Paşinyanın növbəti yalanı…

Erməni baş nazir sülh razılaşmasının  “faiz göstəriciləri”ni sürətli artırır, amma ortalıqda hər hansı bir nəticə yoxdur; ölkə rəhbərliyi reallıq hissini itirib – NATO-ya və Aİ-yə üzvlük üçün “Qarabağ şərti” nə deməkdir? 

İrəvan və Bakı sülh sazişi layihəsinin mətninin 90 faizini razılaşdırıblar. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O qeyd edib ki, prosesin başa çatdırılması və sözügedən sənədin imzalanması üçün qarşıda tərəfləri ciddi iş gözləyir.

“Sülh müqaviləsi layihəsi üzrə müzakirələr davam edir, proses təklif-müzakirə məntiqi ilə irəliləyir”, – Ermənistan parlamentinin sədri Alen Simonyan sülh müqaviləsi prosesinin hansı mərhələdə olduğu sualını cavablandırarkən belə deyib. “Proses dayanmayıb. COP29-un Bakıda keçirilməsi ilə əlaqədar olaraq, Azərbaycan tərəfi danışıqlarda fasilənin işin çoxluğu ilə əlaqədar olduğunu bildirdi. Amma biz müsbət mərhələdəyik və təklif-müzakirə-təklif məntiqindəyik. Müsbət dinamika var” –  erməni mediası Simonyandan sitat gətirir.

Səslənən bəyanatlara baxmayaraq, Ermənistanda revanşist əhval-ruhiyyənin artması müşahidə olunur. Məsələn, Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan bildirib ki, “Krımın müvəqqəti ilhaqı müqabilində Ukraynanın NATO və Aİ-yə üzvlük” sxemi “Qarabağla bağlı” tətbiq edilə bilər.

Qərbyönlü mövqeyi ilə tanınan və Paşinyana kifayət qədər yaxın sayılan siyasətçi Tiqran Xzmalyanın bu sərsəm açıqlaması şəxsi təşəbbüsü olmaya da bilər. Çünki Paşinyan da Ermənistan konstitusiyasında Qarabağla bağlı iddialarını hər cür bəhanə ilə dəyişmək istəmir. İrəvan KTMT-dən uzaqlaşır və Paşinyan son açıqlamasında “bizi orada qəbul edilən sənədlər maraqlandırmır və geridönüş yoxdur” deyib. Yenə də absurd olsa da, belə anlaşılır ki, Ermənistanın Aİ və ya NATO-ya üzvlüklə bağlı “Qarabağın adını hallandırmaq” kimi axmaq ideyaları var.

Paşinyan necə oldu ki, razılaşmanı 90 faizə çıxardı? Hansı şərti qəbul edib ki, indi də belə deyir?

Elçin Mirzəbəyli — Vikipediya

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Nikol Paşinyanın sülh müqaviləsinin müddəalarının razılaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərdə “faiz göstəriciləri” yüksələn xətt üzrə artmaqdadır: “Bu ilin ikinci yarısından etibarən Paşinyan “faiz göstəriciləri”ni 70-dən 90-a qaldırıb. Amma ortalıqda hər hansı bir nəticə yoxdur, ola da bilməz. Məşhur deyimdə olduğu kimi, “şeytan detallarda gizlənir”. Sülh müqaviləsinin açar müddəası, yaxud hissəsi davamlı və təminatlı sülhün əldə olunması üçün Ermənistan Konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən yer alan, eləcə də məhz bu konstitusion məqam əsas götürməklə Ermənistanın digər hüquqi-normativ aktlarına salınan ərazi iddiaları ilə bağlıdır”. E.Mirzəbəyli əminliklə bildirdi ki, Ermənistanın hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan bu ölkə ilə sülh müqaviləsinin imzalanması, mahiyyət etibarilə bu iddiaların qəbul edilməsi kimi anlaşıla bilər: “Digər tərəfdən, Ermənistan Konstitusiyası bu ölkənin ana qanununa əsasən bütün dövlətlərarası və beynəlxalq müqavilələrdən üstün hüquqa malik olduğu üçün ərazi iddiaları aradan qaldırılmadan rəsmi İrəvanla imzalanmış sülh müqaviləsi, istənilən zaman kəsiyində birtərəfli qaydada, məhz konstitusiyaya zidd olduğu əsas gətirilərək, ləğv oluna bilər. Digər tərəfdən, sülh müqaviləsi çoxsaylı müddəalardan ibarət olsa da vahid sənəddir. Bu o deməkdir ki, bir müddəa razılaşdırılmayıbsa, demək, bütövlükdə sülh müqaviləsi razılaşdırılmayıb. Ermənistanın NATO-ya üzvlüyünə və bu xüsusda bəzi erməni siyasətçilərinin Azərbaycan torpaqları ilə bağlı səfsəfələrinə gəldikdə isə, bu, özünütəsəllidən başqa bir şey deyil. Ermənistanın NATO-ya üzvlüyü, nəinki indi, hətta yaxın 20 il ərzində mümkün deyil. Bunun çoxsaylı səbəbləri var”. Deputat qeyd etdi ki, səbəblərdən biri də bu ölkənin ərazisində NATO üzvü olmayan ölkənin hərbi bazasının yerləşməsidir: “Rusiya ilə Ermənistanın arasında imzalanmış müqaviləyə əsasən, Gümrüdəki hərbi bazanın mövcudluq müddəti 2044-cü ildə başa çatacaq. Təbii ki, əgər müqavilənin müddəti uzadılmazsa… Başqa bir amil, NATO üzvlüyü ilə bağlı qərarların   konsensus yolu ilə verilməsidir. Bu isə o deməkdir ki, Türkiyənin razılığı olmadan, Ermənistanın NATO-ya üzvlüyü mümkün deyil”. E.Mirzəbəylinin sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü isə o zaman mümkün ola bilər ki, bu ölkənin ərazi bütövlüyü ilə bağlı bütün problemlər öz həllini tapsın, ərazisində hər hansı bir müharibə, münaqişə halı olmasın: “Bu, o deməkdir ki, Ukrayna Krım da daxil olmaqla, öz ərazi bütövlüyünü təmin etməli, ya da hazırda Rusiyanın nəzarəti altında olan ərazilərinin itirilməsi ilə barışmalıdır. Krımla Qarabağ arasında müqayisə aparılması isə ən yaxşı halda şizofrenik təfəkkür tərzinin məhsulu hesab oluna bilər. Nə tarix, nə hüquq, nə demoqrafik reallıq, nə də sadə məntiq belə bir müqayisəyə imkan verir”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi - ƏTRAFLI | KONKRET

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanla sülh sazişi mətninin 90 faizinin hazır olduğunu bildirməsinə reaksiya verdi: “Halbuki bundan bir neçə həftə əvvəl Paşinyan mətnin 80 fazinin razılaşdırıldığını bildirmişdi. Paşinyan 10 faizlik həddi də keçə bilsə, gələn il ərzində sülh sazişini imzalamaq mümkün olacaq. Ancaq bunun üçün Nikol Paşinyan konstitusiyadan başlamalı, Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi əsas qanundan çıxarmalıdır”.

E.Şahinoğlu qeyd etdi ki, Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu nümayiş etdirərkən Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını bir daha ortaya qoyub: “Paşinyan deyib ki, 2019-cu ildə, dost ölkələrdə onu Qərbin marioneti adlandırarkən, Qərbdə səslənən fikir və tələblərin əksinə olaraq, Suriyaya bir qrup həkim və istehkamçı göndərib. Paşinyanın sözlərinə görə, Rusiyanın istəyi ilə Suriyaya kömək göndərib. “Biz yeganə KTMT ölkəsi idik ki, müttəfiqimizin xahişinə cavab verdik” deyən Paşinyan ona işarə edib ki, təşkilatın digər üzvləri Rusiyanın xahişi ilə Suriyaya hərbçi göndərməyib. Paşinyan başqa bir “sirrin” də üstünü açıb. Onun sözlərinə görə, Qərb Paşinyandan xahiş edib ki, Suriyaya missiya göndərməsin. Paşinyan bunu ona görə söyləyib ki, sonrakı mərhələdə o, Rusiyadan Azərbaycana qarşı hərbi dəstək istədikdə, Moskva buna müsbət cavab verməyib. Putin  son çıxışlarının birində növbəti dəfə xatırladıb ki, müharibə Qarabağda, yəni Azərbaycan ərazisində getdiyindən Rusiya  Ermənistana hərbi dəstək verə bilməzdi. Paşinyan Kremlin bu yanaşmasını hələ də qəbul etmək istəmir. Ona görə də Paşinyan bir daha bəyan edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurub.

Politoloqun gözləntilərinə görə, Ermənistan KTMT ilə müqayisədə Avrasiya İqtisadi Birliyində üzvlüyünə davam edəcək: “Çünki Ermənistan bu təşkilatdan faydalanaraq üzv ölkələrlə aşağı vergi və tariflərlə ticarət əlaqələrini genişləndirib. Buna baxmayaraq, Paşinyan Avrasiya İqtisadi Birliyinin növbəti sammitinin İrəvanda keçirilməsinin əleyhinə olub. O, bunu üzv ölkələrdən birinin liderini Ermənistanda görmək istəmədiyi ilə izah edib. Yəqin Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkonu nəzərdə tutub”.  /E.Paşasoy, “Yeni Müsavat”/

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button