Zülfüqar Qodmanlı – Çoxluq

İrili, xırdalı əsərlərini
Toplamaq bəlkə də bir ömrə yükdür.
Göydə ulduz var ki, qınama məni,
Böyük bildiyimiz yerdən böyükdür.

Sənət dünyasında kimdir birinci,
Çox yazan olsaydı nə idi dərdi…
Əgər çox olsaydı dünyada inci,
Qiymətdən düşərdi, gözdən düşərdi.

Atalar sözündə qüdrətə bax bir,
“Az olsun naz olsun” yaman deyiblər.
Təbibə, sənətə hörmətə bax bir,
Yalnız bir həkimə loğman deyiblər.

Saflıqdır həyattək dövləti, varı,
Həmişə könlümü odlayıb keçər.
Bir səhənk su üçün kəndin qızları
Neçə çay suyunu adlayıb, keçər.

Zirvələr sıldırım, qayalar şüşə,
Məhəbbəti gözdən, dodaqdan içdik.
Hər yerdə, hər zaman elə həmişə
Çaydan su içmədik, bulaqdan içdik.

Hamısını Göstər

Related Articles

Back to top button