Gəncədə Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub

Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğunun təşkilatçılığı ilə 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə əlaqədar tədbir keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncənin Ekoloji Park Kompleksində keçirilən tədbirdə əvvəlcə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Gününün tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, 2016-cı il iyulun 15-də Türkiyə çevriliş cəhdi ilə üz-üzə qaldı. Bununla belə, xalq bu vəziyyətə biganə qalmadı, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə minlərlə vətəndaş dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün şəhər meydanlarına və küçələrinə çıxdı, vətənini, dövlətini və demokratiyanı müdafiə etdi. O qeyd edib ki, bu gün türk milləti şəhid və qazilərini rəhmət və ehtiramla xatırlayır.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, məhz 2016-cı ilin 15 iyul tarixində Türkiyə xalqı irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu. Bir çox məsələdə olduğu kimi, bu dəfə də Azərbaycan Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə sadiqliyini nümayiş etdirərək dövlət çevrilişinə cəhd zamanı bütün gücü ilə Türkiyənin yanında oldu. Hadisənin ilk anlarından böyük narahatlığını bildirən Prezident İlham Əliyev Türkiyə dövlətinə dəstəyini açıq şəkildə ifadə etdi.

Çıxışlardan sonra şəhidlərin xatirəsinə dualar oxunub, 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin davamı olaraq Gəncənin Ekoloji Park Kompleksinin ərazisində şəhidlərin xatirəsinə ağac əkilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button