“Əfqanıstanda baş verənlər Azərbaycanın maraqlarına xidmət edir” – Şərh
Birləşmiş Ştatlar Əfqanıstanı istədiyi kimi idarə edə bilmədiyi üçün onu Britaniyanın rəhbərliyində Türkiyə, Azərbaycan və Pakistanın idarəetməsinə ötürür. Heç kimə sirr deyil ki, Britaniya və Çin Qədim İpək yolunun bərpasında başlanğıc və son nöqtə olaraq ən maraqlı tərəflərdir. Bu marşrutu reallaşdırmaq üçün iki böyük maneə vardı. Nəzarət edilməyən Əfqanıstan və blokadada qalan Zəngəzur…
Əfqanıstan Birləşmiş Krallığın patronajlığına keçir və ilk gündən Əfqan hökuməti Türkiyə ilə iş birliyində olacağını ifadə edib. Bu vəziyyətdən məmnun olmayan İran Əfqanıstandakı yeni rejimi özünə aşkar təhlükə adlandırıb. Britaniya Baş naziri Consonla ABŞ prezidenti Bayden Əfqanıstanı müzakirə etmək üçün görüşəcəklər, qısacası nüfuz zonası təhvil-təslim edilir. Milyardlarla dollar dəyərində Çin və Pakistan mallarının Avropaya, həmçinin Avropanın eyni həcmdə yüklərinin Asiyaya asanlıqla daşınmasını təmin edəcək ən qısa və səmərəli marşrutun reallaşması üçün sonuncu həllini gözləyən həlqə Zəngəzurdur. Rusiya öz gəlirləri daxilində buna qarşı çıxmır, çünki Azərbaycan üzərindən İran, Ermənistan və Yaxın Şərqə çıxış əldə edir. Bu meqalayihədə Gürcüstanın tranzit əhəmiyyəti azalır, İran isə tamamilə kənarda qalır və şimalda təsir zonasını itirir.
Hər gün Azərbaycan-Ermənistan sərhədində baş verən atışma və gərginlik təsadüfi deyil və bütün siyasi gedişlər İpək Yolunun yaralı yeri olan Zəngəzur dəhlizinin açılmasına hesablanıb. Ortada böyük həcmli investisiyalar, milyardlarla dollarlıq ticarət sövdələşmələri və tranzit pulları olduğunu nəzərə alsaq Ermənistanın uzun müddət müqavimət göstərməsi mümkün olmayacaq. Azərbaycan tarixində olmadığı qədər güclü regional siyasi oyunçuya çevrilir.