Məhbuslar azadlığa çıxırlar… bəs sonra?

Cinayətlər sayı artmaqda davam edir. Həbs edilən şəxslər cəza alır, amma problem yalnız həbsxana divarları ilə bitmir. Məhbuslar azadlığa çıxandan sonra qarşılaşdıqları həyat bəzən onları yenidən köhnə vərdişlərinə qaytarır.
İş tapa bilməyən, sosial dəstəkdən kənarda qalan insanlar bir çox hallarda yenidən qanunla toqquşur. Bəziləri sadəcə gününü gün etməyə çalışır, bəziləri isə köhnə səhvləri yenidən təkrar edir.
Bu insanlar azadlıqdan sonra özlərini “qəbul edilmiş” hiss etməsələr, sosial təcrid onları yenidən içəriyə çəkir. Həbs müddətində cəza çəkən bir şəxs azadlığa çıxdıqda iş tapa bilmirsə, eyni zamanda ailəsi və ətrafı onu qəbul etmirsə, onun yenidən qanunsuz hərəkətlərə əl atması qaçılmaz olur.
Bu, həm də sistemin boşluğunu göstərir. Ədalət yalnız məhkəmə zalında ölçülmür, həqiqi sınaq azadlıqda, küçədə, cəmiyyətin də öz içində olur. İnsan yalnız cəza ilə “düzəlməz”; ona iş imkanı, sosial dəstək, təhsil və inteqrasiya üçün real imkanlar lazımdır. Bunlar yoxdursa, cəmiyyət həm riski, həm də səhv strukturu öz üzərinə götürür.
Belə görünür ki, cinayətkarlıqla mübarizə yalnız həbsxana divarları ilə ölçülə bilməz. Həqiqi sınaq, sabiq məhbusu yenidən cəmiyyətə qaytarmaq bacarığında, onun özünü qəbul edilmiş hiss etməsində və normal həyat qurmaq imkanlarında gizlənir. Əks təqdirdə, eyni səhvlər təkrar olunur, həm insan, həm də sistem zərər görür.
Azadlıq – bu, sadəcə qapının açılması deyil, insanın yenidən yaşamağa, işləməyə, cəmiyyətin bir parçası olmağa hazır olmasını tələb edən uzun və çətin bir prosesdir. Biz isə hələ də onu yalnız bir “cəza sonrası azadlıq” kimi görürük.
Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Crossmedia.az-a bildirib ki, azadlıqdan məhrumetmə müəssisələrindən azad edilən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası yalnız hüquqi və sosial məsələ deyil, eyni zamanda dərin psixoloji bir prosesdir:
“Həbs mühiti insanın düşüncə tərzinə, emosional reaksiyalarına, sosial davranış modelinə və özünüdərk sisteminə uzunmüddətli təsir göstərir. Bu səbəbdən azadlığa çıxan şəxslərin cəmiyyətə uyğunlaşma prosesi xüsusi peşəkar yanaşma və davamlı psixoloji dəstək tələb edir. Uzun müddət qapalı və nəzarət altında olan mühitdə yaşayan insan zamanla təşəbbüskarlıq hissini itirir, qərarvermə bacarığı zəifləyir və xarici mühitə qarşı güvənsizlik formalaşır.
Azadlığa çıxdıqdan sonra bu şəxslər tez-tez özlərini qeyri-müəyyənlik, qorxu və daxili gərginlik içində hiss edirlər. Cəmiyyətə yenidən uyğunlaşmaq, yeni sosial rollara alışmaq, ailə və əmək münasibətlərini bərpa etmək onlar üçün ciddi emosional yük yaradır. Bir çox hallarda depressiv əlamətlər, təşviş pozuntuları, özünəinamın azalması və sosial təcrid meyli müşahidə olunur”.
Psixoloq qeyd edib ki, bir çox hallarda keçmiş məhbuslar tez-tez ictimai damğalanma ilə də üzləşirlər.
“Cəmiyyətin onlara qarşı ehtiyatlı və bəzən mənfi münasibəti şəxsin özünü dəyərsiz hiss etməsinə, sosial münasibətlərdən uzaqlaşmasına və özünü kənarda qalmiş kimi qəbul etməsinə səbəb olur. Bu isə adaptasiya prosesini daha da çətinləşdirir və bəzən təkrar riskli davranışlara zəmin yaradır. İnsan özünü qəbul olunmamış hiss etdikdə, sağlam sosial əlaqələr qurmaqda çətinlik çəkir və bu da onun psixoloji sabitliyinə mənfi təsir göstərir.
Azadlığa çıxan şəxslərin davranışlarında müşahidə olunan əsas çətinliklərdən biri də emosiyaların idarə olunmasında zəiflikdir. Uzun müddət stressli şəraitdə yaşayan insanlar tez əsəbləşə, impulsiv reaksiya verə və konfliktli situasiyalarda konstruktiv davranmaqda çətinlik çəkə bilərlər. Bu hallar ailə münasibətlərində, iş mühitində və ümumilikdə sosial mühitdə problemlərin yaranmasına səbəb olur.
Eyni zamanda gələcəklə bağlı ümidsizlik, məqsədsizlik hissi və motivasiya çatışmazlığı da tez-tez rast gəlinən psixoloji problemlər sırasındadır”.
E.Rüstəmov həmçinin qeyd edib ki, reabilitasiya və adaptasiya prosesinin effektiv olması üçün psixoloji dəstək sistemli və mərhələli şəkildə qurulmalıdır:
“İlk növbədə azadlığa çıxan şəxslərin psixoloji vəziyyəti kompleks şəkildə qiymətləndirilməli, onların emosional durumu, stres səviyyəsi, sosial bacarıqları və adaptasiya potensialı peşəkar mütəxəssislər tərəfindən təhlil edilməlidir. Bu qiymətləndirmə əsasında fərdi psixoloji dəstək proqramları hazırlanmalıdır.
Fərdi psixoloji konsultasiyalar insanın keçmiş təcrübələrini sağlam şəkildə emal etməsinə, özünü yenidən tanımasına və gələcək həyat məqsədlərini formalaşdırmasına kömək edir. Psixoterapevtik dəstək vasitəsilə şəxs öz daxili gərginliyini azaltmağı, stresslə mübarizə üsullarını və müsbət düşüncə modellərini öyrənir. Bu proses onun özünəinamını bərpa etməsinə və cəmiyyətə daha rahat inteqrasiya olunmasına şərait yaradır.
Bununla yanaşı, qrup terapiyaları və sosial bacarıqların inkişafına yönəlmiş proqramlar da mühüm rol oynayır. Oxşar həyat təcrübəsi yaşamış insanların bir araya gələrək, fikir mübadiləsi aparması, bir-birinə emosional dəstək göstərməsi adaptasiya prosesini sürətləndirir. Bu mühitdə insan özünü tək hiss etmir, problemlərinin paylaşılmasını və həll yollarının tapılmasını daha asan qəbul edir. Ailə ilə iş də reabilitasiya prosesinin vacib hissəsidir. Azadlığa çıxan şəxsin ailəsi ilə münasibətlərinin bərpası və sağlam ünsiyyətin qurulması onun psixoloji sabitliyi üçün əsas dayaqlardan biridir. Bu məqsədlə ailə üzvlərinə də psixoloji maarifləndirmə və məsləhət xidməti göstərilməlidir ki, onlar adaptasiya mərhələsində yaxınlarına düzgün dəstək verə bilsinlər”.
Psixoloq vurğulayıb ki, peşə yönümü, əmək bacarıqlarının inkişafı və sosial məşğulluq proqramları da psixoloji reabilitasiyanın ayrılmaz hissəsi olmalıdır.
“İnsan özünü faydalı və cəmiyyət üçün dəyərli hiss etdikdə, onun özünəinamı yüksəlir, həyatla bağlı motivasiyası güclənir və riskli davranış ehtimalı azalır. Bu baxımdan psixoloji dəstək sosial və peşə proqramları ilə paralel şəkildə həyata keçirilməlidir.
Nəticə etibarilə, azadlığa çıxan şəxslərin cəmiyyətə uyğunlaşması yalnız onların şəxsi iradəsindən asılı deyil. Bu proses dövlət qurumlarının, sosial institutların, mütəxəssislərin və cəmiyyətin birgə məsuliyyətidir. Peşəkar psixoloji dəstək, anlayışlı sosial mühit və sistemli reabilitasiya mexanizmləri formalaşdırılmadan bu insanların tam inteqrasiyasını təmin etmək mümkün deyil. Sağlam adaptasiya isə həm fərdin rifahına, həm də cəmiyyətin ümumi təhlükəsizliyinə və sosial sabitliyinə mühüm töhfə verir”.
Sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimov Crossmedia.az bildirib ki, cəzaçəkmə həyatı insanların müəyyən dərəcədə daha doğru yola qayıtması üçün tətbiq olunan hüquqi bir prosedurdur:
“Bu prosedura müvafiq olaraq onların maarifləndirilməsi və gələcəkdə cəmiyyətə adaptasiyası istiqamətində müəyyən tədbirlər çox zaman cəzaçəkmə müəssisələrinin öz daxilində aparılır ki, onlar sonradan azadlığa çıxdıqda adaptasiya prosesini o qədər də çətin keçirməsinlər. Ancaq bütövlükdə yaş kateqoriyasından asılı olaraq adaptasiya məsələləri təbii ki, onlar üçün bir qədər çətin olur. Adətən gənclər və orta yaş həddində olan şəxslərin adaptasiyası bir qədər adekvat olur. Lakin daha yaşlı şəxslər həbsxanadan qayıtdıqda onların cəmiyyətə adaptasiyası bir qədər çətin olur. Xüsusilə də, aldıqları cəzanın xarakterindən asılı olaraq qayıtdıqdan sonra onların ailəyə və yaxınlarına münasibətləri də bu prosesdə rol oynayır”.
Sosioloq, məhbusların adaptasiya problemləri barədə də fikirlərini söyləyib:
“Cəmiyyətdə bu kimi şəxslərin sonrakı həyatlarında adaptasiya problemlərindən danışdıqda, ilk növbədə onların işlə təmin olunması məsələsində müəyyən çətinliklərin yarandığını görürük.
Bu, yalnız bizim cəmiyyətimizdə deyil. Ümumiyyətlə, bir çox ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə belə cəzaçəkmə müəssisələrindən qayıdan insanlara müxtəlif iş imkanları təklif olunur və onları diqqətdə saxlayaraq, cəmiyyətə sosiallaşmaları və daha rahat adaptasiya keçmələri üçün onlarla işlənilir. Ancaq bütövlükdə, onlar çox zaman sərbəst və işsiz həyat tərzini seçmiş olurlar. Günümüzdə bu kimi şəxslərlə bağlı müxtəlif dövlət proqramları mövcuddur. Xüsusən də məşğulluq mərkəzləri bu şəxslərin və müəyyən kateqoriyadan olan insanların işsiz qalmaması üçün onlara da diqqət ayırır.
Son illərdə bu istiqamətdə cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin sonrakı əmək fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanlarında, eyni zamanda Dövlət Məşğulluq Agentliyində onların işlə təmin olunması məsələlərinə diqqət yetirilir. Ancaq təbii ki, onların psixoloji adaptasiyası və uyğunlaşması istiqamətində aparılan işlər təkcə işlə təmin olunma məsələsi ilə məhdudlaşmır. Bu kimi insanlarla mütəmadi olaraq işləmək üçün müəyyən institutlaşmaya ehtiyac var ki, həmin şəxslərlə daimi məşğul olan qurumlar mövcud olsun. Bu, çox vacib məsələlərdəndir və yalnız iş tapmaqla bitmir. Həm psixoloji, həm də karyera baxımından, yeri gəldikdə onların gələcək həyatlarını daha yaxşı və adekvat qurmaları istiqamətində işlərin aparılması vacibdir. Çünki bu şəxslər uzun müddət həbsxana həyatı yaşadıqdan sonra azadlığa çıxdıqda çox çətin uyğunlaşma prosesi keçirlər. İctimai həyatın inkişaf tendensiyaları, əmək bazarının tələbləri, iş yerlərinə uyğun bacarıq və keyfiyyətlər günbəgün dəyişir. Bu baxımdan illərlə həbsxana həyatı yaşayan insanın bu dəyişikliklərlə ayaqlaşması çətinləşir.
Məhz buna görə də peşə uyğunlaşması, psixoloji uyğunlaşma və peşə əlverişliliyi baxımından həbsxana həyatından qayıdan insanların çətinliklərlə üzləşməsi qaçılmazdır”.
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib ki, son amnistiya 20 mindən çox məsuliyyətə cəlb olunan şəxslərə aiddir və təxminən həmin amnistiya aktı ilə 5 min adam azadlığa buraxıldı:
” 5 min məhkum birdən-birə azadlığa buraxıldı. Təbii ki, bu məhkumların azadlıqda olması cəmiyyət üçün kifayət qədər böyük yükdür. Onların davranışına, nəzarətin həyata keçirilməsinə, həyat tərzinə qayğı ilə yanaşılmasına, hərəkətlərinin qiymətləndirilməsinə baxmaq lazımdır. Ümumiyyətlə, bunlar cəza çəkmə müəssisələrində olduqları zaman, islah olunublarmı? Bunlar çox diqqət tələb edən, aktual məsələdir. Dünyanın heç bir yerində ideal cəmiyyət yoxdur. Dövlətin, cəmiyyətin olduğu yerlərdə mütləq cinayətlər və cinayətkarlar olub və olacaq. Amma nə edək ki, bu cinayətlərin qarşısını almaq üçün önləyici qabaqlayıcı tədbir görək?
Qeyd edim ki, cəzasını çəkən məhkumların orada islah olunması üçün dövlət qurumu var. Ədliyyə Nazirliyinin penitensiar xidməti və həmçinin probasiya xidməti fəaliyyət göstərir. Probasiya xidməti burada azadlığa çıxan məhkumların davranışlarını, ərazi üzrə polis əməkdaşları ilə birlikdə nəzarət etməlidir ki, cəmiyyət üçün arzuolunmaz halların baş verməsinin qarşısı alınsın. Bu məsələ ilə bağlı 5 min məhkumun azadlığa buraxılması üçün öncədən tədbir görmək lazımdır. Məsələn, 5 min nəfərin 10 nəfəri Nərimanov rayonunda, 50 nəfəri Yasamal rayonunda, digərləri başqa rayonlarda olsun. Onların hər birini ayrı-ayrılıqda həyat tərzi, yaşayış şəraiti, maddi durumu, sosial həyatı, gələcək məşğulluğu baxımından həll etdikdən sonra azadlığa buraxılmaları ilə bağlı qərar qəbul etmək olardı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müdafiə baxımından hansı addımları atardı? Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi məhkumun öz ailəsinə qayıtması, adaptasiya olunması və hər şeyin qaydaya salınması üçün hansı addımları atmalı idi? Probasiya xidməti polis ilə koordinasiyada hansı addımları ata bilərdi? Elm və Təhsil Nazirliyi… Yəni, diqqət etsək görərik ki, dövlət qurumlarının hər birinin üzərinə müəyyən vəzifələr düşür. Bunların azadlığı üçün 10 gün bitdi: “Gəlin, evdən çıxın, indi gəzə bilərsiniz” demək doğru deyil. Bu 5 min nəfərdir. Hətta hələ nə qədər insanların cəzası azaldı, azadlıqdan məhrum etmə cəzası şərti cəza ilə əvəzləndi, proses yekunlaşdı və bitdi. Belə ki, öncədən cəmiyyəti hazırlamaq lazımdır. Ondan sonra bu, amnistiya haqqına uyğun olmalıdır”.
Ş.Əliyev bildirib ki, 5 min məhkum insan azadlıqda olduqda, çox nadir hallarda bir ay keçməmiş müəyyən təkrar cinayətlər törədə bilirlər:
“Bu hallar, təkrar cinayətlər baş verdiyi halda aydın olur ki, penitensiar xidmətdə cəzasını çəkənlərin islah olunması, tərbiyə olunması ilə bağlı tədbirlər cəmiyyətdə zəif görünür, özünü aydın göstərmir. Hakim cəzanı üç məqsədlə tətbiq edir: təkrar baş verə biləcək cinayətlərin qarşısını almaq; məhkumların islah olunması naminə qəbul olunan qərarlar. Amma bəzən nə sosial ədalət təmin olunur, nə təkrar cinayətlərin qarşısı alınır, nə də məhkumlar islah olunurlar. Ona görə koordinasiya ilə birlikdə düşünmək və planlamaq lazımdır. Bunun bir konsepti, milli fəaliyyət proqramı olmalıdır ki, hakim hökmü verdikdən sonra nə baş verəcək, məhkumun islah olunması üçün hansı addımlar atılmalıdır. Həmçinin, baş verə biləcək təkrar cinayətlərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır. Üçüncüsü isə sosial ədalət təmin olunmalıdır ki, cinayətin qurbanı düşünsün: “Cinayətkar əməlinə görə ədalətli cəza aldı”. Yəni, bu düşüncə cinayətin qurbanlarının beynindən silinməlidir.
Və cəza ədaləti ilə də məhkuma çatdırılmalıdır ki, “Sən aldığını əməlinə görə alırsan, artıq burada heç nə yoxdur”. Yəni, o məhküm də buna əminliklə inanmalıdır: “Doğrudan da bunu etməsəydim, belə olmazdı”.
Müsahibin fikrincə, insan Allah tərəfindən sosial varlıq kimi yaradılıb və bunların yaşaması üçün sosial şərait təmin edilməlidir. Əgər bu sosial şərait yoxdursa, onda sosial səbəblər insanları haqq yoldan azdırıb cinayətkarlığa yuvarladır.
Ona görə də, hakimin qəbul etdiyi cəzanın tətbiqi sosial ədaləti təmin etmək məqsədinə xidmət etməlidir. Əgər bu yoxdursa, hökmün dövlət tərəfindən verilməsinin heç bir mənası yoxdur:
” Sosial varlıq, sosial şərait, sosial səbəblər və sosial ədalət – dörd sosial ünsür bir-birinə sıx bağlıdır”.
Fatimə Məmmədova
https://crossmedia.az/az/article/69176



