Azərbaycan BRİCS-in Kazan sammitinə qatılır: unikal fürsətlər pəncərəsi

Politoloq: “İkitərəfli görüşlər və dördlü görüş baş tutarsa, kifayət qədər müzakirə olunacaq məsələlər var”

Bu gün-oktyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Kazana səfərə gedəcək. Həmin gün (oktyabrın 22-24) BRİCS-in növbəti sammiti başlayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev tədbirə qatılacağını ayın əvvəlində Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirmişdi. Kazanda onun BRİCS-ə üzv ölkələrdən olan İranın yeni prezidenti Məsud Pezeşkianla görüşü gözlənilir.

Prezident yəqin ki, Nikol Paşinyanla da bir araya gələcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT Baş katibi Antonio Quterreş də Kazanda olacaq.

Sammit çərçivəsində Əliyev-Ərdoğan-Putin-Paşinyan dördlü formatda görüşü necə, mümkündürmü?

Oqtay Qasımov: “Bu, bölgədə yenidən gərginliyin yaranmasına gətirib çıxaracaq”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Kazanda keçiriləcək BRİCS ölkələrinin sammiti önəmli bir tədbirdir. Bu sammit elə bir həssas zamanda keçirilir ki, ondan müəyyən gözləntilər var. O cümlədən uzun müddətdən bəri mətbuatda yayılan məlumatlara görə, üzv ölkələr beynəlxalq ticarətdə dollardan kənar digər valyutalarla ticarət aparmaqla bağlı qərarlar qəbul etməlidirlər. Təbii ki, Azərbaycan Prezidentinin BRİCS-də iştirakı Azərbaycanın bu quruma üzv olmaq niyyətləri ilə əlaqədardır: “Rusiya prezidenti Bakıda olarkən Azərbaycan prezidentini BRİCS-in Kazan sammitinə dəvət etmişdi. Azərbaycan da rəsmən BRİCS-ə üzv qəbul olunmaq üçün müraciət edib. Təbii ki, bu tədbirdə dövlət başçıları arasında görüşlərin keçirilməsi gözlənilir. Xüsusilə İranın yeni prezidenti Məsud Pezeşkianla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü mümkündür. Nəzərə alsaq ki, hər iki tərəfdən bu görüşlə bağlı müsbət siqnallar var, rahatlıqla söyləmək olar ki, bu görüş baş tutacaq. Görüş baş tutarsa, təbii ki, kifayət qədər müzakirə olunacaq məsələlər var. Nəzərə alsaq ki, bu ilin may ayında Azərbaycan Prezidenti İranın keçmiş prezidenti İbrahim Rəisi ilə Xudafərində görüşmüşdü və orada ikitərəfli münasibətlərə dair çox geniş fikir mübadilələri aparılmışdı və yayılan məlumatlar da ondan xəbər verirdi ki, tərəflər bir çox məsələlərdə ciddi razılaşmalar əldə ediblər. Azərbaycan liderinin İran səfirliyində söylədiyi fikirlərdən də bu qənaət möhkəmlənir. Məsud Pezeşkianla görüşdə yəqin ki, İbrahim Rəisi ilə aparılmış dialoqun davamı olacaq. Tərəflər ikitərəfli münasibətlərin bundan sonrakı inkişaf perspektivlərini müzakirə edəcəklər. Xüsusilə də bu kontekstdə nəqliyyat-loqistika məsələləri önəmli yer tutacaq. Nəzərə alsaq ki, hər iki ölkə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas iştirakçılarıdır, bundan başqa, Zəngəzur dəhlizinə paralel istiqamətdə İran ərazisindən Araz çayı boyunca çəkilən kommunikasiya xətti və onun sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək. İki qonşu arasında müəyyən suallar doğuran məsələlərin də müzakirəsi təbii ki, gözlənilir”.

O ki qaldı Ermənistan baş naziri Nikol Paşinyanla İlham Əliyevin Kazanda görüşünün baş tutub-tutmamasına, politoloq bu ayın əvvəlində Moskvada MDB dövlət başçılarının toplantısında belə bir görüşün baş tutmadığını xatırlatdı: “Rusiya tərəfi cəhd etsə də bu görüşü reallaşdıra bilmədi. Ola bilsin ki, Kazan səfəri çərçivəsində görüşü reallaşdıracaqlar. İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaqsa, müsbət hadisə sayıla bilər. Ən azı, durğunluqdansa təmasların olması müsbətdir. Kazan sammitində Əliyev-Ərdoğan-Putin-Paşinyan dördlü formatda görüşünə gəlincə, hazırkı durumda bu formatda görüşün keçirilməsi müsbət formatlardan biri ola bilər. Amma Ermənistanın bu formatda görüşə razılıq verəcəyini düşünmürəm. Baxmayaraq ki, Nikol Paşinyan yaxınlarda həm Ərdoğanla, həm də Putinlə ayrı-ayrılıqda görüşlər keçirib, qeyd olunan  dördlü formatda görüşə razılıq verəcəyi ehtimalı azdır. Lakin görüş keçiriləcəksə, bu hadisənin Cənubi Qafqazda proseslərə müsbət təsiri olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button