Qərbin Gürcüstanı növbəti dəfə tora salmaq cəhdi
Cənubi Qafqaz uğrunda mübarizə qızışır; ABŞ başda olmaqla, Qərb paytaxtları və təsisatları Gürcüstan qalasını əldən verməmək üçün onu hətta qanlı inqilaba belə təhrik etməyə çalışırlar
Son günlərin ən aktual müzakirə mövzularından biri qonşu Gürcüstanda baş verənlərdir. Məlum olduğu kimi, oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyası 53,9% səs toplayaraq qalıb gəlib. Dörd müxalifət partiyası cəmi 37,78% səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04%, “Vahid Milli Hərəkat” 10,16%, “Güclü Gürcüstan” 8,81%, “Qaxariya – Gürcüstan naminə” Partiyası isə 7,77% səs toplayıb.
Müxalifət, o cümlədən Gürcüstan prezidenti nəticələri tanımadıqlarını bəyan etsələr də, ortaya saxtakarlıq olması barədə yetərli protokollar, sənədlər qoya bilmirlər. Buna baxmayaq, onlar inqilab havasına giriblər. Gürcüstanın eks-prezidenti M.Saakaşvili hər kəsi mübarizəyə çağırıb. Müxalifətin etiraz aksiyasına qatılan və nəticələrə qarşı müqavilmətə çağıran Gürcüstan prezidentinin isə başını qara buludlar alıb. Bir müddət öncə ölkənin güc strukturları müxalifətə xəbərdarlıqlar ünvanlamışdı və görünür tədbir görülməsi istiqamətində ilk addımların qərbyönümlü prezidentə qarşı atılmasına qərar verilib. Düzdür, bu çağırış daha çox seçki saxtakarlıqlarının araşdırılması tədbirləri ilə əlaqələndirilir. Paralel şəkildə Gürcüstanda səslərin yenidən sayılacağı barədə də rəsmi açıqlama verilir. İstisna deyil ki, bu, ölkədəki gərginliyin səngidilməsi məqsədi daşıyır, paralel şəkildə inqilab ab-havasına köklənənlərə yerlərini göstərmək niyyətindən qaynaqlanır. Gürcüstanın Baş Prokurorluğu seçki saxtakarlığı iddialarına görə prezident Salome Zurabişvilini dindirməyə çağırıb. APA-nın Tiflis müxbiri xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib. Bildirilib ki, Gürcüstanın Baş Prokurorluğu oktyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) müraciəti əsasında prezident, müxalif siyasi partiyalar və yerli müşahidəçilər tərəfindən son parlament seçkilərindən sonra seçki saxtakarlığı iddiaları ilə bağlı araşdırmaya başlayıb. Prokurorluğun məlumatına görə, prezident Salome Zurabişvili oktyabrın 31-də dindiriləcək. “Prokurorluq MSK-nın tələbinə uyğun olaraq, Gürcüstan prezidentinin, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin qeyd etdiyi faktların araşdırılması üçün bütün zəruri istintaq və prosessual fəaliyyətləri həyata keçirəcək. Saxtakarlıq fəaliyyəti ilə bağlı məlumatı ola biləcək bütün maraqlı tərəflər istintaq çərçivəsində dindiriləcək”, – deyə Prokurorluğun məlumatında deyilir.
Bu kimi addımların müxalifəti qane edəcəyi şübhə doğurur. Əlbəttə, onlara bu fitvanı Qərb verir. Artıq aksiyaların ilk raundu baş tutub və növbəti mərhələdə təxribatlar qaçılmaz ola bilər. Maraqlısı odur ki, Bayden administrasiyası ilə yanaşı, prezidentliyə namizəd Donald Trampın da Gürcüstana dair siyasəti ciddi fərqlənmir. O, müzakirələr üçün nümayəndəsini Tiflisə də göndərib.
Görünən budur ki, Qərb Cənubi Qafqaz regionunda Gürcüstanı itirməmək üçün hər yola əl ata bilər. Qafqaz uğrunda iki qütb arasında mübarizənin qızışdığı da göz önündədir. Yeri gəlmişkən, sırada Ermənistanın olduğunu da unutmamalıyıq. Bundan əvvəl Gürcüstan parlamentinin Qərb layihələrindən imtina etməsinin qarşılığında bu ölkəyə qarşı sanksiya təhdidlərinin işə salınması da konkret plandan xəbər verir. ABŞ başda olmaqla, Qərb Gürcüstan qalasını əldən vermək istəmir və faktiki olaraq ona dişlərini möhkəm qıcayıb. Bəzi müşahidəçilər hesab edir ki, ABŞ başda olmaqla, Qərb paytaxtları və təsisatları Gürcüstan qalasını əldən verməmək üçün onu nəinki “məxməri”, hətta hətta qanlı inqilaba belə, təhrik etməyə çalışırlar. Bəs gürcülər növbəti dəfə tora düşəcəkmi? Yoxsa inqilab ssenarilərinə qarşı olacaqlar?
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Gürcüstan uzun illər Qərbin Cənubi Qafqazda əsas dayağı, stateji müttəfiqi olub: “Gürcüstan 20 ildən artıqdır ki, Avropaya inteqrasiya yolu tutub və Rusiya ilə münasibətlərini tamamilə pozub. 2008-ci ildən sonra isə ümumiyyətlə, diplomatik münasibətlərə belə xitam verib. Gürcüstan NATO və Avropa İttifaqına üzv olmaq istiqamətində də xeyli prosedurlar keçib, Avropa İttifaqına üzv olmaq üçün əhəmiyyətli addımlar atıb. Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejimi mövcuddur. Bu illər ərazində Gürcüstan Avropa İttifaqı ölkələrindən və ABŞ-dan xeyli siyasi və maddi dəstək alıb”.
S.Məmmədov vurğuladı ki, Gürcüstanın Saakaşvilidən sonrakı hakimiyyəti də bu xətti davam etdirib: “Bu gün də Gürcüstan hakimiyyəti Avropaya inteqrasiya planından imtina etməyib. Sadəcə, Brüsselin, ümumiyyətlə, Qərbin şərtləri çox kəskindir. Qərbin, o cümlədən Avropa İttifaqının siyasətini müəyyən edən əsas dövlətlər onun üzvü olan və ya üzv olmağa hazırlaşan dövlətlərə qarşı qoyduğu tələblərdən kənara çıxanları bağışlamır. Gürcüstan hakimiyyəti yalnız iki qanun qəbul edib və bunu Brüssellə razılaşdırmayıb. Ona görə də bu ölkəyə qarşı total basqı başlayıb”.
Ekspert bildirdi ki, Gürcüstanda Qərbdən bəhrələnən böyük və fəal bir qüvvə mövcuddur: “Bunlar QHT-lər, siyasi partiyalar, həmkarlar ittifaqları, hətta biznes qurumlarıdır. Hətta Gürcüstanın fəaliyyətdə olan prezidenti də ifrat Qərb mövqelidir. Gürcüstanı parlament respublikasıdır və bu baxımdan real hakimiyyət baş nazirə məxsusdur”. S.Məmmədov qeyd etdi ki, hakim partiya olan “Gürcü Arzusu” hazırda müstəqil siyasət aparır: “Özünün milli maraqlarını, milli dəyərlərini qorumaq üçün müəyyən addımlar atır və bu, artıq Qərbin xoşuna gəlmir. Problem budur. Təsəvvür edin ki, bu seçkilərdə 1% üstünlüklə müxalifət qalib gəlsəydi, Qərbin ritorikası tam başqa olacaqdı, necə ki, Moldovaya münasibətdə tam fərqli mövqe tutuldu. Hazırda Gürcüstanda hakim partiya səs çoxluğu qazansa da, konstitutsion çoxluğu əldə edə bilməyib. Müxalifət partiyaları parlamenti boykot edir. Bu, o deməkdir ki, Gürcüstan parlamenti birpartiyalı parlament olmaqla yanaşı, həmçinin konstitusiya qanunları qəbul etmək, prezidentə impiçment tətbiq etmək və sair bir sıra məsələlərdə səlahiyyətli olmayacaq”. Bununla belə, siyasi ekspert qeyd etdi ki, müxalifətlə dialoq alınmasa, problemlər qaçılmazdır: “Qərb Gürcüstanda seçkilərin legitimliyini tanımaq istəmir, baxmayaraq ki, ATƏT DTİHB seçkilərin rəqabətli mühitə keçdiyini, pozuntuların nəticələrə təsir etmədiyini bildirib. Həmçinin Gürcüstanda olan qərbyönümlü qüvvələr sakit oturmaq niyyətində deyil. Qərb o qüvvələri maliyyələşdirməkdə davam edəcək və bu da ondan xəbər verir ki, Gürcüstanda tam stabilliyi hələ xeyli müddət təmin etmək çətin olacaq. Hazırda ölkədə inqilabi şərait yoxdur, amma bu şəraiti yetişdirmək istəyən həm xarici həm daxili qüvvələr də o qədər zəif deyil”.
Tural İsmayılov
Politoloq Tural İsmayılov xatırlatdı ki, Gürcüstan son illərə qədər Qərb neoimperialistlərinin əsas platsdarm mərkəzlərindən biri idi: “Məhz Gürcüstanda müstəqil idarəetmə ilə bağlı çox ciddi problemlər yaşanırdı. Özəlliklə, müxtəlif qüvvələr tərəfindən Gürcüstan Cənubi Qafqazdakı maliyyə oyunlarının mərkəzi halına gətirilməyə çalışılırdı. Gürcüstanda qəbul edilən “Xarici agentlər haqqında” qanun layihəsi bu qəbildən çox maraqlı və çox önəmi təşəbbüs oldu. İndiki hökumət beynəlxalq imperialist qüvvələrin və güc mərkəzlərinin Cənubi Qafqaza sıçramağa çalışmaq cəhdlərinin qarşısını alacaq”. T.İsmayılovun fikrincə, digər bir tərəfdən, “Gürcü Arzusu” Partiyasının rusyönümlü olması ilə bağlı Qərb və onların agentura şəbəkəsi tərəfindən qəsdən uydurulmuş təbliğat var: “”Gürcü Arzusu” rusiyayönümlü deyil. “Gürcü Arzusu” Partiyası bəyan edib ki, onların əsas məqsədi daha güclü bir Gürcüstan dövləti və daha firavan, rifah səviyyəsində yaşayan bir gürcü xalqı görməkdir. Bundan əvvəl də Qərb Gürcüstanı qarışdıraraq özünün çirkin niyyətlərini həyata keçirməyə çalışırdı. Amma “Xarici agentlər haqqında” qanun layihəsinin qəbulundan sonra da seçkilərdə Qərbin və sorosçuların dəstəklədiyi siyasi qüvvələrin qələbə qazana bilməməsi Qərbi daha da aqressivləşdirəcək. Bu qüvvələr Gürcüstan daxilində müxtəlif etirazlar, aksiyalar və sair faktorlardan istifadə etməyə çalışacaqlar. Gürcüstanda vətəndaş qarşıdurması yaradıb ölkə daxilində insanlar arasında toqquşmalarda maraqlı olan xarici qüvvələr, əlbəttə ki, çoxdur. Bununla bağlı Gürcüstanın güc strukturları da dəfələrlə məlumat yayıb. Amma mən hesab edirəm ki, Gürcüstan hakimiyyətinin yekdilliyi, bir çox məsələlərdə ardıcıl və prinsipial mövqeyi bu cəhdlərin qarşısını da uğurla alacaq”.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
Polise.az