Vladislav Şurıgin: “Ermənistan Azərbaycanla təkbətək qalmaqdan qorxur”

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın RBK nəşrinə verdiyi müsahibədə rəsmi Yerevanın Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etmədiyini bildirib.

N.Paşinyanın niyə belə açıqlama verdiyi başa düşüləndir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) iyulun 12-də sərhəddə baş verən erməni təxribatına aydın münasibət bildirərək, tərəflərə atəşkəsə riayət etmək çağırışı ilə kifayətləndi.

Öz ətrafının gözündə etimadını itirməmək məqsədilə Ermənistan baş naziri ölkəsinin kömək istəmədiyini söyləməyə başladı.

Bəs o zaman Ermənistanın KTMT-dəki daimi nümayəndəsi Viktor Biyaqovun “Təşkilatın ruhuna və nizamnaməsinə uyğun olaraq, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirilməlidir” çağırışını necə izah etmək olar? Yaxud Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın üzünü bu təşkilata tutaraq, “KTMT mütləq öz mövqeyini bildirməlidir, çünki bu təşkilata üzv olan bir dövlətin sərhədinin münaqişə ilə əlaqəsi olmayan hissəsinə edilən hücumdur” (“Qovorit Moskva” radiostansiyasında dediklərindən sitatdır) açıqlamasını götürək.

Bundan başqa, təşkilat Yerevanın təkid etdiyi təcili iclası da keçirmədi.

Rusiyalı hərbi mütəxəssis, publisist, “İzborsk klubu”nun daimi üzvü Vladislav Şurıgin hesab edir ki, Nikol Paşinyan son illər ərzində Rusiyadan məsafə saxlayaraq, ABŞ və Avropa ölkələri ilə yaxınlaşmanı müdafiə edən erməni elitasını təmsil edir.

“Bu istiqamətdə əsas addımlardan biri də Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması olmalıdır. Lakin N.Paşinyan imzalanan beynəlxalq müqavilələrdən imtina edə bilmir, çünki bu hadisə Ermənistanın əsas müttəfiqi və onun təhlükəsizliyinin qarantı olaraq qalmaqda davam edən Rusiya ilə münasibətlərin kəskin soyumasına gətirib çıxaracaq. Bu səbəbdən fərqli bir yol seçilərək, Ermənistanın KTMT və AİB-lə olan əlaqələrinin tədricən dondurulması nəzərdə tutulub”, – rusiyalı analitik V.Şurıgin “Svobodnaya Pressa” qəzeti üçün yazdığı məqalədə qeyd edib.

“Sərhəddəki döyüşlərlə Ermənistan Vyana və Sankt-Peterburqda münaqişə ilə bağlı əldə olunan həll planını zibil qutusuna ataraq, Azərbaycanı bu prosesi pozmaqda ittiham etməyə çalışır. Bütün məsuliyyətdən tamamilə azad olmaq üçün Ermənistan kütləvi informasiya vasitələrində Rusiyanı ittiham edən, onu Ermənistana xəyanət etməkdə suçlayan, respublikanın təhlükəsizliyini təmin etmədiyini iddia edən qəzəbli kampaniyaya başladı. Bütün bu səbəblər əsas gətirilərək, Yerevanın NATO, konkret olaraq isə ABŞ-ın timsalında yeni müttəfiq axtarmalı olduğu barədə fikirlər irəli sürüldü”.

Vladislav Şurıgin Media.Az-a müsahibəsində məqalədə qeyd etdiyi fikirləri təsdiq edərək, əlavə etdi ki, bununla belə Ermənistan vahid ittifaqı tərk etməyə hazırlaşmırdı.

“Söhbət hərbi təşkilatdan gedir. Azərbaycan aldanmadı və toqquşmalar genişmiqyaslı hərbi əməliyyatlara keçmədi. Beləliklə, bu hadisələr (iyulun 12-də başlayan hadisələri nəzərdə tutur) müharibə tarixinin kitabına daxil oldu. Artıq hadisələrin ikinci və üçüncü günü KTMT-nin münaqişəyə müdaxilə etməyəcəyi bəlli idi. Mənim şəxsi fikrim ondan ibarətdir ki, son günlər yaşananlar Ermənistan rəhbərliyinin mövqeyi ilə əlaqədardır”, – deyə, həmsöhbətimiz söyləyib.

– Sizin fikrinizcə, niyə Yerevan o qənaətə gəlib ki, Ermənistan ABŞ və NATO tərəfindən tərəfdaş kimi qəbul olunacaq. Axı onların öz problemləri kifayət qədərdir…

– Bir çoxları üçün öz ölkəsini ticarət vasitəsi kimi istifadə etmək yeni hal deyil. Bu, ermənilərin və Ermənistanın maraqlarına görə deyil, daha çox bu işlə məşğul olanların şəxsi maraqları ilə bağlıdır. Görünür ki, Rusiya ilə ittifaqı satmaq mümkündür. Ancaq Azərbaycanla təkbətək qalmamaq üçün bunu səliqəli şəkildə etmək istəyirlər. Beləliklə, bu, Rusiya ilə tərəfdaş münasibətlərindən uzaqlaşmaq, “müxtəlif masalarda” oynamağa cəhddir. Yerevan Qərbdən müəyyən güzəştlər qazana bilər. Ancaq çətin ki, burada hansısa hərbi təşkilata qəbul olunmaqdan söhbət getsin.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button