Əliyevin bəyanatları: Paşinyanın üç auditoriyaya mesajı
Prezident İlham Əliyevin Kəlbəcərdə komando hərbi hissəsinin açılışında çıxışı postmünaqişə dövründə Azərbaycanın qazandığı hərbi-siyasi üstünlüklərinin elanı kimi şərh edilə bilər.
Rəsmi məlumatlardan çıxarış etsək, deyə bilərik ki, bu, sayca dördüncü komando hərbi hissəsidir.
Azərbaycan Ordusunda elit qüvvələrin hərbi hissə və şəxsi heyət olaraq sayı artacaq. İlham Əliyevin Kəlbəcərdə – Ermənistanla sərhəddə – rəsmi İrəvana ünvanladığı xəbərdarlıq mesajlarının motivi “sülh olmazsa, ikinci “Dəmir yumruq” olacaq” mövqeyinə söykənirdi.
Azərbaycan dövləti müharibədən sonrakı periodda Ermənistanla sərhəddə mövqelərini önəmli şəkildə möhkəmləndirib və sərhəd boyunca nəzarəti həm vizual, həm texniki imkanlarla genişləndirmə işlərini davam etdirir.
İlham Əliyevin çıxışında “Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır” deməsi həmin istiqamətdə sistemli işin davam etdiriləcəyinin bəyanıdır.
Bunun hərbi kontekstdəki gedişat planını təsvir etsək, yaza bilərik:
1. Ermənistanla sərhəddə ən müasir silahların yerləşdirilməsi ilə bu ölkəyə doğru atəş məsafəsi daha da qısaldılacaq;
2. Azərbaycan Ordusu danışıqların nəticəsindən asılı olmayaraq sərhəddə mövqeləri irəli çəkəcək. Bunun üçün əsaslı səbəblər mövcuddur: Azərbaycan mövqelərdə möhkəmlənmə xəttindən kənara çəkilsə, bu, Ermənistan üçün vaxt qazanmaq və revanşist meyillərin oyanması fürsətinə çevrilər. Bakı isə bu fürsətlərin ipucunu belə, Ermənistana göstərmək niyyətindən uzaqdır;
3. Azərbaycanın mövqelərdə möhkəmlənmə işlərini davam etdirməsi ara-sıra atəş səsləri ilə müşahidə olunacaq.
Azərbaycan hərbi-siyasi üstünlüklərlə yanaşı, iqtisadi parametrlərlə də Ermənistan üzərində güclü təzyiq dalğası yaratmağa nail olub. Azərbaycanın hərb variantı üstün seçim kimi görünsə də, bu, əslində Ermənistan üzərində iqtisadi mühasirənin gücləndirilməsi prosesi ilə paralel aparılır.
Ermənistan sərhədinə doğru yol çəkilişinin həyata keçirilməsi də (Laçın və Kəlbəcərdən) həmin iqtisadi konsepsiyanın bir elementidir. Həmin yolların uzunluğu 700 kilometr olacaq və bu, hərbi təminatın gücləndirilməsi və optimallaşdırılmasını stimullaşdıracaq.
İlham Əliyevin Kəlbəcərdəki bəyanatı hərbi perspektiv baxımından ssenarini də özündə ehtiva edir.
Ali Baş Komandandan SİTAT:
“Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.
İlham Əliyevin açıqlamasının ardından Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın müharibəyə hazırlaşdığını bildirdi.
Ənənəvi erməni bicliyinin təcəssümü olan Paşinyan bu açıqlama ilə üç auditoriyaya ismarış ünvanlayır:
1. Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edir ki, İrəvanın sülh gündəliyini Bakının şərtləri altında qəbul etməkdən başqa çarəsi yoxdur. Əks təqdirdə Azərbaycan tarixi ərazilərini (Qərbi Zəngəzur) geri qaytaracaq;
2. Beynəlxalq aləmdən dəstək istəyir və Azərbaycana qarşı cəbhə açmağa çalışır;
3. Ermənistan əhalisini sülhə inandırmağa cəhd edir və öz hakimiyyətini möhkəmləndirmək üçün indidən arqumentlər toplayır.
Paşinyanın müharibəyə dair açıqlaması Ermənistanın aciz mövqeyini göstərir, artıq İrəvan münaqişə dövründə olduğu kimi hədə səsləndirmir və Azərbaycanın Qərbi Zəngəzur kontekstində də asanlıqla yeni reallıq yarada biləcəyini qəbul edir.
“Azərbaycan müharibə istəyir” deyən Paşinyan elə həmin gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Laçın şəhərinin və Zabux kəndinin Azərbaycana təhvil veriləcəyini söyləyib (10 noyabr bəyanatının müddəalarına əsasən). O, bu ərazilərdə yaşayan ermənilərin yaşayış evləri ilə təmin olunacağını bildirib.
Bununla da Paşinyan Qarabağda və Şərqi Zəngəzurda yaşayan erməni əhalinin təhlükəsizliyinə dair Azərbaycanın şərtlərini qəbul etmiş kimi görünür. Yəni həmin ərazilərdə məskunlaşan ermənilərə deyir ki, siz Azərbaycan bayrağı altına keçsəniz, daha xoşbəxt ola bilərsiniz. Erməni əhali bu şərti qəbul etməsə, o zaman Paşinyan hökumətinin üzərinə əlavə yük düşəcək. Paşinyan komandası özü həmin ermənilərin köçünü təşkil etməli və onlara Ermənistanda yuva qurmalıdır ki, bu da İrəvana sərf etmir.
PROQNOZLAR:
Şərqi Zəngəzur bölgəsində Ermənistan təxribatlar törədəcək və cavabını alacaq. Erməni əhali faktoru bəzi problemlər yaradacaq, amma Azərbaycan bu mənasız dirənişə qarşı reseptləri dövriyyəyə salacaq.
10 noyabr bəyanatının 4-cü maddəsinin – erməni silahlılarının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdən geri çəkilməsi prosesi sürətlənəcək. Çünki yaranan mənzərədə onların əl-qol açması üçün lazımi məsafə qalmır.
Aqşin Kərimov