“Gürcü arzusu” meydana çəkilir: Tiflis bu tarixdə QARIŞA BİLƏR

Qərb son “patron”larını atır; yeni prezident Saakaşvilini əfv edə bilərmi…

Dekabrın 14-də qonşu Gürcüstan özünün 6-cı prezidentini seçdi. Bu, Mixeil Kavelişvilidir. Azərbaycan Prezidenti onu ilk təbrik edən xarici ölkə liderlərindən oldu.

Kavelişvilinin andiçməsi dekabrın 29-da olacaq. Onun sələfi Salome Zurabişvili isə müxalifət kimi seçkinin nəticəsini legitim saymır və postunu xoşluqla tərk etməyəcəyini, baş nazir isə onun kabinetdən zorla çıxarılacağını bildirib. Bu isə yeni qarşıdurmanın anonsu deməkdir.

Nəzərə alsaq ki, Avropa İttifaqı və ABŞ da müxalifətlə eyni mövqedədir, o zaman Gürcüstanda qarışıqlıq yaratmaq cəhdlərinin davam edəcəyi və dekabrın 29-dan sonra, Yeni il ərəfəsində pik nöqtəsinə çatacağını söyləmək olar.

Yeri gəlmişkən, Avropa İttifaqı ölkələrinin liderləri dekabrın 16-da Gürcüstandakı durumu müzakirə edib, vizasız rejimin ləğvi məsələsinə baxıb.

Qurumun ölkədəki səfiri Pavel Qerçinski müəyyən kateqoriyalı gürcü vətəndaşları üçün Aİ ilə vizasız rejimin ləğvini istisna etməyib. “Üzv ölkələrin nə qərar verəcəyini görəcəyik. Biz həmişə demişik ki, əhaliyə zərər vermək istəmirik, Aİ dəyərlərinə sadiqliyini ifadə edən, Tiflisin, bir çox başqa şəhərlərin küçələrində Gürcüstan və Avropa İttifaqının bayraqlarını dalğalandıran insanları cəzalandırmaq istəmirik”, – deyə o qeyd edib.

Gürcüstana Qərbin təhdidləri nə vaxt sovuşacaq, sanksiyalar müxalifətə nə dərəcədə kömək olacaq? Gürcüstan Yeni il ərəfəsi qarışa bilərmi? 

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda ilk dəfə prezident xalq səs verməsi ilə deyil, seçicilər kollegiyası vasitəsilə seçildi. 300 seçici kollegiyası üzvünün 224 nəfəri Mixeil Kavelişviliyə səs verib. Bununla da Gürcüstana yeni prezident seçilmiş oldu. Artıq dünyanın bir sıra dövlət və hökumət başçıları Mixeil Kavelişvilini Gürcüstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. Həmçinin  Azərbaycan Prezidenti qonşu dövlət olan Gürcüstanın yeni prezidentini təbrik edib. Ola bilər ki, müxalifət və həmin müxalifətə təsir göstərən Qərb dairələri, bir sıra Qərb dövlətləri və beynəlxalq təşkilatlar yeni prezidentin seçilməsini qəbul etməsinlər. Amma bu, vəziyyəti yenə də dəyişməyəcək: “Gürcüstanda kimin prezident seçilməsi Gürcüstan dövlətinin daxili işidir. Bu seçim edilib və məsələ qanuni şəkildə bitib. Qalır qarşıda yeni prezidentin andiçmə mərasiminin keçirilməsi və bu da bütün etirazlara rəğmən baş tutacaq. Ola bilsin ki, həmin günlərdə Qərbə bağlı qüvvələr mitinqlərlə dirəniş göstərməyə çalışacaqlar. Eyni zamanda gürcü xalqının iradəsinə qarşı olan qüvvələr də dirəniş göstərmək istəyirlər. Qərb dövlətləri həm sanksiyalarla, həm siyasi təzyiqlərlə, hədələrlə Gürcüstan hökumətinə təsir etməyə çalışırlar. Bu cəhdlər açıq şəkildə edilir və bundan sonra da bir müddət ediləcək. Gürcü xalqının deyil, məhz onların iradəsinin həyata keçməsi üçün bütün addımları atmağa çalışırlar. Amma bütün çalışmaları boşuna gedir, təşkil etdikləri mitinqlər artan sislislə ilə davam etmir və bu da mitinqlərin nəticəsiz olmasını şərtləndirir. Əslində bu, Gürcüstan üzərindən Cənubi Qafqaz uğrunda Qərbin apardığı mübarizədir. Ancaq Gürcüstan hakimiyyətinin atdığı addımlar hökumətin öz mövqeyində qəti olduğunu göstərir. Hakimiyyət gürcü xalqının onlara göstərdiyi etimada sona qədər sədaqət nümayiş etdirməkdə, mövqelərindən geri çəkilməməkdə qərarlıdır. Düzgün yol da budur, kənardan diktə edilən mitinqlərin qarşısında geri çəkilmək Gürcüstanı itirmək demək olar”.

Tbilisidə "Gürcüstan Avropa İttifaqını seçir" aksiyası keçirilib

Ekspert qeyd etdi ki, Gürcüstanın artıq sabiq prezidenti Salome Zurabişvilinin dirənişi, yeni seçilən prezidentin legitimliyini tanımaması da vəziyyəti Qərb tərəfdarlarının xeyrinə dəyişə bilməyəcək. Zurabişvili prezident kimi şəxsən mitinqlərə qatıldı, lakin vəziyyəti ciddi dəyişə bilmədisə, indi keçmiş prezident kimi nə etsə nəticəsi olmayacaq: “Əslində Fransa vətəndaşı olan Salome Zurabişvili Gürcüstanda hakimiyyətə gəlmək üçün Gürcüstan vətəndaşlığını qəbul etmişdi, lakin mahiyyətini dəyişə bilmədi, daha çox Fransa vətəndaşı kimi, Fransanın maraqlarına daha çox uyğun fəaliyyəti ilə seçildi. Zurabişvili Makronun tabeliyində olan məmur kimi özünü apardı. O, tez-tez Qərb dəyərlərindən, demokratik dəyərlərdən danışırdı. Amma həmin dəyərləri ilk olaraq Gürcüstana gətirən Mixail Saakaşvilini əfv etmədi. Bu da bir daha onu göstərir ki, Zurabişvili və onun kimilər üçün əslində dildə dedikləri dəyərlərin önəmi yoxdur, onlar üçün əsas hakimiyyətin qorunub saxlanmasıdır ki, Fransa kimi dövlətlərin oyuncağı olan hakimiyyəti ayaq üstə saxlasınlar. Amma gürcü xalqı və Gürcüstan hakimiyyəti buna imkan vermədi və vermək niyyətində deyil. Ona görə də Qərbin əli ilə Gürcüstanda vəziyyətin hər an daha da gərginləşməsi istisna deyil”.

“Yeni prezident Mixeil Kaverişvili həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin barəsində əfv imzalayıb onun azadlığa çıxmasını təmin edə bilərmi?” sualına ekspert belə cavab verdi: “Əslində Salome Zurabişvilinin belə bir addım atacağı gözləntiləri cəmiyyətdə var idi. Ancaq Zurabişvili prezident səlahiyyətindən istifadə edib bu addımı atmadı. Bununla da göstərdi ki, o, dəyərlər uğrunda deyil, sadəcə, müəyyən dövlətlərin maraqlarının qorunması uğrunda mübarizə aparır. Bununla həm də şəxsi ədavətini kənara qoya və nifrətinə qalib gələ bilmədi Zurabişvili. Yeni prezidentin isə müstəsna səlahiyyətindən istifadə edərək Saakaşvilin əfv etməsi aralıq sakitləşəndən bir müddət sonra ola bilər. Bununla hazırkı hakimiyyət göstərər ki, onlar özünü guya Qərb dəyərlərinə xidmət göstərən qüvvələr kimi təqdim eləyənlərdən fərqli olaraq real siyasət yürüdürlər”.

/Etibar SEYİDAĞA,“Yeni Müsavat”/

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button