Xaməneinin müşaviri: Avropa İttifaqı, ABŞ və NATO-nun Cənubi Qafqazla bağlı Brüssel qərarı reallaşmayacaq
Avropa İttifaqı, ABŞ və NATO-nun Cənubi Qafqazla bağlı son qərarı heç bir halda həyata keçməyəcək.
Polise.az İRNA-ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm bir hissəsi olduğu üçün Avropa İttifaqı, NATO və ABŞ-nin Brüsseldəki qərarı heç bir halda həyata keçirilməyəcək.
Müşavir ABŞ, Avropa İttifaqı, NATO və Ermənistanın iştirakı ilə aprelin 5-də Belçikanın Brüssel şəhərində keçirilən toplantıya münasibət bildirərək deyib ki, Avropa İttifaqı və ABŞ NATO çərçivəsində Brüsseldə toplaşaraq yeni qətnamə qəbul edib: “Cənubi Qafqaz regionuna yeni işğal və qeyri-qanuni müdaxilə planı hazırlayaraq dünyanın bu çox həssas bölgəsinə guya sülhü təşviq etmək məqsədilə müdaxilə etmək istədiklərini birbaşa bəyan ediblər”.
Ə.Vilayəti vurğulayıb ki, bu cür hərəkətlər dünyanın kritik bölgələrində gərginlik yaratmaqdan və məhv etmək bahasına hərbi mövcudluğa bəhanə axtarmaqdan başqa məqsədi yoxdur.
Polise.az