“220 il öncə Rusiyanın Qarabağ xanlığıyla imzaladığı sazişin heç bir tarixi-hüquqi əsası yoxdur…”

“Bununla belə, Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu təxminən 30 illik dövrdə Rusiyadan qeyri-rəsmi, bəzən hətta rəsmi səviyyədə Qarabağın guya tarixən nə Azərbaycana, nə də Ermənistana yox, Rusiyaya məxsus olması haqda eyhamlar səslənirdi…”
14 may – 220 il öncə -1805-ci ildə Qarabağ xanlığının qurucusu Pənahəli xanın varisi İbrahimxəlil xanın Rusiya imperiyasına təslim olduğu tarixdir. Deyəsən, Rusiya imperiyasının bugünkü ideoloqlarının həmin tarix yadlarına düşüb və 2023-cü ildə ermənilərin Qarabağdan köçməsi və “sülhməramlı”ların oradan çıxmasıyla əraziyə de-yure nəzarəti əldən buraxdıqlarını düşünərək yenidən 1988-ci ildə başlanmış son Qarabağ münaqişəsinin “valı”nı geri fırlatmağa çalışırlar. Ermənistanda Köçəryan və Sərkisyan başda olmaqla revanşist ermənilər, eləcə də Qarabağdan qaça bilmiş Vitali Balasanyan, Samvel Babayan kimi separatçı liderlər fəallaşdırılır. Balasanyan Putinə Qarabağa dönüşü tərənnüm edən məktub yazır. Və s. Belə görünür ki, Kremlin son məqsədi Paşinyanı devirmək, revanşistləri hakimiyyətə gətirmək və erməniləri yenidən Qarabağa qaytarmaq, bəlkə də Azərbaycanın tələb edilən şərtlərə tabe olmadığı təqdirdə yenidən müharibə başlatmaqdır. Görəsən, Kremlin bu istiqamətdə ciddi bir iş görməsi üçün resursları kifayət edərmi?
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı bunları söyləyib:
“Hesab etmirəm ki, Rusiyada kimlərsə 1805-ci ildə Qarabağ xanlığının Rusiyanın tabeliyinə verilməsi barədəki Kürəkçay müqaviləsi ərəfəsindəki situasiyaya uyğun bir durumun təkrarlanmasını xəyal etsin və bunu həyata keçirməyin mümkünlüyü barədə ciddi şəkildə düşünsün…
Bilirsiz ki, Çar Rusiyasıyla Kürəkçay müqaviləsini Qarabağ xanlığı imzaladıqdan bir həftə sonra Şəki xanlığı da imzaladı. Və 1805-ci ilin sonunda dekabr ayında təxminən eyni məzmunlu müqaviləni Şirvan xanı da imzaladı. Bütün bunlar Rusiya işğalının bir göstəricisi idi. Amma xanlıqlar ciddi şəkildə müqavimət göstərirdilər. Lakin həmin dövrdə Rusiya imperiyası hərbi cəhətdən çox ciddi olduğundan ona müqavimət göstərmək də çox çətin idi. Ona görə də xanlıqlar artıq qan tökülməsin deyə, bu yolu tutdular və imperiya ilə müqavilə imzaladılar. Ancaq bunlar təslim aktı deyildi, tərəflərə bərabər hüquq verən bir sənəd idi. Yəni müqavilələrə əsasən Azərbaycan xanları Rusiya çarlığının hakimiyyətini qəbul edir, çar da onların yerlərdəki hakimiyyətini qəbul edirdi və söz verirdi ki, onların hakimiyyəti əbədi olacaqdır, hakimiyyətlərinə toxunulmayacaqdır. Fəqət Rusiya öz sözünün üstündə dayanmadı və sazişləri pozaraq 1819-cu ildən başlayaraq bütün Azərbaycan xanlıqlarının müstəqilliklərini ləğv etməyə başladı. Ona görə də həmin sazişlər, o cümlədən Qarabağ xanlığıyla bağlanmış saziş öz mənasını itirib və heç bir tarixi-hüquqi əsasa malik deyil. Bununla belə, Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu təxminən 30 illik dövrdə Rusiyadan qeyri-rəsmi, bəzən hətta rəsmi səviyyədə Qarabağın guya tarixən nə Azərbaycana, nə də Ermənistana yox, Rusiyaya məxsus olması haqda eyhamlar səslənirdi. Və 1989-cu ilin yanvarında Moskvadan birbaşa xüsusi idarə komitəsinin yaradılması da eyni imperialist əhval-ruhiyyənin göstəricisi idi. Lakin orada da istədikləri alınmadı və qısa bir müddətdə- 1989-cu ilin sonuna doğru hələ SSRİ adlanan Rusiya imperiyası öz mövqeyindən geri çəkilməli oldu və həmin xüsusi komitə ləğv edilərək əvəzində Azərbaycanın özünün təşkilat komitəsi yaradıldı…
Təbii ki, bu gün də Rusiya istəyər ki, ona lazım olan məqamda erməniləri Qarabağa qaytarsın. Çünki ermənilərin Qarabağda qalması Moskvanın Azərbaycanda və bütövlükdə Güney Qafqazda təsir imkanlarının qalması deməkdir. Ermənilər qayıdıb yenidən Qarabağda yerləşsə, nə vaxtsa Rusiya onlardan Azərbaycana qarşı istifadə edəcək. Bunlar Moskvanın arzularıdır. Amma siz dediyiniz kimi, hazırda Rusiyanın bu planları həyata keçirmək üçün yetərincə resursları, hərbi, maliyyə imkanları yoxdur. Hətta bunun üçün Kremlin imkanı, gücü olsa belə, bu gün Azərbaycan o qədər güclüdür ki, ona qarşı hər hansı bir effektiv addım ata bilməyəcəkdir. Digər tərəfdən, Azərbaycanın mövqeyi də sərt şəkildə ortadadır ki, Qarabağa qayıdıb orada yaşamaq arzusunda olan ermənilər tam şəkildə Azərbaycanın Konstitusiya və qanunlarını qəbul etməli və Azərbaycan vətəndaşlığını seçməlidirlər. Eləcə də geri qayıdanlar arasında xalqımıza qarşı hərbi cinayətlərdə iştirak edənlərin hamısı cəzalandırılmalıdır. Ermənilərin isə, demək olar ki, 90 faizi Azərbaycana qarşı cinayətlərdə iştirak edib. Həmçinin onlara heç bir status-filan verilməyəcək. Ermənilər də bu məsələdən çəkinərək geri dönmək istəmirlər. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanın bu məsələdə mövqeyi aydın və qəti olduğundan Rusiya və ya Qərb, Avropa, ABŞ ermənilərin arxasında dayanıb onları geri qaytara bilən deyil…”
Moderator.az