Ukraynadan Qərbə nüvə təhdidi: ya NATO-ya alın, ya da…
Ukrayna hakimiyyəti Rusiyayla silahlı münaqişədən iki çıxış yolu görür — ya onlar öz nüvə silahlarını yaradırlar, ya da ölkəni NATO-ya qəbul edirlər.
Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 1994-cü il Budapeşt Memorandumu, çərçivəsində Ukrayna Rusiyaya SSRİ-dən miras qalmış nüvə silahını verməyə razılıq vermişdi, əvəzində isə Rusiya, ABŞ və Böyük Britaniya tərəfindən təhlükəsizlik təminatları almışdı. Ancaq bu, işə yaramadı. Buna görə də, Kiyev yalnız iki məqbul variant görür. Ukrayna prezidenti həmçinin vurğulayıb ki, Kiyev NATO-nu seçir. Almaniyanın “Bild” nəşri cümə axşamı yüksək rütbəli Ukrayna mənbəsinə istinadən bildirib ki, Kiyevdə ilk nüvə bombasını “bir neçə həftəyə” yığmaq mümkündür. Rusiyalı ekspertlər isə bunun tam hərbi-nüvə proqramından çox yalnız “çirkli bomba” ola biləcəyini izah edirlər. Onlar Kiyevin bu ultimatumunu şantaj kimi qiymətləndirirlər.
Ukraynanın NATO-ya qoşulması Vladimir Zelenskinin qələbə planının əsas maddələrindən biridir, lakin Şimali Atlantika alyansının üzv ölkələri, son bəyanatlarına əsasən, Ukraynanı Rusiyayla müharibə bitmədən sıralarına qəbul etməyə hazır deyillər. “NATO müttəfiqləri arasında alyansa dəvət məsələsi müzakirə edilir, amma hal-hazırda bu mövzuda konsensus yoxdur”, – cümə axşamı jurnalistlərə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib (“RIA Novosti”).
O xatırladıb ki, NATO-nun iyulda keçirilən sammitində alyansın bütün 32 ölkəsi “Ukraynanın üzvlüyə aparan geri dönməz yolda olduğunu” təsdiqləyiblər. Lakin mənbə bu vədin nə vaxt həyata keçiriləcəyini dəqiqləşdirməyib.
Bu arada, Almaniyanın “Bild” qəzeti, silah alınması ilə məşğul olan yüksək vəzifəli Ukrayna mənbəsinə istinadən xəbər verib ki, Ukrayna hakimiyyəti Rusiyanın ikinci dəfə Kiyevə hücumuna yol verməyəcək və bunun qarşısını almaq üçün nüvə bombası yaratmağa hazırdır. Bildirilir ki, bu barədə bir neçə ay əvvəl qapalı brifinqdə söhbət olub, həmin brifinqdə qəzetin müxbiri Yulian Röpke də iştirak edib. “Bizim materiallarımız var, bizim biliklərimiz var. Əgər əmr verilsə, bizə ilk bombanı yaratmaq üçün cəmi bir neçə həftə lazımdır”, – “Bild” Ukrayna rəsmisinin sözlərini sitat gətirir.
Onun sözlərinə görə, Qərb “Rusiyanın qırmızı xətləri haqqında daha az Ukraynanın qırmızı xətləri haqqında daha çox düşünməlidir”.
“Bild” qəzeti qaynaqları ilə işləyərkən çox diqqətli olması ilə seçilir. Bununla belə, cümə axşamı axşam saatlarında Ukrayna prezidentinin ofisi Alman nəşrinin məlumatını tələsik təkzib edib. Ukrayna prezidentinin müşaviri Dmitri Litvin “24-cü kanal”ın efirində hakimiyyətin nüvə silahı yaratma variantını ciddi şəkildə nəzərdən keçirdiyini iddia edən xəbərləri cəfəngiyat adlandırıb. Ardınca Vladimir Zelenski Brüsseldə NATO baş katibi Mark Rütte ilə birgə keçirdiyi daha bir mətbuat konfransında əvvəlki bəyanatını yumşaltmağı lazım bilib: “Biz heç vaxt nüvə silahı yaratmağa hazırlaşdığımızı deməmişik… NATO-dan başqa bizdə müdafiə yoxdur, bu bizim mesajımızdır, amma biz nüvə silahı yaratmırıq”.
SSRİ dağıldığı zaman Ukrayna dünyada üçüncü ən böyük nüvə arsenalına malik idi —təxminən 1700-1900 başlıq. Lakin 1990-cı illərin ortalarında əldə olunan razılaşmalar çərçivəsində Ukrayna ondan iqtisadi yardım və təhlükəsizlik təminatları qarşılığında imtina etdi. O vaxtdan bəri Ukrayna rəsmiləri dəfələrlə bunun səhv qərar olduğunu bildiriblər. Bu cür bəyanatlar xüsusilə 2014-cü ildən sonra daha çox səslənməyə başladı. 2022-ci ilin fevralında Vladimir Zelenski Budapeşt Memorandumundan imtina edə biləcəklərini bəyan etdi, o vaxtkı Ukrayna xarici işlər naziri Dmitri Kuleba isə Ukraynanın nüvə silahından imtinasını səhv adlandırdı. Kiyevdə bu zaman ölkənin nüvə bombası yaratmaq planlarının olmadığını təkrarlamalarına baxmayaraq, Ukraynanın kütləvi qırğın silahı əldə etmək istəyi barədə mübahisələr sonradan Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlaması üçün əsaslardan birinə çevrildi. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE), Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin yerinə yetirilməsinə nəzarət edən qurum, Ukrayna tərəfinə bu məsələdə heç bir irad bildirməyib.
Rusiya Elmlər Akademiyası Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (İMƏMO) Beynəlxalq Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi, professor Dmitri Trenin “Kommersant” ilə söhbətində Ukraynanın hərbi-nüvə sahəsində potensialını qiymətləndirməkdə çətinlik çəksə də, bildirib ki, Kiyev “çirkli bomba” adlanan bir qurğu hazırlayıb istifadə edə bilər. “Belə bəyanatlar (Vladimir Zelenskinin ultimatumu və “Bild” qəzetinin mənbəsinin xəbərdarlığı) Qərbə təzyiq etmək məqsədi güdür, çünki ABŞ və Avropa Kiyevə tələb etdiyi hər şeyi vermir”, – ekspert qeyd edib. Eyni zamanda, o vurğulayıb ki, belə bəyanatları ciddiyə almaq lazımdır: “Məntiqi olardı ki, bu “bir neçə həftə” keçmədən dərhal Ukraynanın malik olduğu müvafiq potensial və imkanları məhv edilsin”.
Öz növbəsində, Rusiya Elmlər Akademiyası Strateji Planlaşdırma Tədqiqatları Mərkəzinin elmi işçisi İlya Kramnik bildirib ki, Ukraynada heç vaxt nüvə silahı kompleksi müəssisələri olmayıb — bu sahə Sovet dövründə tamamilə RSFSR-də qurulmuşdu, həm ölkənin sərhədlərindən uzaq olmaq məqsədilə, həm də siyasi səbəblərdən. “Ona görə də Ukraynada nüvə silahının yaradılması mövzusu yalnız texnoloji cəhətdən mümkün deyil, həm də hədəflənmiş təxribat aktları üçün təhlükə yarada biləcək “çirkli bomba” variantı kimi qiymətləndirilə bilər”,- deyə ekspert yekunlaşdırıb.
Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün
Polise.az