Zəngəzurdakı demarkasiya erməniləri niyə təşvişə salıb? – Oqtay Qasımov bölgənin strateji əhəmiyyətindən yazdı
Üçtərəfli 10 noyabr razılaşması əsasında Azərbaycanın işğal altındakı Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad edilməsindən sonra Ermənistanla sərhədlərin demarkasiyası – ayırıcı xətlərin müəyyənləşdirilməsi mərhələsi başlanıb.
Razılığa əsasən, demarkasiya sovet dövründəki xəritə və BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində GPS sistemindən istifadə edilərək aparılır.
Prosesdə ilk addım Kəlbəcərdəki Söyüdlü qızıl yatağının dəqiq bölünməsiylə atılıb.
Hazırda Qarabağ savaşındakı ağır məğlubiyyətdən sarsılan erməni cəmiyyətində önəmli mövqeyə sahib faşist zehniyyətli revanşistlər sərhədlərin demarkasiyasını “ərazi güzəşti” sayaraq, Paşinyan hakimiyyətini ittiham edirlər.
Kəlbəcərdə istədiklərinə nail ola bilməyən ermənilərin Zəngəzurda sərhədlərin demarkasiyası zamanı problemlər yaratmağa çalışacaqalrı isə əvvəlcədən gözlənilən idi. Səbəb də odur ki, bölgədə sərhəd xətti həddən artıq mürəkkəbdir, hətta bəzi yerlərdə Ermənistan tərəfdən kommunikasiya xətlərinin bir qismi Azərbaycan ərazilərinin daxilindən keçir.
Görünən odur ki, Ermənistan müxalifəti Sünik vilayətində (Zəngəzurun Sisyan, Gorus, Qafan və Mehri rayonları) sərhədlərin demarkasiya məsələsindən Paşinyana qarşı ciddi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Müxalifətin Baş nazirliyə namizədi daşnak ünsürü Vazgen Manukyan və digər revanşistlər Üçtərəfli anlaşmada Zəngilan, Qubadlı rayonları barədə müddəanın olmadığını (anlaşmadakı müddəa Qarabağın dağlıq hissəsinə aiddir) əsas gətirərək, sərhədlərin demarkasiyanın dayandırılmasını, istifadə edilən xəritələrin, guya, dəqiq olmadığını iddia edərək, prosesi 10-15 il sonraya saxlamağı və 20 kilometrlik bufer zonası yaratmağı tələb edirlər.
Xatırladaq ki, Qubadlı və Zəngilan rayonları azad edilərkən, Qafan və Gorusla sərhəddəki bir çox kəndlərdə ermənilərin mövqeləri qalmaqda idi. Könüllülər adı ilə 10 noyabra qədər bu əraziləri işğalda saxlayan ermənilər bildirirdilər ki, onlar tutduqları mövqeləri tərk etməyəcəklər. Lakin hərbçilərimizin qətiyyətli mövqeyi nəticəsində onlar geri addım atmağa məcbur oldular.
Bölgədəki erməni əhali ilə izahat işi aparıb sakitləşdirmək üçün Müdafiə naziri və Baş Qərargah rəisini Sünikə göndərən Paşinyan 19 dekabrdakı müraciətində, doğru olaraq, bölgədəki demarkasiya prosesini “Ermənistanın beynəlxalq sərhədlərinə qayıtma və Sünikdə təhlükəsizliyin təmin edilməsi” kimi qiymərləndirib.
Zəngəzurda demarkasiya Qubadlı, Zəngilan və Qafan, Gorus rayonlarının sərhədində həyata keçirilməlidir. Erməni faşizminin əsas mərkəzlərindən birinə çevrilən, tarixi Azərbaycan torpağı olan Gorusda son dövrlərə qədər cəmi 4 kəndddə – Şurnuxu, Qurdqalaq, Ağbulaq və Şamsız kəndlərində azərbaycanlılar yaşayıb.
Əvvəllər Qubadlının olan sərhəd kəndi Şurnuxunun qonşuluğundakı Eyvazlı kəndi 1989-cu ilin dekabrında ermənilər tərəfindən dağıdılıb.
Qubadlı-Gorus istiqamətində sərhədin demarkasiyası zamanı əsas müzakirə mövzusu bu iki kənd olub. Bunun əsas səbəbi İrandan gələn yüklərin də daşındığı strateji Qafan-Gorus M2 yolunun 21 km-lik Davitbek (Zeyvə)-Vorotan hissəsinin Qubadlı ərazisindən – Eyvazlı kəndi və Şurnuxudan keçməsidir.
Digər tərəfdən, Şurnuxu ərazisinin bir hissəsi də Qubadlının hesab edilir. Ermənilərin “Sünik işğal olunur”, “Azərbaycan istədiyi vaxt yolu bağlayıb Ermənistanı boğacaq” kimi hay-küylərinə baxmayaraq, onlar öz sərhədlərinə çəkilməyə vadar edilib, əsgərlərimiz artıq sərhədimizdə yerləşib.
Dekabrın 20-də yolun ərazimizdən keçən hissəsində Azərbaycan əsgərlərinin bayrağımızla dayanması isə Ermənistanda panikaya səbəb olub. Gorusun meri baş verənlərdə Baş naziri ittiham edib və Sünikə səfəri zamanı onu rayona buraxmamağa çağırıb. Dekabrın 21-də isə Paşinyan vilayətə səfərini yarımçıq saxlayıb.
Yayılan məlumata görə, sərhədin qeyd edilən hissəsində Azərbaycan və erməni tərəflərinin arasında dayanan Rusiya sərhədçiləri yolun 21 km-lik hissəsində hərəkətin təhlükəsizliyini təmin edəcəklər.
Ermənilər üçün sərhədin bu hissəsindən daha qarışıq və ağrılı olan 1918-ci ilə qədər 130 yaşayış məntəqəsinin 104-də Azərbaycan türklərinin yaşadığı rayonun və hazırda Sünik vilayətinin mərkəzi Qafan şəhərinin durumudur.