Xəzər rayonunda hərbi sursat aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu ərazisində hərbi sursatın basdırılması barədə məlumat daxil olub.
Nazirlikdən Polise.az -a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı basdırılmış sursatların döyüş tətbiqinə yararlı bir ədəd Makarov tipli tapança, bir ədəd RQN əl qumbarası və partladıcısı olduğu müəyyənləşdirilib.
Sursat Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.
Polise.az