Zaqatalada dövlət nömrə nişanı olmadan avtomobil idarə edən sürücülər cərimələnib
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, hərəkətin daha intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı xüsusilə nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliyə yol verən, dövlət nömrə nişanı olmadan avtomobil idarə edən,eləcə də avtoxuliqanlıq hərəkətləri və digər ciddi qayda pozuntuları törədən sürücülər aşkarlanaraq onlarla profilaktiki söhbətlər aparılıb. Yol hərəkəti haqqında qanunun tələbləri izah edilib və barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.