Quyuya daşı ağıllı atarsa…

İki gündür ki, dünya bir səfərin ətrafında baş sındırır. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff qəflətən Moskvaya səfər edir və cəmi 4 saatdan sonra geri qayıdır. Dünyanın düz vaxtı olsaydı, bəlkə də bu səfər indiki kimi maraq doğurmaz, müzakirələrə səbəb olmazdı. Necə ki, 2021-ci ildə ABŞ MKİ-nin o vaxtkı direktoru Berns Moskvaya gələndə, səfər bu qədər rezonans yaratmadı. Amma, 5-ci ildir davam edən Rusiya -Ukrayna müharibəsinin, bu ilin fevralın ilk günündən başlayan və fasilələrlə davam edən ABŞ-İran qarşıdurmasının hər an Üçüncü Dünya müharibəsinə keçmək təhlükəsini yaşayan bəşəriyyət üçün bu səfərə diqqətin həyəcanı və miqyası başadüşüləndir. Dünya səviyyəli şərhçilərdən, nəşrlərdən, xəbər agentliklərindən tutmuş çayxana söhbətlərinədək bu səfər haqqında müxtəlif rəylər, proqnozlar verilir, amma təbii ki, bu şərhlərdə, yüz faiz əminliklə səfərin mahiyyətinin nə təşkil etdiyini heç kəs bilmir. Bu gəlişin mahiyyəti “xəbərdarlıq”, “çəkindiricilik” idi, yoxsa perspektiv “işbirliyi” variantları rəsmən nə təsdiq, nə də inkar edilir. Nəzərinizə çatdıraq ki, bu tip səfərlər haqqında adətən faktlar az səslənir və ya heç səslənmir, daha çox ehtimallar üstünlük təşkil edir. Yəqin yaxın vaxtlara, Litva prezidentinin dediyi kimi bir həftəyə məlum ola bilər, necə ki, Ukrayna müharibəsi başlayandan sonra Berns Moskva səfərinin məhz Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı barədə xəbərdar olduqlarını və Kremli çəkindirməklə bağlı olduğunu bildirmişdi. O vaxt ABŞ-nin xəbərdarlığını Moskva saymadı və SVO adı ilə müharibəni beşinci ildir ki, davam etdirir.
Mərkəzi Kəşfiyyat İdarəsi kimi xüsusi xidmət orqanı rəhbərinin gəlişini “diplomatik səfər” adlandırmaq mümkün deyil. İndiyədək diplomatik missiyanı həyata keçirən Uitkoff və kürəkən Kuşnerin uğursuz səfərləri heç bir effekt vermədi, əksinə Putin bu səriştəsiz, diplomatiya əlifbasını öyrənməyə çalışan  daşınmaz əmlak mütəxəssislərindən daha çox yararlandı. Trampın ünvanına difirambalar söyləyib şəxsən çatdırılmasını xahiş edən Putin ABŞ prezidentinin zəif bəndindən bu günədək yararlanmaqda davam edir.
Adətən bu statusda gözlənilməz səfərin mahiyyəti daha çox “xəbərdarlıqlarla” bağlı olur. Moskvaya Riqadan gələn MKİ direktoru Rusiyanın NATO ölkələrinə – indiki halda Baltikyanı postsovet respublikalarından birinə hücuma hazırlaşdığı barədə məlumatlı olduqlarını və Latviyanın paytaxtından da təsadüfən gəlmədiyini diqqətə çatdırmış olur. ABŞ və NATO-nun Avropa ölkələri arasında yaranmış soyuqluqdan istifadə edərək NATO-nun nə dərəcədə birliyini yoxlamaq məqsədilə belə bir hücuma hazırlıq görülməsi və yoxlama xarakterli dron uçuşları da bu faktı təsdiq edir. Putinin Baltikyanı ölkələri seçməsi təsadüfi deyil. NATO üzvü olan Latviya, Litva, Estoniyaya hücum, həm də digər postsovet respublikalarına mesaj xarakteri daşıyır. Yəni, qalan respublikalar hesab etməsin ki,  Rusiya onlara hücum edə bilməz. Əgər NATO ölkəsi belə asan hədəfdirsə, qalan respublikalar heç nəyə, hansısa başqa qüvvəyə güvənməsin. Eyni zamanda, Ukrayna cəbhəsində “dönüş” yaratmaq üçün Rusiya təbliğat maşınları taktiki nüvə silahından istifadə ediləcəyi barədə son vaxtlar tez-tez danışırlar. Bu addımın Rusiya əleyhinə işləyəcəyini Putin də bildiyindən digər nüvə təhlükəsinə – Zaporojye atom elektrik stansiyasına zərbə endirib həm Ukraynaya, həm də yaxın Şərqi Avropa ölkələrinə ciddi zərər vurmağa hazırlaşdıqları barədə də MKİ-nin informasiyaya malik olduğu səfər haqqında irəli sürülən versiyalardan biridir. Bəs, “işbirliyi” təklifi də ola bilərmi?
Hazırda Putin də, Tramp da başlatdıqları müharibə ilə bataqlığa düşdüklərinin fərqindədirlər və demək olar ki, situativ olaraq eyni taleli dövlət başçılarıdır. İran müharibəsinin Trampın siyasi həyatı üçün, Ukrayna müharibəsinin isə Putin üçün olduğu qədər oxşarlığı olmaya bilər. Lakin Kremldəki dostu kimi, o da başlatdığı müharibəsi üzündən çıxılmaz vəziyyətə düşüb. Qarşıda isə seçkilər var. ABŞ prezidenti Donald Tramp aralıq seçkiləri öncəsi İran “bataqlığından” çıxmaq üçün yollar axtarır. Mümkündür ki, İranı yola gətirmək üçün Putinin köməyinə ehtiyacı var. Təbii ki, Rusiya üçün belə bir xidmətin əvəzində nə əldə edəcəyi, konkret hansı marağının təmin ediləcəyi vacib amildir. Belə “işbirliyi” adətən qurbansız olmur. O zaman kim qurban verilə bilər? Hakimiyyətinin ilk günündən Ukraynaya, dövlət başçısı Zelenskiyə olan antipatiyası, Putinə isə heyranlığı ilə tanınan Tramp, Ukraynanı güdaza verərək bu istiqamətdə “işbirliyi” təklifini irəli sürə bilərmi?. Retklifin səfərindən həmən sonra Rusiya indiyədək Ukraynaya qarşı atmadığı “İsgəndər-1000” raketindən istifadə edərək daha dağıdıcı silaha əl atdı. ABŞ prezidenti “Patriot” sistemlərini Ukraynaya verməyəcəyini və bu müddətdə Rusiyanın daha miqyaslı şəkildə Ukraynaya zərbələr endirə biləcəyi ilə Moskvanı arxayın sala bilərmi? Bir şərtlə ki, İran da Hörmüz boğazındakı iddiasından əl çəkib, sərbəst keçidi təmin etsin, əvəzində dondurulmuş vəsait İrana qaytarılır, sanksiyalar yumşaldılır, Tramp da özünü qalib elan edib seçkilərə “əlidolu” gedir. Yenə də qeyd etmək yerinə düşər ki, bu, az inandırıcı, amma istisna edilməyən versiyadır. Onu da nəzərə alaq ki, MKİ direktoru Retkliff Ukraynanı dost bilir və hər zaman Ukraynanın mövqeyini dəstəkləyib. Bu mənada Retklifin səfərinin belə bir missiya xarakterində olduğu inandırıcı gəlmir.
Rusiya üçün qeyd olunanların çəkindirici təsiri ola bilərmi? 2021-ci ildə MKİ direktoru Berns də Moskvaya gəlib Putinin Ukraynaya hücum edəcəyi barədə məlumatlı olduqlarını və belə bir addımın atılmaması barədə xəbərdarlığını bildirmişdi, amma bu xəbərdarlıq Rusiyanın Ukraynaya hücumuna mane ola bilmədi. Putin indi də müharibəni davam etdirməkdən əl çəkməyib.
Bu dəfə “quyuya daşı” ağıllı atıb. Hələ ki, quyuya baş vuranların çıxardıqları daşların məhz ağıllının atdığı daş olduğu.., hələ məlum deyil. Daşın “tüstüsü” tezliklə çıxar.
İlham İsmayıl
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button