Tramp Zelenskini küncə sıxır: Donbası ver, müharibəni bitir!

Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması istiqamətində Vaşinqtonun diplomatik səyləri yeni və həlledici mərhələyə daxil olub. ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uikoff və Cared Kuşnerin ötən həftə əvvəlcə Moskvada Vladimir Putinlə, daha sonra Kiyevdə Volodimir Zelenski ilə apardıqları danışıqlar Vaşinqtonun müharibəni dayandırmaq üçün yeni formul axtardığını göstərir. Səfərlərdən sonra ABŞ tərəfi danışıqlarda müəyyən irəliləyiş olduğunu nümayiş etdirsə də, Moskva ilə Kiyev arasında əsas fikir ayrılığı hələ də aradan qalxmayıb.

Hazırkı prosesdə əsas problem artıq yalnız atəşkəsin necə əldə olunması deyil, müharibənin sonunda cəbhə xəttinin haradan keçəcəyi məsələsidir. Cared Kuşnerin son açıqlamasına görə, Vladimir Putin Rusiyanın əldə etmək istədiyi ərazi xəttini Vaşinqtona təqdim edib. Əgər Ukrayna həmin xəttə geri çəkilməyə razılaşsaydı, sülh razılaşmasının digər əsas elementləri üzrə işin böyük ölçüdə tamamlandığını deyən Kuşner əsas maneənin məhz ərazi məsələsi olduğunu bildirib. Bu isə danışıqların ən mürəkkəb nöqtəsini ortaya çıxarır.

Moskva Donbasla bağlı tələblərindən geri çəkilmək niyyətində deyil, Kiyev isə öz nəzarətində olan ərazilərdən qoşunlarını çıxarmağa hazır olmadığını nümayiş etdirir. Digər tərəfdən, Tramp administrasiyası üçün zaman amili də xüsusi əhəmiyyət daşıyır. Vaşinqton müharibənin uzanmasını həm siyasi, həm də iqtisadi baxımdan arzuolunan hesab etmir və diplomatik prosesin yenidən canlandırılmasına çalışır. Son təmaslardan sonra Rusiya ilə Ukrayna arasında danışıqların bərpası üçün yeni mexanizmlərin müzakirə edildiyi bildirilsə də, hələlik tərəflərin əsas məsələlər üzrə kompromisə gəldiyini söyləmək mümkün deyil.

Əslində, hazırkı mənzərə Vaşinqtonun qarşısındakı əsas dilemmanı da göstərir: ABŞ sülh razılaşmasını mümkün qədər tez hazırlamaq istəyir, lakin həmin razılaşmanın ən ağır şərtləri Moskva və Kiyev tərəfindən qəbul edilməlidir. Ukraynanın Donbasdan geri çəkilməsi tələbi Kiyev üçün yalnız hərbi məsələ deyil, ölkənin ərazi bütövlüyü və siyasi gələcəyi ilə bağlı fundamental məsələdir. Rusiya üçün isə həmin ərazilər müharibənin əsas məqsədlərindən biri olaraq qalır.

Vaşinqton Donbas məsələsində Kiyevlə Moskva arasında kompromisi necə təmin edə bilər? Donbas düyünü açılmadan Rusiya-Ukrayna müharibəsinə son qoymaq mümkündürmü?

MEHEMMED.jpg (68 KB)

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Vaşinqtonla Moskva arasında hazırlanması müzakirə olunan sülh razılaşmasında Ukraynanın Donbasdan geri çəkilməsi məsələsi əsas tələblərdən biridir:

“Təbii ki, bu, Vaşinqtonun Ukraynaya kapitulyasiya xarakterli təklif irəli sürməsi və ölkənin ərazi bütövlüyündən müəyyən mənada imtina etməsidir. Donald Trampın yeddi bənddən ibarət həll planının gündəmə gəlməsi də bu kontekstdədir. Həmin planda da Ukraynanın ciddi güzəştlərə getməsini nəzərdə tutan müddəalar təsbit olunub. Lakin Ukrayna Donbasdan geri çəkilməyəcəyini bildirir. Eyni zamanda, Avropa ölkələri, xüsusilə Böyük Britaniya, Fransa və Almaniya da bu cür yanaşmaya razı olmayacaq. Hazırda Rusiya ilə Ukrayna arasında diplomatik danışıqlar faktiki olaraq dalana dirənib. Baxmayaraq ki, ABŞ tərəfindən sülh razılaşmasının mətninin hazırlanması istiqamətində müəyyən təşəbbüslər irəli sürülüb”.

Politoloqun sözlərinə görə, Ukraynanın bu təkliflərlə razılaşmaması Donald Trampın Ukraynaya və prezident Volodimir Zelenskiyə münasibətində müəyyən dəyişikliklərə səbəb olub:

“Donald Trampın Zelenskini Ukraynanın Rusiyanın yanacaq anbarlarına və digər enerji obyektlərinə zərbələr endirməsini dayandırmağa çağırması da bunun göstəricisidir. Görünür, Tramp administrasiyası Ukraynaya qarşı təzyiqləri artırmaqla Kiyevi müəyyən güzəştlərə sövq etməyə çalışır. Digər tərəfdən, Rusiya da Ukraynaya qarşı təzyiqləri artırır. Polşa-Ukrayna sərhədinə yaxın ərazilərə zərbələr endirir. Əgər Rusiya Avropa ölkələrinə qarşı hərbi təzyiqi genişləndirsə, bu, NATO-nun reaksiyasını yoxlamaq məqsədi daşıya bilər. Rusiya tərəfindən Polşaya qarşı hər hansı hərbi təcavüz ehtimalı son dərəcə ciddi eskalasiya riski yaradar. Belə bir ssenarinin Tramp administrasiyası tərəfindən razılaşdırılması mümkün ola bilər. Bununla belə, Rusiyanın Ukrayna məsələsində öz tələblərini qəbul etdirmək üçün Avropaya qarşı təzyiq vasitələrindən istifadə etməsi Qərb üçün ciddi təhlükə yarada bilər. Avropanın Rusiyanın tələblərinə uyğun mövqe tutması Moskvanın regional və qlobal mövqeyini gücləndirə, Rusiyanın yenidən fövqəldövlət statusuna qayıtmaq cəhdlərini stimullaşdıra bilər. Görünür, ABŞ və Rusiya arasında İran məsələsi ilə bağlı da müəyyən anlaşmaların əldə edilməsi ehtimalı var. Belə bir razılaşma çərçivəsində Rusiyanın İrana hərbi və siyasi dəstəyini məhdudlaşdırması, ABŞ-nin isə Ukrayna məsələsində müəyyən güzəştlərə getməsi ehtimalıdır. Bu baxımdan ABŞ-Rusiya münasibətlərində formalaşan yeni yanaşmanın həm Ukrayna müharibəsinin, həm də Yaxın Şərqdəki geosiyasi proseslərin gələcək istiqamətinə ciddi təsir göstərəcəyi görünür”.

Cavanşir Abbaslı
Musavat.com

 

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button