Mərkəzi Komandanlıq İranın silah daşımasının qarşısını almağa hazırlaşır – regionu nə gözləyir?

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq məqsədilə xüsusi əməliyyat qrupunun yaradılması barədə göstəriş verib.

CENTCOM-un məlumatına görə, “Iron Gate” (“Dəmir qapı”) adlandırılan yeni struktur ABŞ-nin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək. Onun əsas vəzifəsi İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə müasir silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalara məruz qalan materialların və qanunsuz gəlirlərin daşınmasının qarşısını almaqdır. Qrupun fəaliyyətində ABŞ Maliyyə Nazirliyi, Dövlət Departamenti, Ədliyyə Nazirliyi və kəşfiyyat strukturlarının nümayəndələrinin də iştirak edəcəyi bildirilir.

“Reuters” agentliyi qeyd edir ki, bu əməliyyat qrupunun yaradılması ABŞ-nin İrana təzyiqi gücləndirmək üçün yeni yollar axtardığını göstərir. Xatırladaq ki, Xəzər dənizinin sahilində beş dövlət yerləşir: Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan. 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya əsasən, Xəzərdə sahilyanı olmayan dövlətlərin silahlı qüvvələrinin iştirakı qadağandır, təhlükəsizlik məsələləri isə beş sahilyanı dövlətin səlahiyyətindədir.

Rusiyalı ekspert, Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) İqtisadiyyat fakültəsinin müəllimi və Rusiya Hökuməti yanında Maliyyə Universitetinin eksperti Fərhad İbrahimov “Svobodnaya Pressa”ya deyib ki, Vaşinqton İranı hərbi yolla istədiyi nəticəyə gətirə bilmədiyindən bu dəfə onun iqtisadi və logistika imkanlarını məhdudlaşdırmağa çalışır. Ekspertin fikrincə, ABŞ-nin məqsədi İranın beynəlxalq nəqliyyat marşrutlarını nəzarətə götürmək və ölkənin xarici ticarət əlaqələrini zəiflətməkdir. Bu strategiyanın hazırlanmasında ABŞ-nin maliyyə naziri Skott Bessentin də mühüm rol oynadığını deyən ekspert hesab edir ki, Vaşinqton İranın iqtisadiyyatına təzyiq göstərməklə Tehranın güzəştə getməsinə nail olmaq istəyir.

Ekspert bildirib ki, Vaşinqtonun bu addımı təkcə İrana deyil, həm də Xəzəryanı dövlət olan Rusiyanın regional maraqlarına yönəlmiş çağırışdır. Azərbaycanın mövqeyinə gəlincə, “Svobodnaya Pressa”nın Xəzəryanı digər dövlətlərin bu məsələyə münasibəti barədə sualını cavablandıran ekspert bildirib ki, Qazaxıstanın, xüsusilə də, gərginliyin azaldılmasına və sülhə çağırış etməsi gözləniləndir. Ekspert Azərbaycanın isə daha ehtiyatlı mövqe tutmağa çalışacağını düşünür. Onun sözlərinə görə, Bakı ilə Donald Tramp arasında münasibətlər hazırda normal mərhələdədir və Azərbaycan bu amili nəzərə alacaq.

Bununla belə, ekspert iddia edir ki, Vaşinqton Xəzəryanı dövlətlərin mövqeyini ciddi şəkildə nəzərə almağa meyilli deyil. O, ABŞ-nin İranla bağlı siyasətində regional təhlükəsizlik risklərinin, o cümlədən Xəzər hövzəsində yarana biləcək fəsadların lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib. Ekspertin qənaətinə görə, İranla qarşıdurmanın genişlənməsi təkcə Tehran və Moskvanın deyil, bütün Xəzəryanı dövlətlərin maraqlarına toxuna biləcək nəticələr doğura bilər.

Professor Elxan Mirzəyevin “Yeni Müsavat”a bildirdiyinə görə, burada Xəzəryanı ölkələr üçün risklər meydana çıxır. Mütəxəssis hesab edir ki, əgər ABŞ bu təşəbbüsü yalnız kəşfiyyat və diplomatik koordinasiya səviyyəsində saxlamasa, yəni dəniz və quru nəqliyyatına nəzarət tədbirlərini genişləndirsə, onda Xəzər hövzəsi böyük dövlətlərin qarşıdurmasının yeni istiqamətinə çevrilə bilər: “Mən rəsmi məlumata da diqqət yetirdim və məlum olur ki, struktur təxminən 20 hərbi və mülki əməkdaşdan ibarətdir. Yəni geniş bir heyət deyil. Onlar hazırda Florida ştatında yerləşib və İranın quru sərhədləri, həmçinin Xəzər dənizi ilə əlaqəli təchizat şəbəkələrini hədəfləyir. Amma nəzərə almaq lazımdır ki, bu, hərbi qüvvə deyil. Söhbət təchizat şəbəkələrini aşkarlamaqdan gedir. O baxımdan Xəzərin böyük bir eskalasiya hövzəsinə çevriləcəyinə inanmıram”.

İranın təchizat şəbəkələrinə qarşı təzyiq göstərilməsi ilə Xəzər dənizində tamamilə fərqli geosiyasi nəticələr yaranacağını proqnozlaşdıran professor, ABŞ-nin belə bir addım atacağını gözləmir: “Mənə elə gəlir ki, ABŞ-nin narahatlığı yalnız İranın hərbi ehtiyacları deyil, həm də Rusiyanın bu münasibətlərdəki roludur. Çünki Fars körfəzi və Hörmüz boğazında təzyiq artdıqda İranın şimal istiqamətindəki logistika əlaqələri daha çox əhəmiyyət qazanacaq. ABŞ də bunu hesablamış ola bilər. Amma ABŞ Xəzərə hərbi qüvvə yerləşdirə bilməz. Bununla bağlı konvensiya var və xarici güclərin hərbi qüvvələrini yerləşdirməyi istisna edir. Lakin bütövlükdə nəzarət mexanizmi yaratmaq istəyi müəyyən narahatlıq yaradır. Azərbaycan Xəzərdə hər hansı qarşıdurmanın tərəfdarı deyil. Azərbaycan ABŞ ilə təhlükəsizlik və iqtisadi əməkdaşlıq münasibətlərini inkişaf etdirir. Digər tərəfdən, İranla uzun quru sərhədinə malikdir və qonşuluq münasibətlərinin sabit qalmasında maraqlıdır. Amma İranın siyasi və informasiya müstəvisində Azərbaycana qarşı əsassız ittihamları arta bilər. Xüsusilə həssas məsələ Azərbaycanın ABŞ-nin bu təşəbbüsünə hər hansı formada dəstək verib-verməməsi ilə bağlı olacaq. Təbii ki, Azərbaycan iştirak etməyəcək, amma Tehran rejimi yalan danışmaqdan bu gün də əl çəkmir”.

Onun dediyinə görə, Azərbaycanın Xəzər sahilində yerləşməsi və İranla quru sərhədinin olması onu regional gərginlikdən tam kənarda saxlamağa imkan vermir: “Bununla belə, ABŞ-nin elan etdiyi təşəbbüs Azərbaycanın ərazisindən hərbi əməliyyatlar üçün istifadə olunacağını göstərmir. ABŞ bu təşəbbüslə İranın hərbi potensialını zəiflətmək istəyir, lakin Xəzərdə Rusiyanın maraqlarına toxunmadan buna nail olmaq asan olmayacaq. Azərbaycan üçün əsas məsələ isə ABŞ-Rusiya-İran rəqabətində öz ərazisinin və Xəzərdəki suveren hüquqlarının qorunmasıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button