İsmayıllıda polis karantin qaydalarına əməl olunmasına nəzarət edir
Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayonun giriş və çıxışlarında oktyabrın 24-dən etibarən xüsusi karantin postları qurulub. Polis əməkdaşlarının gücləndirilmiş rejimdə xidmət apardığı həmin stasionar postlarda xüsusi və operativ nəqliyyat vasitələri, eləcə də yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər nəqliyyat vasitələrinin rayon ərazisinə giriş-çıxışı məhdudlaşdırılıb. Bundan əlavə rayon daxilində də polis naryadları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Mağazalarda keçirilən reydlər zamanı sosial məsafənin qorunması, tibbi maskadan istifadənin zəruriliyi alıcı və satıcıların diqqətinə çatdırılır. Həmçinin, digər ictimai iaşə müəssisələrində, obyektlərdə sahibkar və müştərilərlə maarifləndirici söhbətlər aparılır, sanitar-karantin qaydalarına əməl etmələrinin vacibliyi vurğulanır. Qaydaları pozanlar barəsində qanunamüvafiq tədbirlər görülür.