Özəl məhkəmə ekspertlərinin Palatası yaradılacaq

Azərbaycanda özəl məhkəmə ekspertlərinin Palatasının yaradılması təklif olunur.

Polise.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

Azərbaycanda özəl məhkəmə ekspertlərinin fəaliyyətinin özünüidarəetmə prinsipi əsasında tənzimlənməsi məqsədilə yeni qurum – Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılması təklif olunur.

Bu, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişikliklərlə bağlı hazırlanan qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Palata özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılan qeyri-kommersiya hüquqi şəxs olacaq. Qurumun əsas məqsədləri ekspertlərin hüquq və qanuni mənafelərinin qorunması, onların fəaliyyətinin əlaqələndirilməsi və təlimlərin təşkilindən ibarət olacaq.

Palata həmçinin özəl məhkəmə ekspertlərinin etik davranış qaydalarına əməl etməsinə nəzarət edəcək, onların dövlət orqanlarında təmsil olunmasını təmin edəcək və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürəcək.

Layihəyə görə, özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olacaq. Ekspertin fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyü də başa çatacaq.

Palatanın maliyyələşmə mənbələri üzvlük haqları, intizam tənbehi kimi tətbiq edilən cərimələrdən daxilolmalar və ianələr olacaq.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button