyyət olaraq bu barədə çox danışmalıyıq ki, belə planların qarşısını alaq.

Hamısını Göstər

Related Articles

Back to top button