TARİXİN SAXLANILAN VƏ QƏSDƏN QARALDILAN SƏHİFƏSİ – Qarabağın Alban irsi hansı ssenari ilə ört-basdır edilib?

Qarabağ torpaqları əsrlər boyu müxtəlif geosiyasi maraqların kəsişdiyi, imperiyaların mübarizə meydanı olduğu qədər, həm də zəngin tarixi yaddaşın qorunduğu məkan olub. Lakin bu coğrafiyanın keçmişi ilə bağlı bu gün aparılan müzakirələrdə ən çox təhrif olunan, üzərinə süni qatqılar gətirilən mövzulardan biri məhz Qafqaz Albaniyasının tarixi və onun zəngin xristian irsidir. Təqdim edilən faktlar və tarixi tezislər bir həqiqəti açıq şəkildə ortaya qoyur: Qarabağdakı qədim xristian abidələri erməni kilsəsinə deyil, birbaşa müstəqil Qafqaz Albaniyasına və onun varisləri olan yerli türk-alban tayfalarına məxsusdur.

Tarixi mənbələr sübut edir ki, Kür və Araz çayları arasında inkişaf edən Qafqaz Albaniyası min ilə yaxın müstəqil siyasi mövcudluq qoruyub saxlayıb. Alban çarı Cavanşir dövrünün qüdrətli imperiyaları arasında elə məharətli və balanslı siyasət yürüdüb ki, o, məhz Ermənistanın deyil, məhz müstəqil Albaniyanın adından çıxış edərək beynəlxalq münasibətlərdə mühüm rol oynayıb.

 

 

 

VIII əsrin əvvəllərində Ərəb xilafətinin hücumları nəticəsində Albaniya mərkəzi dövlətçiliyini itirsə də, yerli kral sülalələri bu coğrafiyada – xüsusilə Qarabağda öz hakimiyyətlərini qoruyub saxlaya biliblər. IX–XIII əsrlərdə alban dövlətçiliyi və mədəniyyəti yeni renesans dövrünü yaşadı. Məşhur alban hökmdarı Həsən Cəlal Dövlənin tikdirdiyi Gəncəsər kilsəsi, Mxitar Qoşun “Alban salnaməsi”, eləcə də özünü Uti vilayətindən olan alban adlandıran Moisey Kalankatuqlunun irsi bu torpaqların əsl sahiblərinin kimliyini təsdiqləyən əyani sübutlardır. Maraqlıdır ki, Gəncəsər kitabəsində Həsən Cəlal Dövlənin “atabəy” titulu daşıması – ki bu titul məhz Azərbaycan və alban şahzadələrinə xas olub, ermənilərdə mövcud deyil – bu irsin türk-alban qatına bağlanmasının şah əsəridir.

Qafqaz Albaniyası Cənubi Qafqazda xristianlığı dövlət səviyyəsində erkən qəbul edən (313-cü il) ilk dövlətdir. Yerusəlimdə alban katolikosu təyin edilən Faddeyin şagirdi Yelisey tərəfindən Kiş kəndində əsası qoyulan kilsə bölgənin ən qədim məbədi statusunu daşıyır.

Əsrlər boyu patriarx titulunu daşıyan Alban katolikosları 15 əsr ərzində fasiləsiz olaraq avtokefal fəaliyyət göstəriblər. Çola, Bərdə, Gəncəsər, Ağoğlan və Xudavəng monastırları bu müstəqil patriarxlığın iqamətgahları olub.

Bəs necə oldu ki, müstəqil alban kilsəsi və xristian irsi erməniləşdirildi?

 

 

 

Jurnalist təhlili göstərir ki, burada əsas rol imperiya siyasətinə və inzibati təzyiqlərə əsaslanır.

XVIII əsrdə belə Qarabağda yaşayan xristianlar özlərini udi millətindən olan agvanlar, Qarabağ məlikləri isə alban hökmdarlarının varisləri kimi təqdim edirdilər (məsələn, I Pyotra və Potyomkinə göndərilən məktublar). Lakin XIX əsrin geosiyasi dəyişiklikləri bu yaddaşı məhv etmək üçün zəmin yaratdı:

1815-ci il: Rusiya çarı I Aleksandrın fərmanı ilə alban patriarx-katolikosu vəzifəsi ləğv edildi.

1836-cı il: İmperator I Nikolayın qərarı ilə Gəncəsər patriarxlığı ləğv olunaraq erməni Qriqorian kilsəsinin yurisdiksiyasına verildi.

Bu inzibati qərarla Qafqaz albanları rəsmi şəkildə ermənilərin tərkibinə qatıldı. Bunun ardınca isə izlərin silinməsi üçün sistemli addımlar atıldı. 1909–1910-cu illərdə alban kilsəsinin qədim arxivləri məhv edildi. Gəncəsər məbədinin fasadına, xarici divarlarına sonradan erməni epiqrafik yazıları olan daş lövhələr əlavə olundu. Xudavəng monastırında Həsən Cəlal nəslinə aid nadir freskalar, alban rəmzləri qəsdən silindi. Hətta 2023-cü ilin sentyabrında bölgəni tərk edən erməni keşişlərin müqəddəs Dadinin qalıqlarını oğurlayıb aparması da bu saxtakarlığın və qorxu refleksinin son nümayişi oldu.

Erməni təbliğatının iddialarının əksinə olaraq, qədim albanların erməni dili və əlifbası ilə heç bir əlaqəsi olmayıb. Qafqaz Albaniyasının 52 hərfdən ibarət özünəməxsus Qarqar dili əsaslı əlifbası mövcud idi ki, bu da 1938-ci ildə Mingəçevir qazıntıları zamanı aşkar edilib. Erməni tarixçi İosif Orbelinin Qarabağda çoxsaylı türkmənşəli sözlərin və toponimlərin olduğunu sübut edən tədqiqatlarının məhz ermənilər tərəfindən yandırılması tarixi həqiqətlərin gizlədilməsinə növbəti sübutdur.

Beləliklə, Qarabağın alban xristian irsi yalnız daş-divardan, kilsə və monastırlardan ibarət deyil. Albanların böyük əksəriyyəti zamanla yerli türk tayfaları ilə qaynayıb-qarışaraq müasir Azərbaycan xalqının etnogenezində mühüm rol oynayıb. Bu gün azərbaycanlılar yalnız coğrafi deyil, həm də tarixi-mədəni baxımdan Qafqaz Albaniyasının birbaşa varisləridirlər. Tarixi saxtalaşdırmaq, arxivləri yandırmaq və abidələrə saxta yazılar həkk etmək olar, lakin minilliklərin yaddaşını və faktların dili ilə danışan elmi həqiqətləri silmək qeyri-mümkündür.

E.Rüstəmli

“AzPolitika.info”

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button