Hikmət Hacıyev: Azərbaycanın iqlimlə bağlı rolu regional sülh səylərinin bir hissəsidir

Neft hasil edən dövlətləri uyğun olmayan ev sahibi kimi qiymətləndirmək ikiüzlü oyundur. Gələn ay Azərbaycan COP29-a ev sahibliyi edəcək və artıq 28-ci dəfədir ki, iqlim sammiti neft və qaz hasil edən ölkədə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın “Financial Times” nəşrinə açıqlamasında söyləyib. Hikmət Hacıyev qeyd edib ki, İsveçrə istisna olmaqla, bu konfransa ev sahibliyi edən ölkələrin hamısı hasilatla məşğuldur. İstisnasız olaraq, dünyanın bütün ölkələri qazıntı yanacağı istehlakçısıdır. Belə əsassız iddianın əvəzinə, bu ölkənin ev sahibliyi etmək üçün hansı yolu keçdiyini, nəyə nail olmağı planlaşdırdığını və bunun səbəbini soruşmaq daha məntiqli olardı. Azərbaycan bu il iqlim konfransına ev sahibliyi edəcəyini əsla gözləmirdi; biz 30 ildir ərazimizin az qala beşdəbirini işğal edən qonşu Ermənistan tərəfindən təklifimizə veto qoyulacağını gözləyirdik. Bununla belə, ötən ilin dekabrında gözlənilməz razılaşmaya əsasən, Ermənistan davam edən sülh danışıqlarının bir hissəsi kimi Azərbaycanın ev sahibliyini dəstəkləməyə razılaşdı. Danışıqlar davam edir və mühüm irəliləyiş əldə olunub. Sərhəd delimitasiyası komissiyaları fəal işləyirlər. Ermənistan komissiyası 1990-cı ildə postsovet ölkələri arasında sərhədlərin suverenliyinə dair öhdəliyi təsbit edən Alma-Ata Bəyannaməsini bu yaxınlarda qəbul etdi. Çoxları COP-dan əvvəl rəsmi sülh sazişinin imzalanmasını istərdi, lakin danışıqlar otağında sazişi razılaşdıran iki tərəfin çox fərqli təklifləri var. Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı revanşist ərazi iddiası yer alır. Sülh sazişini yekunlaşdıra biləcəyimiz sürət daha çox Ermənistanın bu məsələni nə qədər tez həll edə biləcəyindən asılıdır. Bunu durğunluq adlandıran tənqidçilər özlərinə sual verməlidir ki, hələ də onlara qarşı ərazi iddiası irəli sürən keçmiş düşməni ilə sülh sazişi imzalaya bilərmi? Bununla belə, sazişin imzalanmasının COP-un başlayacağı vaxta qədər baş verib-verməyəcəyindən asılı olmayaraq, göstərilən səylər baxımından bu tədbir sülh konfransı olacaq.

Prezidentin köməkçisi vurğulayıb: “Builki COP-da qazıntı yanacaqlarından qlobal keçidi reallığa çevirmək üçün maliyyə məqsədinin – “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin geniş təşviqinə diqqət yetiriləcək. Bundan əlavə, Azərbaycan neft və qaz hasil edən digər dövlətlərin və şirkətlərin sərmayə qoyacağını gözlədiyimiz iqlim fondu yaradıb. Azərbaycan neft və qaz istehsalçısı olan ölkənin bərpaolunan enerjiyə necə keçid edə biləcəyi örnəyini nümayiş etdirir. Biz təkcə regionun ən böyük bərpaolunan layihələrini həyata keçirmirik, həm də mədən yanacağından elektrik enerjisi ixracına keçid edirik. Azərbaycan Aİ ilə tərəfdaşlıq şəraitində Xəzər dənizinin külək enerjisini qitə ilə əlaqələndirmək üçün Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsini inkişaf etdirir. Xarici enerji bazarlarını hərəkətə gətirən tələbata təsir edə bilməsək də, təklif tərəfini yenidən formalaşdırırıq. Azərbaycan COP-a ev sahibliyi edir, çünki biz sülh yolu ilə gedirik. COP-da biz qazıntı yanacaqlarından bərpaolunan mənbələrə ədalətli keçidi maliyyələşdirmək üçün yeni fondların tərəfdarı olacağıq, bu dəyişikliyi artıq özümüzdə fəal surətdə davam etdiririk”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button