XOCALIM AY XOCALIM!
Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi, batdı, dağıldı.
Mənim şirin qafiyəm, mənim üçcə hecalım,
Xocalım, ay Xocalım!
Ağzından alov saçan silahlar yedi səni,
İştahalar, nəfslər, tamahlar yedi səni.
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni,
Göydə Allahı danan “allah”lar yedi səni,
Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!
Neçə ki yer üzündə yamanlar, pislər yaşar,
İçi dolu qurd olan nankor xəbislər yaşar,
Dumanlı beyinlərdə dumanlı hisslər yaşar,
Neçə ki bu şeytanlar, cinlər, iblislər yaşar,
Gərək hər gün, hər saat yağılardan öc alım,
Xocalım, ay Xocalım!
Quruyub cadar olmuş dodaqlara nə deyim?
Kəsilmiş biləklərə, barmaqlara nə deyim?
Qar içində buz olmuş ayaqlara nə deyim?
Yaxınlar eşitmirsə, uzaqlara nə deyim?
Tanrı rəva bilməsin, mən bu dərdlə qocalım,
Xoclım, ay Xocalım!
Nə möcüze göstərim, nə cürə imkan tapım,
Qan itirən kəslərin damarına qan tapım?
Hansı yolu seçim ki, dərdinə dərman tapım,
Amansız cəmiyyətdə sənə nə aman tapım?
Millətəmi güvənim, torpaqdanmı güc alım?
Xocalım, ay Xocalım!
Sənə yas verənlərə yas dalınca yas gərək,
İgidlərim öyməli, oğullarım xas gərək.
Dəmirdən geyim gərək, poladdan libas gərək,
Ölümə ölüm gərək, qisasa qisas gərək,
Gərək səndən ötəri qala yıxım, bürc alım,
Xocalım, ay Xocalım!
Həyat şirin, yol çətin, ölüm ucuz, can baha,
Baş qaldırıb ağrılar, dözmür ürəklər daha.
Təslim olmaq yaraşmaz bu gün ağrıya, aha,
Yalvarmaq istəyirəm peyğəmbərə, Allaha,
Haqqımı qaytarmağa bir ömür də borc alım,
Xocalım, ay Xocalım!
Töküldülər üstünə quduz kimi, ac kimi,
Şumladılar yer kimi, qırdılar ağac kimi,
Dağıtdılar çöllərə əsir, yalavac kimi.
Səni qaldırammasam başım üstə tac kimi,
Tarixin yaddaşında çətin qalxım, ucalım,
Xocalım, ay Xocalım!
Bizdən ürək istədin, ürək vermədik sənə,
Bizdən kömək istədin, kömək vermədik sənə,
Bizdən qanad istədin, lələk vermədik sənə.
Aylarla su vermədik, çörək vermədik sənə,
Buraxdıq özbaşına əlimizdən cənnəti,
Sənsiz nəyimə gərək Məkkə görüm, Hac alım,
Xocalım, ay Xocalım!
Təzədən yandı xallar muğamın nəvasında,
Bayquşlar ötür bu gün bülbülün yuvasında.
Biqeyrət oğulların şan-şöhrət havasında,
Kəmfürsət övladların vəzifə davasında,
Harayına çatmağa tapılmadı macalım,
Xocalım, ay Xocalım!
Yerbəyer eləməmiş sevincimi, dərdimi,
Bir-birindən seçməmiş mərdimi, namərdimi,
Əjdahalar əlindən qurtarmamış yurdumu.
Tanrının qırmancına döndərməmiş ordumu.
Qoy gəlməsin ölümüm, qoy çatmasın əcəlim,
Xocalım, ay Xocalım!
XOCALIM, ay XOCALIM!!!
ZƏLİMXAN YAQUB.